XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 17:22

Baytarlıq Xidməti:“Bərdədə heyvanlar arasında dabaq xəstəliyi yoxdur”

mal qara

Bir sıra kütləvi informasiya vasitələrində Bərdə rayonunun Hacılar və Böyük Göyüşlü kəndlərində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması və heyvanlar arasında tələfatın olması barədə məlumatlar verilib.

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb və hazırda epizootik vəziyyət sabitdir.

Kütləvi informasiya vasitələrində yayılmış məlumatla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Bərdə rayonuna ezam olunublar. Onlar rayonun Hacılar və Böyük Göyüşlü kəndlərində araşdırmalar aparıb, heyvanlara baxış keçirib, təsərrüfatlarda dabaq xəstəliyi ilə xəstələnmiş və xəstəliyə şübhəli heyvanlar aşkar olunmayıb.

Araşdırmalar zamanı KİV-lərdə adları çəkilən kənd sakinlərinin özlərinin iştirakı ilə həyətlərindəki heyvanlara da baxış keçirilib, heyvan sahiblərindən izahatlar alınıb, təsərrüfatlarda dabaq xəstəliyi ilə xəstələnmiş və xəstəliyə şübhəli heyvanlar aşkar olunmayıb. Həmçinin araşdırmalar zamanı kəndlərdə heyvanlar arasında ölüm halının olmadığı da müəyyən olunub.

Xatırladırıq ki, bütün respublika ərazisində olduğu kimi, Bərdə rayonunun Hacılar və Böyük Göyüşlü kəndlərində də heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin “qaynar xətt”inə (tel: 012-562-76-13) müraciət etsinlər, bütün müalicə-profilaktika tədbirləri baytar həkimlərinin iştirakı və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.