XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

23 May 2016 - 19:23

Sürücülər üçün yeni tələb!- Xüsusi yoxlamalardan keçəcəklər

Gələcəkdə bütün sürücülər xüsusi yoxlamalardan keçdikdən sonra sərnişindaşıma sahəsində xidmət göstərə biləcəklər.

Bbunu Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, MDB məkanında ən böyük Sürücü Təlim Mərkəzi olan “Test&Training Azerbaijan”da simulyatorların tətbiqinə başlanılıb. Yeni texnologiyanın tətbiqinə ilkin şəkildə sürücülərin peşəkarlığının artırılması və onların təkmilləşdirilməsi məqsədilə “BakuBus” MMC-də fəaliyyət göstərən sürücülər cəlb edilib.

N.Allahyarova bildirib ki, Türkiyə istehsalı olan bu texnologiya vasitəsilə sürücü və ya sürücülüyə namizədlərin idarəetmə bacarıqları qiymətləndiriləcək, habelə onlar təcrübəli mütəxəssislərin nəzarəti altında peşəkarlıq səviyyəsini təkmilləşdirməklə idarəetmə bacarıqlarını inkişaf etdirəcəklər.

“Yeni texnologiya, həmçinin real həyatda yaradılması mümkün olmayan ekstremal vəziyyətlərdə avtobusun təhlükəsiz idarə edilməsi imkanlarını qiymətləndirir, sürücülərin yol hərəkəti qaydalarına uyğun idarəetmə və digər təhlükəsizlik qaydaları ilə bağlı bacarıqlarını hesablayır. Təlimin sonunda sürücülərə şərti idarəetmə zamanı simulyatorun qeydə aldığı xətalar göstərilir və onlara ümumi peşəkarlıq səviyyəsini qiymətləndirən cədvəl təqdim olunur”, – deyə N.Allahyarova vurğulayıb.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, sərnişindaşımada təhlükəsiz xidməti əsas iş meyarına çevirən və sürücülərin peşəkarlığını daim diqqət mərkəzində saxlayan Bakı Nəqliyyat Agentliyi tərəfindən gələcəkdə ictimai nəqliyyatda fəaliyyət göstərən bütün sürücülər yalnız “Test&Training Azerbaijan”da xüsusi yoxlamalardan keçdikdən sonra sərnişindaşıma sahəsində xidmət göstərə biləcəklər.