"Azercell Telekom" MMC-nin dəstəyi ilə yaradılan və fəliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə bu ilin yanvar-aprel ayları ərzində 1173 zəng daxil olub.
Strateq.az-a verilən məlumata görə, "Qaynar xətt" xidmətinə edilən zənglərin sayı hər rüb artmaqdadır. Buna səbəb qaynar xəttə olan etimad, uşaqlar tərəfindən bir-birilərinə ötürülən müsbət təcrübə, habelə Bakı və digər şəhər və rayonlarda aparılan məlumatlandırma kampaniyalarının təşkilidir.
2010-ci ildə "Azercell"in dəstəyi ilə Bakıda yaradılan “Uşaq Qaynar Xətt”-in əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi bu illər ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 15.000 – ə yaxın müraciət daxil olub. Yönləndirilən zənglərin əksəriyyəti psixoloji və emosional problemlər, ailədaxili münaqişələr, münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil və hüquqi ehtiyaclar və s. ilə bağlı olub.
Məlumat üçün bildirək ki, 2014-cü ildən etibarən Azercell-in dəstəyi ilə “Gəncə regional Uşaq Qaynar Xətt” xidməti də təsis edilib. Gəncə regional Uşaq Qaynar Xətti təcrübəli sosial işçilər, psixoloq və hüquqşünasları özündə birləşdirərək Gəncə şəhəri və ətraf rayonlarda yaşayan uşaq və gənclərə və xidmət edir. Yarandığı gündən etibarən Gəncə Regional Uşaq Qaynar Xətt Xidmətinə 600-dən artıq zəng daxil edilib.
“Azərbaycan Uşaq Qaynar Xətti” 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri Təşkilatının qlobal şəbəkəsinin tam hüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidmətləri daxildir. Beynəlxalq Uşaq Qaynar Xətləri təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5% artır.
Ölkənin lider mobil rabitə operatoru "Azercell Telekom" öz öhdəliyinə sadiq qalaraq bundan sonra da sosial məsuliyyət sahəsində cəmiyyətə öz dəstəyini göstərməkdə davam edəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.