XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 17:19

“7 oğul sevdası”nın acı nəticələri:Qızlardan can qurtarmağa tələsməyin!

ucuz_baby_170215

“Bir müəllim olaraq deyirəm, təhlükə qapıdadı. Oğlanlarımız cəmi 10-15 ildən sonra evlənməyə qız tapmayacaqlar. Hər il məktəblərdə nə qədər qızın azaldığının fərqindəyəm. Siz bunun hansı təhlükələr doğuracağını təsəvvür edirsinizmi? Qız övladının ana bətnindəcə məhv edilməsi ilə biz əslində, cinsi azlıqlara özümüz öz əlimizlə necə böyük meydan verib, münbit şərait yaradırıq.  Bir tərəfdən Amerikanın, Qərbin təbliğatı, digər tərəfdən əksəriyyət kişinin qız övladlarına olan nifrəti  daha böyük və rəzil nəticə verə bilər”.

Bir məktəb müəlliməsinin həyacanla paylaşdığı bu fikirləri az qala, hər gün xatırlayıram. Hər gün ciddi demoqrafik problemə bir addım  da yaxınlaşdığımızı düşündükcə  içimdən bir hiss keçir- cəmiyyətə hayqırmaq, gücüm çatdıqca prosesi dayandırmaq. Təəssüf ki, tək əldən səs çıxmaz.Ancaq  deyəsən hökumət və ictimai sektorda  artıq  selektiv abortların həm fiziki, həm mənəvi, həm də insan resusrslarına mənfi təsirləri baxımından müzakirəsi və önlənməsi istiqamətində canlanma hiss olunur.  

Nədir selektiv abort? 

Hazırda ölkəmizdə aborta münasibət ən liberal ölkələrdəki kimidi.İstənilən qadın hamiləliyinin 12-ci həftəsinə qədər bu üsulla dölün xaric edilməsinə qərar verə bilər. Digər iqtisadi-sosial göstərişlər olduqda,  məsələn, hamiləlik zamanı boşanma, zorlanma. nikahdankənar hamiləlik, atanın vəfat etməsi, qadının analıq hüququqndan məhrum edilməsi, çoxuşaqlılıq  üzə çıxarsa 22-ci həftəyə qədər hamiləlik abortla naticələrə bilər. Bütün bu liberal qaydalar doğulacaq uşağın cinsə görə seçilməsinə -selektiv abortlara münbit şərait yaradır. Cünki müasir texnologiyalar  anabətnində dölün cinsiyyətini 10-12 həftəlikdə üzə çıxarmağa imkan verir. Bütün gəlinlərə toy günü “tövsiyə” edilən “7 oğul istərəm, bircə dənə qız, gəlin” deyiminə sadiq qalan gəlinlər də bu fürsətdən yaxşıca yararlanırlar. Cisiyyəti bəlli olan  qız uşaqlarının əksər hallarda ana bətnindəcə məhv edilməsi adi hal alıb. 

Bir müddət öncə selektiv abortların qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən dəyişikliklər müzakirəyə çıxarılsa da müsbət cavab hasil olmadı. Və getdikcə cəmiyyətdə bu problem daha da dərinləşir. 
Yaranmış münbit vəziyyətdən istifadə edən vətəndaşlar isə yeri gəldi- gəlmədi tibb müəssisələrinə müraciət edərək dölü ana bətnindəcə məhv edirlər. Xüsusilə, doğulacaq uşağın qız olduğu bəlli olanda vəziyyət daha da “asanlaşır”. Nədənsə, Azərbaycan ailələrinin əksəriyyəti qız uşaqlarını dünyaya gətirməkdən birmənalı olaraq imtina edirlər.

