XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 12:27

Təhsil Nazirliyinin kiçikyaşlı məktəblilər üçün müsabiqəsi davam edir

shagird-komp-300.jpg

Təhsil Nazirliyinin “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” mövzusunda keçirdiyi müsabiqə davam edir. Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir.

Müsabiqəyə təqdim ediləcək əsərlər toplu şəklində hazırlanmalıdır. Toplulara daxil ediləcək əsərlərin sayı və ümumi həcmi aşağıdakı kimi olmalıdır:

Nəsr əsərləri toplusu – 15 əsər (1,5–2 çap vərəqi);

Nəzm əsərləri toplusu – 20 əsər (1–1,5 çap vərəqi);

Dram əsərləri toplusu – 5 əsər (2–2,5 çap vərəqi).

Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 nüsxə və diskə yazılmış elektron variantı (PDF formatda) ilə birlikdə 2015-ci il iyun ayının 1-dən başlayaraq 1 ay müddətində Təhsil Nazirliyinə göndərilməlidir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir.

Toplulardakı əsərlərə ekspert qrupları tərəfindən baxılacaq və nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılacaq. Müsabiqədə birinci yeri tutan toplu müəllifinə 5000 manat, ikinci yeri tutana 3000 manat, üçüncü yeri tutana 1500 manat mükafat veriləcək.

Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumi təhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndəriləcək və ictimaiyyətin rəyini öyrənmək məqsədilə Təhsil Nazirliyinin internet saytında yerləşdiriləcək. Rəy və mülahizələr [email protected] elektron poçtuna göndərilməlidir.

Müsabiqənin nəticələri 2015-ci ilin sonunadək yekunlaşdırılacaq. Qalib əsərlərin kitab (antologiya) şəklində çap olunması nəzərdə tutulur.

Strateq.az