XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 11:38

Dövlət komitəsinin işçiləri aylardır maaş üzünə həsrətdir…

Dövlət komitəsinin işçiləri  aylardır maaş üzünə həsrətdir...

Əmlak Məsələləri Dövlət Komitəsinin tərkibinə daxil edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçiləri uzun müddətdir ki, maaş üzünə həsrət qalıb. Bu barədə komitənin 25 ilə yaxın işçisi olan Əyyub Həziyev tərəfindən “Yeni Müsavat”a şikayət daxil olub. Ə.Həziyevin sözlərinə görə, bu ilin mart ayından başlayaraq işçilər komitədən maaş ala bilmir:

“Torpaq və Xəritəçəkmə Komitəsində 25 ilə yaxın işləmişəm. Bu ilin fevral ayının 5-də ölkə prezidentinin fərmanı ilə Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. Bundan sonra biz demək olar ki, işdən azad olunduq. Bizə bildirdilər ki, zəng edərək bir-bir işçiləri yenidən çağıracaqlar. Doğrudur, bizi çağırdılar, lakin guya savadımızı yoxlamaq məqsədilə işçilərə qəsdən dolandırıcı suallar verib işdən yayındırmağa başladılar. Hətta bir işçimizə “Karl Marksın atası kimdir?” deyə sual verilib.
Bu günəcən idarəyə gedib-gəlirik, lakin nə iş, nə də maaş barəsində bizə məlumat verilmir. Bildirilir ki, yuxarıdan tapşrıq gəlincə bütün məsələlər öz həllini tapacaq. Hər birimizin ailəsi var və bizim maddi imkanımız sıfır vəziyyətindədir”.
Əyyub Həziyev işçiləri incidən rəhbərlik haqqında da danışıb:
“Hazırda biz torpaqların kadastrı, monitorinqi, reyestri və torpaq bazarının təşkili şöbəsindəyik. Bu şöbəyə yeni rəhbər, Ramiz (familiyasi məlum deyil) adlı şəxs başçılıq edir. Bu şəxs və onun ətrafındakı dəstə hər vəcdlə çalışır ki, köhnə işçiləri sıradan çıxararaq, xüsusi tapşırıq və rüşvət vasitəsilə gələn işçiləri komitəyə daxil etsin. İşçilər arasında yayılan məlumata görə əslində dövlər tərəfindən bizə maaş ayrılır, lakin Ramiz və onun ətrafı o büdcəyə yiyələnərək məsələni ört-basdır etməyə çalışır.
Dəfələrlə Ramiz bəyin qəbuluna düşmək istəmişəm. Lakin mənə bildirilib ki, o heç bir işçi ilə əlaqə saxlamaq istəmir”.
Qeyd edək ki, 2015-ci ilin 5 fevralında ölkə prezidentinin fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayış Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilib. Torpaqların kadastrı, monitorinqi, reyestri və torpaq bazarının təşkili şöbəsinin işçiləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əsasnaməsinə uyğun olaraq Komitə rəhbərliyinin göstəriş və tapşırıqlarını həyata keçirirlər.
Məsələ ilə əlaqədar olaraq adı çəkilən komitənin şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.
Xalidə Gəray