Rəqəmlərdə gizlənən acı gerçəklər

Beynəlxalq normalara əsasən, il ərzində doğulan hər 100 qız uşağına  106 oğlan düşməlidir. Uzun illər bu norma Azərbaycanda pozulmayıb. Lakin 1990-cı illərdən başlayaraq  yenidoğulan uşaqların sayındakı nisbət kəskin şəkildə fərqlənməyə başlayıb. Dövlət Statistika Komitəsinin 1998-ci ildə dərs etdiyi məlumatlara əsasən, bu balans 100-118 nisbətində olub. Bu, ölkədə baş verən siyasi-iqtisadi və sosial amillərlə bağlı olub.
2011-ci ildən başlayaraq Azərbaycanda aparılan demoqrafik siyasət bu balansı qismən tənzimləməyə imkan verib. Hazırda ölkədə doğulan hər 100 nəfər qız uşağına 116 nəfər oğlan uşagı düşür. Ancaq bu da ürəkaçan nəticə deyil.Həmin göstəriciyə görə Azrbaycan dünyada Cindən (100-118) sonra 2-ci yeri tutur.Bütün bunlar gələcəkdə əhalinin say tərkibində ciddi disbalansın və demoqrafik böhranın yaranacağından xəbər verir. Ona görə də mütəxəssislər artıq indidən “SOS” siqnalı çalaraq, cəmiyyətin və hökumətin bütün  təbəqələrinin bu məsələyə daha həssas yanaşmasını vacib sayırlar. 

Qızları öldürməklə maskulinizasiyaya “yaşıl işıq” yandırılır

BMTnin proqnozlarına görə, əgər vəziyyət belə davam edərsə, prosesə heç bir müdaxilə olunmazsa, 2050-ci ilə qədər Azərbaycanda demoqrafik maskulinizasiya baş verəcək. Yəni, əhalininsay tərkibində kişilərin mütləq üstünlüyü yaranacaq, eyni zamanda qadınlarda da kişiyə məxsus xarakterlər baş qaldıracaq. Bu zaman eyni cinsdən olan insanların münasibətlərinin artması (homoseksuallıq), qadınların nəsilverməqabiliyyətlərinin itməsi və digər bu kimi mənfi nəticələr qaçılmaz olacaq. 

Hazırda orta məktəblərin ibtidai sinif müəllimləri artıq həyəcan təbili çalırlar.  6-7 yaşlı uşaqların təhsil aldığı siniflərdə oğlanların sayı qızlardan dəfələrlə çoxdur. Məsələn, Sabunçu rayonundakı 22 saylı orta məktəbdə ötən ilki birinci siniflərdən birində 30 şagirddən yalnız 10 nəfəri qızlardır. Bəzi siniflərdə isə bu nisbətin daha kəskin olduğunu müşahidə etmək olar. Bir sözlə, selektiv abortlar  gender bərabərsizliyinə və millətin genefondunun zədələnməsinə aparır.  Ona görə də indidən “SOS” siqnallarına dərhal reaksiya verilməli, bu istiqamətdə vahid dövlət siyasəti müəyyənləşmılidir. 

Selektiv abortların rəzil nəticəsi

Hazırda əksər valideynlər ailə planlamasının bir vasitəsi kimi məhz abortlardan yararlanırlar. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun açıqlamasına görə, 2012-ci ildə ölkəmizdə abortların sayı 31 min, 2013-cü ildə 27min 892, 2014-cü ildə isə 27 min 220 olub. Bunlar hələ vəziyyəti tam əks etdirmir. Əksər səhiyyə müəssisələrində, qadın  məsləhətxanalarında həyata keçirilən “mini abortlar” və 12 həftəyədək dölün xaric olunması əməliyyatları qeydiyyata alınmır. Eyni zamanda qadınlar gizli yollarla, apteklərdə reseptsiz satılan dərman preparatlarını qəbul etməklə ev şəraitində də hamiləliklərini pozurlar. Təbii ki, bunları rəsmi abort statistikasına daxil etmək mümkün olmur. Deməli, vəziyyət rəqəmlərin söylədiyindən də acınacaqlıdır. 

