XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2016 - 21:22

Bu il İqtisad Universitetinin Dərbənd filialınatələbə qəbulu olacaq

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 2015/2016-cı tədris ilinin yekunları müzakirə edilib.

ADİU-dan bildirilib ki, tədbirdə universitetin rektoru, professor Ədalət Muradov il ərzində görülən işlərdən danışıb. Struktur dəyişikliklərindən söz açan rektor qeyd edib ki, tədris ilinin sonunadək bu proses yekunlaşacaq. Məqsəd yeni dərs ilindən ADİU-da müasir tələblərə cavab verən strukturla işə başlamaqdır. Ə.Muradov universitetin filiallarında görülən işlərdən danışıb, ötən ilin noyabrında Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin əmri ilə ADİU-nun Dərbənd filialının fəaliyyəti üçün lisenziya verildiyini bildirib. Qeyd olunub ki, bu il Dərbənd filialına qanuni əsaslarla tələbə qəbulu həyata keçiriləcək.

Rektor deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı ADİU-ya verilib. Yeni tədris ilində Zaqatala filialına 200 tələbənin qəbulu üçün yer ayrılıb. Filialda ümumi iqtisadiyyat, biznes, maliyyə və mühasibat ixtisasları üzrə qəbul həyata keçiriləcək.

Ə.Muradov “Elektron Universitet” modelinin ADİU-nun əsas tədris binasında pilot layihə kimi həyata keçirilməsini 2015/2016-cı tədris ili üçün ən əlamətdar hadisələrdən biri hesab etdiyini bildirib. O deyib: “Elektron Universitet” sistemi ADİU-nu fərqləndirən bir modeldir. Bu gün tədris binasının 57 auditoriyasında “Elektron Universitet” modeli müvəffəqiyyətlə tətbiq edilir. Yeni tədris ilindən sistem digər iki tədris binasında da tam tətbiq olunacaq. Üçüncü tədris binası isə sökülərək 24 ay ərzində müasir tələbələrə cavab verən bina ilə əvəzlənəcək”.

İlk dəfə ADİU-da tətbiq edilən differensial əməkhaqqı sistemindən danışan rektor iyulun 1-də sistemin bütün göstəricilərinin ictimaiyyətə açıqlanacağını bildirib.

Ə.Muradov ADİU tələbələrinin beynəlxalq dərəcəli əlavə diplom almaq imkanlarından da söz açıb. Bu tədris ilində altı tələbənin dünyanın nüfuzlu London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramı üzrə təhsil aldığı qeyd edilib. Eyni zamanda, tələbələrin yeni tədris ilində Fransanın nüfuzlu Montpellier Universiteti ilə ikili diplom proqramına qoşula biləcəklərini vurğulayıb.

Sonra 2015/2016-cı tədris ilinin yekunları barədə hesabat dinlənilib.