XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 June 2015 - 12:13

Ticarət mərkəzləri durğunluq, sahibkarlar isə böhran içindədir – REPORTAJ, FOTOLAR, VİDEO
Devalvasiyadan sonra bir çox iri ticarət mərkəzlərində yaranan durğunluq davam edir. Xüsusən də, paytaxtda aparılan tikinti işlərinin dayandırılması tikinti materialları satışı ilə məşğul olan sahibkarların işinə ziyan vurub. Bir tərəfdən devalvasiyadan sonra baş verən bahalaşma, digər tərəfdən isə əhalini gəlirlərinin azalması alıcılığa mənfi təsir edib.
Elə paytaxtın ən böyük ticarət mərkəzlərindən olan Binəqədi rayonunda yerləşən “Eurohome” tikinti mallarının satışı mərkəzində də durğunluğun şahidi olduq. Bir tərəfdə ümidlə alıcı gözləyən satıcılar, digər tərəfdə müştəri gözləyən yük taksiləri durğunluq səbəbindən gündəlik qazanclarından məhrum olublar.
Qeyd edək ki, bazarda A-dan Z-yə hər növ tikinti materialına rast gəlmək mümkündür. Həm yerli, həm də xarici firmaların brend malları alıcılara təklif olunur. Lakin bununla belə, alıcı gözə dəymir.
Taski sürücüsü Rahim Əliyev deyir ki, buraya girmək üçün hər gün 3 manat ödəyirlər, lakin satış az olduğundan çox vaxt müştəri tapa bilmirlər: “Elə vaxt olur ki, günlərlə müştəri olmur. Ancaq hər gün 3 manat ödəməliyik. Yəni qazancımız xərclərimizi ödəmir. Əvvəllər vəziyyət nisbətən yaxşı idi. Lakin son bir neçə ayda çox çətin duruma düşmüşük”.
Maşınını kreditlə götürdüyünü deyən başqa bir taksi sürücüsü isə deyir ki, əvvəl aylıq kredit borcunun dərdini çəkirdisə, indi gündəlik çörək pulunu necə qazanacağını fikirləşir: “Əgər bir neçə ay da belə davam etsə, maşını satıb, evdə oturmalı olacağam. çünki, aylıq ödədiyim 350 manatı buradan qazana bilmirəm”.
Satıcılar da bazardakı durğunluğun nə zaman başa çatacağını gözləyirlər: “Bir müddət devalvasiyaya görə alverimiz olmadı. İndi də Avropa Oyunlarına görə alıcı demək olar ki, yoxdur. Bu vəziyyətin səbəbi bahalaşma deyil. çünki, təkcə xaricdən gələn mallara deyil, yerli istehsal olan mallara da tələbat azalıb”.
Sahib adlı satıcı isə əsas müştərilərinin rayonlardan gələnlər olduğunu deyir: “Alıcıların böyük bir qismi rayonlardan gəlirdi. İndi Avropa Oyunlarına görə yollarda məhdudiyyət qoyulub, həmin müştərilərimizi də itirmişik. Bu səbəbdən bazarda alıcı azdır”.
Bazarda qiymətlərlə maraqlanan bir neçə alıcı ilə həmsöhbət olduq. Alıcılar bu vəziyyətdən məmnundur. çünki, satış zəif olduğundan malları istədikləri qiymətə ala bilirlər. Satıcılar da müştərini itirməmək üçün ziyana olsa belə, maksimum endirim etməkdən çəkinmirlər.
Bəzi sahibkarlar dükanlarının üzərinə “endirim”, “kreditə verirəm” və sair yazmaqla alıcıları cəlb etməyə çalışır. Qiymətlərə gəlincə, satıcılar deyir ki, son 3 ayda heç bir artım qeydə alınmayıb.
Qeyd edək ki, bazarda bağlanan, icarəyə verilən obyektlər də az deyil. Bu da qeyd etdiyimiz durumdan qaynaqlanır. Satıcılar deyir ki, ticarət mərkəzində icarə haqları baha olduğundan satışın zəif olduğu aylarda bunu ödəməkdə çətinlik çəkirlər.
Ticarət mərkəzlərində yaşanan problemə aydınlıq gətirən iqtisadçı Natiq Cəfərli bildirdi ki, tikinti bazarındakı durğunluq ümumi iqtisadiyyatda gedən proseslərin təzahürüdür: “Bu bazar daha həssas olduğundan iqtisadiyyatda gedən proseslər burada özünü daha tez göstərir. Tikinti bazarında yaranan böhranın səbəbi bir tərəfdən də dövlətin böyük investisiya layihələrinin dayandırılması ilə əlaqədardır. çünki, ilin ilk rübündə Avropa Oyunları ilə əlaqədar çox ciddi artım olmuşdu. Şəhərdə təmir-tikinti işləri, dizayn işləri gedirdi. Bu dolayısı ilə tikinti bazarına da ciddi təsir göstərirdi. İndi artıq o prosesin də sonuna gəldik. İnvestisiya layihələrinin bundan sonra da azalması baş verəcək. Bundan başqa əhalinin də pul vəsaitinin azalması, devalvasiyadan sonra insanların bir çoxunun pul itirməsi və bundan sonra vəziyyətin necə olacağı ilə bağlı insanlarda yaranan qeyri-müəyyənlik bazardakı vəziyyətə ciddi təsir göstərir”.
Ekspertin sözlərinə görə, Rusiyada vəziyyətin gərginləşməsi də Azərbaycana gələn vəsaitlərin 6 dəfədən artıq azalmasına səbəb oldu ki, bu da bazara təsirsiz ötüşmədi: “Azərbaycanın tikinti sektorunda, həm fərdi həyət evlərinin tikilməsində, həm binaların tikintisində Rusiyadan gələn vəsaitlərin böyük rolu var idi. Xüsusən də son 10 ildə əmlak bazarında Rusiyadan gələn vəsaitlərin ciddi rolunun olması barədə rəy mövcud idi. İndi həmin vəsaitlər də azalıb, əhali kütləvi şəkildə iş yerlərini itirib. Bütün bunlar da birbaşa tikinti bazarına təsir edir. çox güman ki, bazardakı durğunluğun daha uzun zaman davam edəcəyi gözlənilir. çünki, ipotekanın verilməsi ilə bağlı şərtlər də sərtləşdirildi, ilkin ödəniş kimi məbləğin 50 faizinin ödənilmə şərti qoyuldu. Bu sahədə çalışan insanlar bazarın gələcəkdə də daralması ilə üzləşə bilərlər və iş yerlərinin bağlanması prosesi davam edəcək. ümumi iqtisadiyyatda canlanma olmasa, tikinti sektorundakı böhran da səngiməyəcək”.