İstər ailə-gender sahəsində, istər tibbdə, istərsə də demoqrafiq problemlərin araşdırılması ilə məşğul olan mütəxəssislər bütün sadaladıqlarımızı müzakirə edərək yekdil rəy ortaya qoyublar – abort ailə planlamasında alət kimi istifadə olunmamalıdır. Bunun qadın sağlamlığı üçünciddi fəsadlara yol açdığı, hətta ana ölümlərinin statistikasında əhəmiyyətli yer tutduğunu inkar etmək olmaz. Eyni zamanda abortlar, xüsusilə selektiv abortlar  milli genefondun mənfi istiqamətlərdə dəyişməsinə, demoqrafik disbalansın pozulmasına, gender əsaslı zorakılıqlara, qızların erkən nigahlara cəlb olunmasına  yol açır. 

Qızlardan can qurtarmağa tələsməyin!

Bəllidir ki, hazırda ailə planlanması, reproduktiv sağlamlıq, ana və uşaq sağlamlığı ilə  bağlı müxtəlif proqramlar həyata keçirilir. Lakin illərin təcrübəsi göstərdi ki, həmin sənədlərdə müəyyən çatışmaqlıqlar  var. Məsələn, ana və uşaq sağlamlığının bir vasitəsi kimi hamiləlikdən qorunmaq üçün kontroseptiya üsulları göstərilməyib. Ancaq  digər ölkələrin ailə siyasətini təhlil etsık,  məhz bu üsulların daha əlverişli olduğunu  görərik. Eyni zamanda adıçəkilən proqramlarınayrılıqda  işlənməsi də onların səmərəliliyini azaldır. Ona görə də mütəxəssislər problemin həlli yolu kimi bu sənədlərin bir-birinə inteqrasiyasını vacib sayırlar.

Abortlardan  yan keçmək və dünyaya sağlam uşaqların gəlməsinin bir yolu da qadınların maariflənməsidir. Reproduktiv sağlamlıqla bağlı dövlət siyasətinin prearitetləri sırasına  kontroseptik vasitələrin istifadəsinin zəruruliyi də daxil edilməlidir. Müasir texnologiyaların və xarici əlaqələrin inkişafı hamiləlikdən qorunmağın onlarla üsulunu mənimsəməyə imkan verir.Ancaq bu sahədə də stereotiplər insanların inkişafına, yeni informasiyanı həzm etməsinə mane olur.

Əgər bu stereotiplər bizim sağlamlığımıza, ailəmizin inkişafına, nəslin sağlam ruhda davam etməsinə mane olursa, niyə ondan imtina etməyək? Hər halda heç bir ana, ya ata övladının gələcəkdə ailə qura bilməməsini, cinsi azlıqlara mənsub olmasını, biraz da dərinə getsək nəslinin kəsilməsini istəməz. Ona görə dəbunların qarşısını indidən almağa çalışmalıyıq.Hər şeyi dövlət siyasətinə bağlamaq da doğru deyil. Hər bir vətəndaş  üzərinə düşən ictimai vəzifəni layiqincə icra etməlidir. 

Bir müəllimənin həyəcanla səsləndirdiyi fikirlər əslində cəmiyyətimiz üçün ciddi mesajdır.Maskulinizasiyanın, erkən nikahların qarşısını almağın ən doğru vasitəsi isə maariflənmədən keçir.Xüsusilə, qızların təhsilə cəlb olunması, bunun üçün hətta inzibat metodların tətbiq edilməsi də vacibdir. Bir qadının təhsilli,dünyagörüşlü olması  bütöv bir ailənin gələcəyini, uşaqların sağlamlığını təmin etməyə xidmət edir. Ona görə də qızları  məzara yox, məktəbə göndərin! 
 

Fərqanə Allahverdiqızı 

Yazı BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən keçirilən müsabiqəyə təqdim olunur