XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2016 - 16:56

Rüşvət virusu:Bu günümüzün və gələcəyimizin qənimi

 

Korrupsiya – vəzifəli şəxsin öz vəzifə və səlahiyyətlərindən şəxsi və ya hər hansı cinayətkar qurupun mənafeyi üçün istifadə etməsidir. Onun ən geniş yayılmış əlamətlərindən biri rüşvətxorluqdur. Dövləti içindən məhv edən, cəmiyyətdə ədalətsizlik, diskriminasiya  və  inamsızlıq  yaradan  dövlət və dövlətçilik əleyhinə yönələn ən ağır cinayətdir.

Rüşvət istənilən fərdi mənəvi və əxlaqi cəhətdən aşındırır, xüsusi maraqları qabardaraq, cəmiyyəti sarsıdır və mənəvi duyğularını yox edir. Xeyirxahlıq və insanlara fayda vermək kimi niyyətlər azalır, yaxud görüntü xarakteri daşımağa başlayır.

Məmurların həddini aşması vergilərin və dövlət xərclərinin artırılmasına, bu da iqtisadiyyatın çökməsinə, dövlət daxilində qütbləşmiş və parçalanmış siyasi qüvvələrin meydana gəlməsinə, çoxhakimiyyətliliyə, xəyanətlərin kütləviləşməsinə səbəb olur. Cəmiyyətdə qulluq mövqeyindən, sosial vəziyyətindən asılı olmayaraq, ifrat maddi ehtiras, qeyri-təbii bərabərliyin təbliği cinslər arasında hikkənin aşırı vəziyyətə çatmasına, ailədaxili çəkişmələrin kəskinləşməsinə və münasibətlərin davamsızlığına, natamam ailələrin artmasına, ardınca sahibsiz uşaqların və qocaların çoxalmasına, ölüm həddinin cavanlaşmasına gətirib çıxarır.

Acgöz və cılız insanların önə çəkilməsi adil və dürüst insanların uzaqlaşmasına, yaltaqların, simasızların söz sahibi olmasına, nəticədə anarxistlərin artmasına, qanunsuzluq və özbaşnalığa səbəb olur. Cılız insanların təsiri altında yaşayan cəmiyyətdə törəyən yeni nəsil sələfini bəyənmir, dəbdəbəli həyat tərzindən zövq ala bilmir, onlarla razılaşmır, bölüşmür, onları sevmir. Bu isə yaşlı nəslin qəzəbinə səbəb olur. Qəzəb nəticəsizdir və yeni aşınma dalğasının yaranmasına gətirib çıxarır.

 Misli görünməmiş performanslar, qeyri-estetik dəblər, davranış qaydaları, qanunsuz nigah və lənətlik bir həyat. Məncə, bütün bunları heç kəs arzulamır, amma təəssüflər olsun ki, cəmiyyətimiz artıq bütün bunları yaşayır. Bəli, biz bu qorxunc mərhələlərin, demək olar ki, hamısını keçmişik. Yalnız yaşa dolmaqda olan nəslin peşmanlıqdan başına döymək mərhələsi qalır. O da çox yaxındadır.

Fikrimcə, siyasi və iqtisadi problemlərdən əvvəl mənəvi sarsıntılarımızın aradan qaldırılması vacibdir. Çünki mənəvi xəstəlik sağalmayınca, heç bir problem öz həllini tapa bilməz. Nə qayda-qanun yaradıla, nə torpaqlar işğaldan azad ola, nə də iqtisadi yüksəliş və sosial rifah çiçəklənə bilər. Mənəvi sağlamlıq, cəmiyyətin möhkəm özülüdür və bu olmadıqda, heç nə ayaqda durmaq iqtidarında deyil.

Rüşvət mərəzinin bu dağıdıcı təsirlərindən xüsusilə zərif məxluqları-qadınları qorumalıyıq. Çünki onlar anadırlar və ana olduqları üçün də gələcək nəsillərimizin tərbiyəsi əsasən onların çiyinlərinə düşür. Gələcəyimizin taleyi də korlanmasın deyə, rüşvət alan qadının ailə qurmağa, övlad dünyaya gətirməyə və ona tərbiyə verməyə haqqı yoxdur. “Ana” adı vətənə verilmiş ən müqəddəs tituldur. Ananın rüşvət alması, korrupsiyada iştirakçı olması vətənə xəyanət deməkdir. Odur ki, öz analarımızın xatirinə qadınları bu mərəzə düçar etməmək üçün tədbirlər görməyə borcluyuq. Bu işi normativ aktlarla və yaxud metodik sənədlərlə tənzimləmək mümkündür.

Hesab etməyin ki, mən bu fikirləri deyərkən, gender bərabərliyinə qarşı çıxıram. Əsla yox, əksinə xalq üçün ən böyük təhlükənin ana adı ilə bağlı olduğunu düşünürəm. Ona görə də rüşvət almaq imkanı olan vəzifələrə qadınların cəlb edilməsini dayandırmalı, əmək fəaliyyəti ilə məşğul olanların iş yerlərini dəyişdirməli, onlara həqiqi ehtiramı bərpa etməliyik. Bəlkə bu yolla gələcək nəsillərdən yaxşı nəsə gözləmək mümkün olar!

 

Elçin Qurbanov