XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 March 2015 - 04:52

Yas-mollaların “monopoliyası”

Xalqımızın min illərə dayanan adətlərindən biri də yas adətləridi. Bu yazıda yas adətlərimizin tarixindən danışmayacam. Bu günki durumundan danışacam. Daha doğrusu çağdaş yas adətlərimizin idarə olunması prosesinə münasibətimi bildirəcəm.

İnsanın ölməsi dini hadisə deyil. ölümü öyrənən elm – Tanatalogiya da dünyəvi elmdir. ölüm- canlı orqanizmin yaşam fəaliyyətinin bitməsidir. Hər kəs – deist də, ateist də, dindar da, dinsiz də ölür. Quran deyir: “Bütün yaranmışlar ölümü dadacaq”. İncil, “ölmüş adam günahlardan azad olunmuşdur” – deyir. Tövrat isə bunu belə ifadə edir: “İnsan sonsuzluq evinə gedəcək”.

Hər xalqın öz milli mentalitetinə uyğun yas adətləri var. Eləcə də Azərbaycan xalqının. Doğması, əzizi ölən adama onu tanıyan hər kəs başsağlığı verməyi özünə borc bilir. Əslində, prinsipcə, bu yaxşıdır. Yas mərasiminə qatılmaq doğmasını itirənə “bu üzüntülü günündə səninlə bir yerdəyəm, üzüntünə şərikəm” – deməkdir. Əlbəttə, diqqət göstəricisi olan bu adətin yaşamasında ziyan yoxdur. Lakin yas məclislərinin məzmununun dəyişməsinə ciddi gərək var.

Bəzi bölgələrimizdə yeddi gün ardıcıl ehsan verilir, gələnlərdən tərpənmək olmur. Bu yeddi günü yas sahibləri az qala hər gün 12-14 saat yasa gələnləri qarşlamaq və yola salmaqla məşğul olur. Bu da onları gecəyə qədər şil-küt edir. üstəlik, bir də cümə axşamları və qırx mərasimi… Bu haqda çox yazılıb və çox deyilib. Söhbətimizin mövzusu da bu deyil zatən. Məni maraqlandıran məsələ budur ki, nədən yas məclislərini birmənalı şəkildə əvvəldən axıra mollalar idarə edir?

Əslində dində qırx gün yas tutmaq, ehsan vermək, yas sahibini xərcə və borca salmaq pislənir. Mollalar isə cəmiyyətdə dinin nümayəndəsi olaraq tanınır. Və rəsmən dinin təəssübkeşləri kimi çıxış edirlər. Yas məclislərinin keçirilməsi, mağar qurulması, yeddi gün ehsan verilməsi isə xalqın milli adətidir. Mollalar dinin təəssübkeşidirsə nədən bu adətlərin dinə zidd olduğunu bəyan edib yasların ehsan adına qonaqlıq vermə rüsvayçılığına qarşı mübarizə aparmırlar? Axı çox gözəl bilirlər ki, yas məclisini yola vermək üçün banklardan kredit götürənlər, əti, düyünü və digər ərzaqlarını borca götürüb adını “nisyə dəftəri”nə yazdıranlar və məhz buna görə aylarla, illərlə borclu qalanlar var.

Tam olaraq demək istədiyim bu da deyil. Gəlirəm əsas mətləbə. Niyə milli adətlərdən biri olan yas məclislərini yalnız mollalar idarə edir? Olmazmı ki, bu məclisləri həm də tarixçilər, filoloqlar, filosoflar, həkimlər, sosioloqlar, politoloqlar və digər ixtisas və peşə sahibləri də idarə etsin?!

Olmazmı ki, bir tarixçi gəlib başda əyləşsin və tariximizdən – Babəkin üsyanından, Səfəvi –Osmanlı savaşından və bu savaşın acı nəticələrindən danışsın, Türkmənçay sülh müqaviləsini anlatsın, 1930-cu illərin repressiyasından söz açsın?!

Olmazmı ki, bir politoloq demokratik dəyərlərin nə demək olduğunu izah etsin, yaxın Şərqdə baş verən hadisələri təhlil etsin, müstəqil dövlətin və dövlətçiliyin özəlliklərini anlatsın?

Olmazmı ki, bir həkim son dövr insanlar arasında geniş yayılmış xəstəlik və viruslar haqqında əhatəli çıxış etsin və bu xəstəliklərə qarşı hazırlıqlı olmağın yollarını açıqlasın?

Olmazmı ki, bir filosof dünyanın və insanın yaranması haqqında fəlsəfi təlimlərin mahiyyətini çatdırsın, insanları kainat və yaradılış haqqında daha dərin düşünməyə vadar etsin, onların analitik düşüncəsini inkişaf etdirsin?

Olmazmı ki, bir təcrübəli pedaqoq təhsilin əhəmiyyətindən, məktəblərimizdə getdikcə boşalan sinif otaqlarının hansı acı sonuclar verə biləcəyindən danışsın, elmin, təhsilin gərəkliliyindən söz açsın və ancaq elmlə dünyaya çıxmağın mümkünlüyünü izah etsin?

Olmazmı ki, yasa gələn adam tarixi, tibbi, iqtisadi, fəlsəfi və sair biliklərini bir qədər artıraraq, zənginləşərək, az da olsa maariflənərək geri dönsün? Olmazmı ki, bu insanlar həm də tariximiz, iqtisadiyyatımız, siyasi və mənəvi sorunlarımız mövzusunda onları rahatsız edən suallara mütəxəssislərin dilindən aydın cavab almış olsun?

Axı harda yazılıb ki yas məclislərini məhz mollalar idarə etməlidi? Onlar da 10-15 dəqiqədən bir fatihə surəsini oxuyub, bozbaş yeməklə işini bitmiş hesab etməlidi?!

Bu yurdda hər şey monopoliyadadı; Xəzər dənizinə, Xəzərin içindəki balığa, balığın içindəki kürüyə qədər…

Təkcə, bir dənə udduğumuz hava monopoliyada deyil.

Axı, nəyə əsasən ölkənin əkin sahələri, zavod və fabrikləri, tikinti sahələri, hətta media qurumları ayrı-ayrı məmurların monopoliyasında olduğu kimi yaslar da mollaların monopoliyasında olmalıdı? Niyə?

Axı, dünya təkcə fani deyil, həm də əbədidi.

Axı, dünya təkcə ölmək üçün deyil, həm də yaşamaq üçündü.

Axı, dünya təkcə axirətə hazırlaşmaq üçün deyil, həm də bu qurub-yaratmaq, bu dünyanı gözəlləşdirmək üçündü.

Məncə, yas məclislərimizin məzmunu dəyişməlidi.

Yas məclislərimizin məzmunu dəyişəndə həyata, dünyaya, təhsilimizə, tariximizə, bir sözlə özümüzə baxışımız dəyişəcək.

özümüzə baxışımız dəyişərsə tədricən bütün ölkə monopoliyadan azad olmağa başlayacaq…

Namiq Hacıheydərli

11 mart 2015-ci il