XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

29 İyun 2015 - 08:10

İlisunun dərdi var… – FOTO

I yazı

Bugünlərdə yolum Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan İlisuya düşdü. Təbii ki, İlisuya gedərkən rayon mərkəzindən – Qax şəhərindən keçdim. Qax şəhərinin girişindəcə yüksək səviyyədə səliqə-səhman və təmizlik diqqətimiz cəlb elədi. Yerli əhali ilə söhbət edərkən, onlar da başçının rayon mərkəzinə olan diqqətindən razılıqla danışdılar. Lakin İlisuya doğru irəlilədikcə, fərqli mənzərə ilə qarşılaşdım…

İlisu özünün qeyri-adi gözəllikləri, dörd bir yanında göylərə ucalan zirvələri, yüzdən artıq ölkə və qitə şöhrətli alimləri və zəngin tarixi ilə məşhurdur. Burada olanda gördüm ki, İlisu haqqında nə qədər deyilsə və yazılsa da, hələ bu yurddan yaza biləcəyimiz çox şey var. Hər dağı və dərəsi ilə bağlı el arasında yayğın olan rəvayətlər, geniş ictimaiyyətə bəlli olmayan qəhrəman insanları var. Hər daşının altında yüzillik bir tarix yatır. Odur ki, hər kəsin tanıdığı İlisunun çoxlarına bəlli olmayan tərəfləri barədə yazmaq qərarına gəldim. Lakin İlisunun bu qeyd etdiyim üstün özəllikləri barədə növbəti yazımda danışacam. Bu dəfə İlisuda mövcud olan, yerli əhalini və yay uzunu bura dincəlməyə gələn qonaqları rahatsız edən bəzi sorunlardan söhbət açacam…

İlisuya istər yerli, istərsə də ölkə xaricindən gələn hər bir kəs onun tarixi, zəngin coğrafiyası və qonaqları valeh edən təbiəti ilə tanış olmaqla yanaşı, İlisunun müasir infrastrukturu haqqında da bilgi əldə etmiş olur. Elə sorun da burda başlayır. İlisu, saydığım özəlliklərinə görə, dövlət tərəfindən qoruq olaraq mühafizə edilir. Lakin çox təəssüfləndirici haldır ki, İlisu kimi zəngin tarixə malik olan bir kəndin hələ də muzeyi yoxdur. “Sumu qala” adlanan qalada təqdim edilən tarixi eksponatlar isə İlisunun dünənini və bu gününü ifadə edə bilməyəcək qədər yoxsuldur. Burada təqdim olunan örnəklər son dövrlərin məhsuludur. ümumiyyətlə, “Sumu qala”nın özü haqqında qonaqlara təqdim edilən bilgilər də kifayət qədər bəsitdir və tarixi gerçəkliyi əks etdirmir…

İlisunun zəngin turizm potensialı var. Lakin bu yöndə də ciddi iş görülməyib. Kəndə gedən yolun üstündə adı bəlli bəzi məmurlarımızın göz oxşayan, məhdud qapsamlı turizm obyektləri var ki, bunlardan da yerli əhali bəhrələnmək imkanında deyil.

İlisu kəndinin daxili yolları da ürəkaçan deyil. Kəndin içərisindən keçən əsas yolun asfalt örtüyü dağılıb və bərbad durumdadır. Bu üzdən yay vaxtı maşınların təkərlərindən qalxan tozdan, ara verməyən toz dumanı yaranır. Əsas yolun kənarına sovetlər dönəmində çəkilmiş dirəklər və elektrik xətləri istifadə müddətini çoxdan başa vurduğu üçün işıqlandırma sistemi də acınacaqlı haldadır.

Eyni zamanda, vaxtı keçmiş elektrik dirəkləri və xətləri potensial təhlükə mənbəyidir.

İlisuda mövcud olan problemlərdən biri də təbii qazın çəkilişinin həddən artıq yubanmasıdır. Təbii qazın çəkilişi yubandığı üçün kənd əhalisi yanacaq kimi odundan və qaz balonlarından istifadə etmək zorundadır.

İlisuda ən ciddi çətinlik isə su sarıdandır. Kəndin içərisinə sovet dönəmində dağlardan su çəkilib. Lakin su xətləri uzun müddətdi ki, bərbad durumdadı. Hələ ötən il su ilə bağlı yaranan narazılıqdan sonra kəndə su xətlərinin çəkilişi gündəmə gəlmişdi. ötən ilin payızında su xətlərinin çəkilişinə başlansa da, bu iş də yarımçıq qalıb. Suyun kəndə hansı müəssisə tərəfindən və hansı maliyyə ilə çəkilməsi barəsində yerli əhalidə məlumat yoxdur. Kəndə qısa müddət ərzində plastik borular vasitəsilə çəkilən su xətləri isə yararsız vəziyyətdədir. üstəlik su xətti çəkilərkən, kəndin yolları bir az da bərbad duruma salınıb.

Artıq iyun ayı bitir. İyulda bu kəndə qonaq gələnlərin sayı dəfələrlə artacaq. Bu da suya olan tələbatın bir neçə dəfə artması deməkdir. Kənd əhalisi isə yaxın gələcəkdə bu kəndə yeni su xətlərinin çəkilə biləcəyinə şübhə ilə yanaşır.

İlisu kəndində su ilə bağlı olan problemlər haqqında daha aydın təsəvvür yaransın deyə, son günlərdə buradan çəkilən bir neçə şəkli də sizə təqdim edirik.

ilisu-1.jpg

ilisu-2.jpg

ilisu-3.jpg

ilisu-4.jpg

ilisu-5.jpg

Namiq Hacıheydərli

Strateq.az