XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 12:36

Vətəndaşlar ictimai müzakirə və dinləməni necə təşkil edə bilər?

ictimai-muzakire

Müasir dövrdə ictimai nəzarət səmərli dövlət idarəetməsinin əsas komponentlərindən biri kimi nəzərdən keçirilir və vətəndaşların, vətəndaş cəmiyyətinin ictimai əhəmiyyətli məsələlərlə bağlı qərarların hazırlanması, qəbulu və icrasında iştirakını nəzərdə tutur. 

Səmərli ictimai nəzarət ictimai resursların effektiv istifadəsi, qərarların qəbulu zamanı ictimaiyyətin mövqeyinin nəzərə alınması, ictimaiyyət-dövət-özəl sektor maraqları arasında “qızıl orta”nın tapılmasına yardım edir.

Beləliklə ictimai nəzarət həm cəmiyyətdə harmoniyanın, sosial tarazlığın yaranmasına, həm də dövlət idarəetməsində vətəndaş iştirakçılığının genişləndirilməsinə yardım edir. İctimai nəzarət eyni zamanda dövlət idaetməsində nöqsanların zamanında aşakarlanması və mevik reaksiya verilməsinə təmin etməklə, dövlət-cəmiyyət münasibətlərində effektiv əks-əlaqə yaradır. Bütün bunlara nail olmaq üçün isə elə alətləri tətbiq olunmalıdır ki, ictimai nəzarəti səmərli şəkildə həyata keçirmək mümkün olsun. 

Son zamanlar Azərbaycanda da ictimai nəzarət tədbilərinin gücləndirilməsi, ictimai nəzarət mexanizmlərindən səmərli istifadə olunması məsələləri aktuallaşıb. 

Prezident İlham Əliyev 2015-ci ildə 28 may Respublika Günü ilə keçirilən rəsmi qəbulda ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulayıb: “İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür”.

“Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir” – deyə Prezident vurğulayıb.

İctimai dinləmə və ictimai müzakirə necə təşkil olunmalıdır?

Bəs, Azərbaycanda vətəndaşlar ictimai nəzarətin hansı alətlərindən istifadə edə bilərlər? Qanunvercilik bunun üçün hansı imkanlar verir.

2014-cü cü il iyunun 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq” haqqında qanunda effektiv ictimai nəzarət alətləri nəzərdə tutulub. Bu alətlərdən ən vacibi ictimai dinləmə və ictimai müzakirənin təşkil olunmasıdır. 

Qanunda nəzərdə tutulur ki, (12-ci maddə) dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar və ayrı-ayrı vətəndaşlar ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü ola bilərlər.

İctimai dinləmənin və ictimai müzakirənin təşkili və keçirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 

– ictimai dinləmənin və ictimai müzakirənin məqsədinin və mövzusunun dəqiq müəyyən edilməsi;

– dinləmənin və müzakirənin mövzusu barədə maraqlı tərəflərin məlumatlandırılması;
dinləmələrə və müzakirələrə ekspertlərin və mütəxəssislərin cəlb edilməsi; 

– problemin müstəqil və geniş təhlilinin aparılması; 

– tələb olunduğu hallarda alternativ layihələrin və təkliflərin müzakirəyə çıxarılması; 

– dinləmənin və müzakirənin mövzusuna aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakının təmin edilməsi;

– dinləmənin və müzakirənin nəticələri haqqında maraqlı tərəflərin məlumatlandırılması.

İctimai dinləmə və ictimai müzakirə açıq keçirilir. İstənilən şəxs dinləmələrdə iştirak edə və müzakirə olunan məsələ barəsində öz mülahizəsini bildirə bilər.

İctimai dinləmənin və ictimai müzakirənin təşkilatçısı:

– dinləmənin və müzakirənin mövzusunu dəqiqləşdirir və təsdiq edir; 

– əsas məruzələrin mövzusunu və məruzəçiləri müəyyən edir; 

– dinləmənin və müzakirənin keçirilməsi proqramının layihəsini hazırlayır; 

– dinləmənin və müzakirənin keçirilməsi yerini, vaxtını və müddətini müəyyən edir; 

– iştirakçıların seçilməsi prinsiplərini və dəvət edilməsi formalarını müəyyənləşdirir, onları dəvət edir;

– kütləvi informasiya vasitələri və ictimaiyyət üçün elan xarakterli məlumatlar hazırlayır və həmin məlumatları hamının tanış ola biləcəyi yerlərdə yerləşdirir; 

– dinləmənin və müzakirənin yekun sənədinin (sənədlərinin) ilkin layihəsini hazırlayır.

İctimai dinləmənin və ictimai müzakirənin keçirilməsi barədə elan təşəbbüskarın internet səhifəsində və ya kütləvi informasiya vasitələrində tədbirdən ən azı yeddi iş günü əvvəl dəqiq vaxt və yer göstərilməklə yerləşdirilir.

İctimai dinləmənin və ictimai müzakirənin yekun sənədi

Vətəndaş cəmiyyəti institutları tərəfindən keçirildiyi təqdirdə ictimai dinləmənin yekun sənədi dinləmə zamanı açıqlanmış əsas fikir, rəy və təkliflərin icmalı formasında hazırlanır, ictimai dinləməyə sədrlik edən tərəfindən imzalanır və dinləmə başa çatdıqdan sonra ən geci üç iş günü müddətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına və kütləvi informasiya vasitələrinə təqdim olunur.

Vətəndaş cəmiyyəti institutları tərəfindən keçirildiyi təqdirdə ictimai müzakirənin yekun sənədi rəy və təkliflər formasında qəbul edilir, iclasın sədri tərəfindən imzalanır və müzakirə başa çatdıqdan sonra ən geci üç iş günü müddətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına və kütləvi informasiya vasitələrinə təqdim olunur.
İctimai dinləmənin və ictimai müzakirənin yekun sənədlərinə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı tərəfindən “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmalıdır. 

İctimai şuranın rəy və təkliflərinin nəzərə alınmaması müvafiq orqan və ya vəzifəli şəxs tərəfindən əsaslandırılmalıdır.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək” İB tərəfindən həyata keçirilən “İctimai nəzarət institutlarının təşviqi”layihəsi çərçivəsində dərc olunur.

Zaur İbrahimli