XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2015 - 08:28

Deputatlardan Hadı Rəcəblinin qalmaqallı müsahibəsinə reaksiya

Xəbər verdiyimiz kimi, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin “Trend”ə müsahibəsində “Müəllimlərə dərsdən kənar fəhləlik təklifi” sosial şəbəkə istifadəçiləri arasında ciddi qalmaqala səbəb olub. İstifadəçilər deputatın işsizliklə bağlı məsələlərdə müəllimləri nümunə gətirməsini birmənalı qarşılamayıblar.

Qeyd edək ki, millət vəkilinin müsahibəsindəki bu hissə daha çox müzakirələrə səbəb olub: “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”

“Qafqazinfo” Komitə sədrinin dünəndən müzakirə olunan bu fikirləri ilə bağlı digər millət vəkillərinin mövqeyini öyrənib.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, müəllimin yaxşı əməkhaqqı almamasını yaxşı maaş almaqla əvəz etmək lazımdır: “Bunun üçün də maaşlar bir neçə dəfərə artırılmalıdır. Müəllimi ac yaşayan cəmiyyətin hansı xoşbəxtlikdən danışmağa haqqı var? Belə bir mənəvi haqqımız yoxdur axı. Müəllim onsuz da hambalçılıq edir. Dərsdən sonra savadı olan müəllimlər repetitor fəaliyyəti ilə məşğuldur. Bu özü də bir neçə saat vaxt aparır. Müəllim öz uşağı, ailəsi ilə məşğul ola bilmir. Fiziki imkanlarını əlavə pul qazanmağa sərf edir. Ya ölkədə elə bir islahat aparmaq lazımdır ki, məktəblər tələbə görə qurulsun, ya da daha çox yaxşı müəllimlərin seçimi məsələsi öz həllini tapmalıdır. Testdən keçmiş müəllimlər digərlərindən iki,üçqat artıq maaş alırlar. Bunu stimullaşdırmaq lazımdır ki, müəllim məktəbə bağlansın. Müəllim məktəbə candərdi gəlir. Ona görə də müəllimin bu qədər aşağılandığı cəmiyyətdə hər hansı inkişafdan, tərəqqidən danışmaq yersizdir. Bu məqamlara görə, təhsilimiz, intellektual inkişafımız da aşağı səviyyədədir”.

Millət vəkili Vahid Əhmədov bildirib ki, müəllimlərin, həkimlərin maaşları ilə bağlı məsələlərdə müəyyən problemlər var: “Onların maaşları müəyyən qədər artırılmalıdır. Azərbaycanda ortaəməkhaqqı ilə onların maaşları arasında fərq var. Hesab edirəm ki, müəllim və həkimlər yalnız öz ixtisasları ilə məşğul olmalıdırlar. Onlar bizim balalarımızı yetişdirən insanlardır. Ona görə də, başqa işlərdə işləmisini qəbul etmirəm. Həkimlər də sağlamlığımızı qoruyur. Düzdür, işdən sonra əsas iş yerindən əlavə, başqa iş yerində də çalışa bilərlər. Məsələn, həkimlər dövlət xəstəxanasından əlavə, özəl xəstəxanalarda da çalışırlar. Müəllimlər də, o cümlədən öz ixtisaslarına uyğun iş yerlərində çalışa bilərlər”.

ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin sözlərinə görə, hər bir vətəndaş həftə ərzində 42 saat işləməlidir: “Bundan artıq iş günü ola bilməz. İndi Hadi müəlim deyir ki, orta əsrlərdə də kimi müəllim 17 saat işləsin? Dövlətin vəzifəsi hər kəsi işlədiyi sahədə kifayət qədər maaş verərək ailəsinə və özünə dolanmaq üçün şərait yaratmaqdır. Necə yəni işlədiyi yerdə ala bilmirsə, gedib başqa yerdən alsın? O zaman burada niyə işləməlidir? Bu əmək qanunvericiliyində bütün prinsipləri pozmaq deməkdir. Bu təklif kökündən yanlışdır, insan əməyinin istismarıdır”.