XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2015 - 12:35

Toyuq dönəri qadağan edilib, yeməyin! – Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Fast-food qidalarının ən çox tələb olunan növü – dönərlə bağlı antisanitar vəziyyət məlum olsa da, insanlar bu qidadan vaz keçə bilmir.

Azərbaycanda satışının qadağan olunmasına baxmayaraq, toyuq dönərinə daha çox tələbat var. Müxtəlif dönərxanalarda toyuq dönərinin ət dönərindən 40-50 qəpik ucuz satıldığını nəzərə alsaq, tələbatın səbəbini aydınlaşdırmaq heç də çətin deyil. Yay fəslində isə bu qida daha təhlükəlidir. Maraqlısı və anlaşılmayanı da odur ki, insanlar satışının qadağan və sağlamlıq üçün təhlükəli olmasına baxmayaraq, hələ də toyuq dönəri ilə qidalanmaqda davam edirlər.

Bu halda düşünürsən: “Bəlkə toyuq dönərinin satışına qoyulan qadağa aradan qaldırılıb?”

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev Modern.az saytına qadağanın qüvvədə qaldığını deyib:

“Toyuq dönərinin satışının qadağan olunmasına baxmayaraq, hazırda satışı davam edir. Bir müddət əvvəl hətta Türkiyədən toyuq idxalına da qadağa qoyulmuşdu. Hazırda bütün şəhər və rayon Gigiyena və Epidemiologiya mərkəzlərinə göstəriş vermişik ki, toyuq dönərlərinin satışının qadağan olunmasını təmin etsinlər və qanunvericiliklə nəzərdə tutulan tədbirlər həyata keçirsinlər”.

İmran Abdullayev toyuq dönərinin qanunsuz satışı ilə məşğul olanlarla bağlı bunları deyib:

“Ticarət, iaşə müəssisələri sanitar qaydaların pozuntularına görə hansı sahədə çalışmasından asılı olmayaraq, fiziki şəxslər üçün 50 manatdan 100 manata qədər, vəzifəli şəxslər uçün 100 manatdan 200 manata qədər, hüquqi şəxslər üçün isə 200 manatdan 400 manata qədər cərimə nəzərdə tutulub”.

Dönər üçün istifadə olunan ətin haradan gətirilməsinə gəlincə, mərkəzin müdiri bildirib ki, ölkəmizdə toyuq istehsalı ilə məşğul olan kifayət qədər fermalar mövcuddur:

“Hər halda, toyuq ətindən digər qidaların hazırlanmasına heç bir qadağa yoxdur. Dönər problemli qida olduğuna görə məhz toyuq dönərinə qadağa qoyulub. Ət dönərində istifadə edilən ət məsələsinə gəldikdə, bu həm yerli, həm də xarici istehsal hesabına başa gəlir. ölkə ərazisinə xaricdən gətirilən ət gömrük orqanlarında nəzarətdən keçir. Yoxlamalardan sonra Karantin Müfəttişliyi tərəfindən həmin məhsulların daxil olmasına icazə verilir. Nəzərə almaq lazımdır ki, ət ölkəyə gətirilərkən onun nə üçün istifadə olunacağı müəyyən olunmur. Haradan gətirilməsindən asılı olmayaraq standartlara, gigiyena normalarına uyğun olmalıdır”.

Qurum rəsmisi qeyd edib ki, bu ilin son iki ayı ərzində bağlanan 20-ə yaxın iaşə obyekti arasında dönərxanalar da var: “Dəfələrlə bildirmişik ki, toyuq dönərinin satışı qanun pozuntusudur. Həm də təhlükəli olduğunu bilərək, vətəndaşlar hansısa qurumun həmin dönərxananı bağlamasını gözləmədən özləri toyuq dönərindən imtina etməlidirlər. Vətəndaşlarımıza bir daha tövsiyə edirik ki, xüsusilə yay fəslində dönərdən imtina etsinlər. Nəzərə alsınlar ki, toyuqdan hazırlanan dönər gün ərzində 7-8 saat şişdə qalaraq çox sayda mikroorqanizmlərlə çirklənir”.