XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2016 - 05:18

İnsanlıq nümunəsi və vəzifə borcuna sədaqət… –Turistin pulunu tapıb qaytaran polis danışdı

muhafize-polisi

– Mister, mister!

– …???

– İt iz your porte-monnaie?

Əcnəbi əvvəlcə heç nə başa düşmədi. Polis əməkdaşının ona ingilis dilində dediklərindən sonra ciblərini axtardı və dostuna baxdı. Gecənin bir vaxtında əcnəbinin düşdüyü vəziyyəti bir anlıq təsəvvür etdinizmi?

O, ölkəmizə Formula-1 yarışlarını izləmək üçün gəlmişdi. Yarış ərəfəsində Bakının dillər əzbəri olan gecələrini görmək üçün gəzintiyə çıxmışdı. Ani bir ehtiyatsızlıq ona çox kədərli anlar yaşada bilərdi. Daha doğrusu, heç bilməyəcəkdi ki, nəyi harda itirib. Ya da itirdiyi pul kisəsini tapan bir başqası onu heç qaytarmayacaqdı da. Qarşısındakı Azərbaycan Polisi əcnəbini çox təəccübləndirmişdi.

Pul kisəsini aldı və içinə baxdı. Pulu, sənədləri yerində idi. Əcnəbi gülümsəyib sevincindən polisin boynunu qucaqladı və dönə-dönə təşəkkür etdi.

Hadisə barədə həmkarımız İdarə rəisinə məruzə etdi. O da öz növbəsində Baş İdarə rəhbərliyini məlumatlandırdı.

Ertəsi gün saytlar bu xeyirxah əməldən yazdılar. Əməl sahibinin isə adını qeyd etmədilər. Sadəcə "DİN Baş Mühafizə İdarəsinin əməkdaşı pul tapdı və sahibinə qaytardı" başlığı tirajlandı.

Belə bir müqəddəs ayda azərbaycanlının, xüsusən də polis əməkdaşının bu nəcib hərəkəti diqqətimi çəkdi. Onu tapmağı qərar verdim. Tapdım da…

Polis leytenantı Bəhruz Kərimov DİN BMİ-nin Neft Emalı Obyektlərinin Mühafizə İdarəsində tağım komandiridir. “İndiki zamanda çətin ki, pul tapan şəxs onu sahibinə qaytarar”,- deyəndə gülümsədi. Və baş verən hadisə barədə  danışmasını xahiş etdim.

Bəhruz deyir: "Yarışlar zamanı postda idim və təhkim olunduğumuz ərazidə xidmət aparırdım. Gecənin birinci yarısı idi və “İstiqalaliyyət” küçəsi ilə “Azadlıq”  prospektinin kəsişdiyi küçədə yeraltı keçidə düşən iki əcnəbini gördüm. Onlardan biri əlinə cibinə saldı və nəsə götürdü.  Uzaqlaşmışdılar ki, diqqətimi yerə düşən bir əşya çəkdi. Yaxınlaşanda gördüm ki, pul kisəsidir. İçində 1700 ABŞ dolları və müxtəlif sənədlər vardı. Tez arxalarınca qaçdım. Düzü, bir anlıq tutuldular və onların nəsə itirdiklərini xatırlatdım. Biri əlini cibinə saldı. Hiss etdim ki, rəngi avazıdı. Pul kisəsini, müxtəlif sənədlərini  itirdiyini dedi. Pul kisəsini ona təqdim etdim. Əlbəttə, onun necə sevindiyini dilə gətirmək çox çətindi".

“Elə bir möhtəşəm beynəlxalq tədbir zamanı vətənimizi layiqincə təmsil etmək və ölkəmizə gələn qonaqlara necə qonaqpərvər olduğumuzu sərgiləmək hər birimizin vətəndaşlıq borcu idi” – bunu da polis leytenantı Bəhruz Kərimov dedi.

Polis leytenantı Bəhruz Kərimov 2004-cü ildə daxili işlər orqanlarına qəbul olunub. İlk xidmət yeri BMİ-nin Nizami Rayon Mühafizə İdarəsi olub. Həm məktəbi, həm də hərbi xidməti bitirdikdən sonra ali məktəblərə qəbul olsa da, ürəyi istəyən fakultəyə düşmədiyinə görə, təhsildən imtina edib. Ən böyük arzusu polis olmaq idi. Çünki torpaqlarımız uğrunda döyüşlərdə iştirak edən atası ona ta kiçik yaşlarından vətənimizin müdafiəsində canından keçən polis əməkdaları haqqında çox danışmışdı. Bütün bunlar isə onda polisə olan sevgini, hörməti daha da gücləndirirdi.

Bəhruz 2010-cu ildə DİN-in Polis Akademiyasına qəbul olunub. 2015-ci ildən BMİ-nin Neft Emalı Obyektlərinin Mühafizə İdarəsində tağım komandiri kimi xidmətini davam etdirir.

Həmkarımız haqqında  İdarənin rəisi, polis polkovniki Zakir Məmmədov, rəis müavini, polis polkovnik-leytenantı Rauf Hacıyev səmimi hisslərini bölüşdülər və onun, sözün əsl mənasında, Azərbaycan Polisi adına layiq bir əməkdaş olduğunu bildirdilər.

Bəli, “Görünən dağa nə bələdçi”. Əslində, Bəhruzun bu nəcib əməli Azərbaycan Polisinin mənəvi ucalığının, insana və insanlığa verdiyi dəyərin bariz nümunəsidir. Bu, həm də gözütoxluğun əyani sübutudur.

Elə yeri gəlmişkən, qeyd edək ki, İdarə tərəfindən keçən müddət ərzində ictimai qaydanı pozduğuna görə 25, digər cinayətlərə görə 5, axtarışda olan 3, narkotik faktı ilə bağlı isə 3 nəfər tutularaq qanuna təslim edilib. Xidməti ərazidə baş verən 6  yanğın hadisəsinin qarşısı əməkdaşlar tərəfindən yerindəcə alınıb.

 

Hafiz Təmirov,

polis mayoru