XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 17:55

83 saylı məktəb-liseydə “Son zəng” –Video

nurane-21

Xəbər verdiyimiz kimi, bu gün – iyunun 14-də Azərbaycanda 2015/2016-cı dərs ilinin başa çatmasıyla əlaqədar, ümumtəhsil müəssisələrində «Son zəng» mərasimləri keçirilib.

Təhsil Nazirliyinin məlumatına görə, bu il ümumtəhsil müəssisələrinin IX siniflərini 110 min 222, XI siniflərini isə 88 min 591 şagird bitirir.

Bu gün Bakı şəhərindəki ümumtəhsil məktəblərində keçirilən "Son zəng" tədbirləri maraqlı anlarla, şagirdlərin bir-birindən məzmunlu çıxışlarıyla yadda qalıb. Belə tədbirlərdən biri isə Binəqədi rayonundakı Həbibulla Hüseynov adına 83 saylı məktəb-liseydə keçirilib.

Tədbirdə məktəb direktoru Nəbi Mahmudov, Binəqədi rayon gənclər və turizm idarəsinin rəis müavini Sevinc Suleymanova, valideynlərdən Almaz İsmayilova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyeva, rus bölməsi üzrə direktor müavini Sevinc Rzayeva çıxış edib, məzunlara öz tövsiyə və arzularını çatdırıblar.

Tədbirin daha yaddaqalan çıxışlarından birini isə məzunlar adından XI "c" sinif məzunu Əhmədova Nuranə edib. Aşağıda Nuranə Əhmədovanın həmin çıxışının mətnini təqdim edirik: 

"Əziz müəllimlər, hörmətli valideynlər, sevimli məzunlar!

Bu gün sizin qarşınızda məktəbimizin 2016-cı il məzunları adından danışmaq, onların arzu, istək və ümüdlərlə dolu sözlərini sizə çatdırmaq şərəfi mənə nəsib olduğu üçün çox həyəcanlıyam. Onlarla şagirdin on bir illik həyatını ümumiləşdirmək, bu illər ərzində hər birimizin qəlbində riqqət və sevgidən aşıb daşan hissləri bir neçə dəqiqəyə sözlərlə ifadə etmək çox çətindir.

Elə bil, dünən baş vermiş birinci sinifin ilk zəngindən bu günə gələn on bir  illik dövr bir yuxu kimi, bir an kimi gəlib getdi. Bu illərdə müəllimlərimizin sevgi və qayğısını da gördük, məzəmmət və cəzasını da. Bizim uşaq nəzərimizdə ədalətsiz hesab etdiyimiz anlar da olub, əsil müəllim humanizminin təntənəsi də. 

On bir ildə dostlar, sirdaşlar, çoxsaylı  bacı- qardaşlar qazanmışıq. Küsmüşük, barışmışıq, sevinmişik, kədərlənmişik. Ancaq bu gün son zəngin sədalarından sonra hər şey bir rəngdə, bir havada, bir sözdə birləşəcək: “Biz Binəqədi rayonu 83 saylı litseyin məzunlayırıq”.

Bu adın, bu statusun şərəfini və məsuliyyətini daşımaq, bu ada, bu məktəbə, bu müəllimlərə layiq olmaq üçün bizi qarşıda ağır illər, uzun ömür gözləyir. Çox istərdim ki, bizim hər birimizin həyatı, məktəblə əlaqəsi bal arılarının ağır zəhmətindən sonra öz yuvalarına qayıtması qədər sevincli olsun.

Bu gün, bizim üçün əziz olan bu gündə üzümüzü müəllimlərimizə tutub deyirəm:  Əziz müəllimlər, sizi çox incitmişik, sizin zəhmətinizə lazım olduğu qədər dəyər verə bilməmişik, olub ki, sizin əzab və həyəcanınıza eqoistcəsinə sevinmişik. Bizi bağışlaya bilirsinizsə, bağışlayın!

On bir illik həyatı birgə bölüşdüyümüz şagird dostlarımıza, bacı-qardaşlarımıza deyirik: bir mənbədən, bir bulaqdan götürdüyümüz  biliyi, dəyərləri, mənəviyyatı  müstəqil dövlətimizin, boyük xalqımızın inkişafı və rifahı naminə istifadə edək, şəxsi həyatımızı ictimai maraqlarla uzlaşdıraq!

 Bir-birimizi unutmayaq, bir-birimizə arxa, komək olaq!

Buradan üzümüzü xaıqımıza və dövlətimizin rəhbərliyinə tutub deyirik: çalışacağıq ki, xalqımızın şərəfli adına layiq olaq, dövlətimizin qayğısına layiqincə cavab verək, bayrağımızı uca tutaq, harada olmağımızdan asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyaq!

Hamıya uğurlar, sevinclər, xöşbəxtlik arzulayıram!"