XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 12:32

Azərbaycanda yeni fond yaradılacaq – Komitə sədri baş nazirə müraciət etdi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı Nazirlər Kabinetinə rəsmi şəkildə təklif göndərib.
Komitənin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya bildirib ki, bu işdə başqa ölkələrin təcrübəsi öyrənilir.
Onun sözlərinə görə, Aliment Fondu yeni bir struktur olacaq: “Bizim komitə Aliment Fondunun yaradılmasına dair təşəbbüskarlardan biridir. Başqa dövlətlərdə – Macarıstanda, Almaniyada, Fransada belə fond var. Belə bir təcrübəni onlardan öyrənib Aliment Fondunu yaratmalıyıq. Aliment Fondu ya müstəqil bir təşkilat olmalı, ya da Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməlidir”.
Şöbə müdiri Azərbaycanda Aliment Fondunun yaradılması mexanizminin bir qədər fərqli olacağını vurğulayıb: “Mexanizmin özündə yeni bir təşkilatın yaradılması əks olunub. Yeni təşkilatın yaradılması üçün isə yeni büdcə olmalıdır. Büdcədə də tutaq ki, 2000 vətəndaşa alimentin ödənilməsi ilə bağlı vəsait müəyyənləşdirilməlidir. Yəni, aliment ilkin olaraq dövlət büdcəsindən ödəniləcək. Daha sonra isə icraedici şəxslər alimentin məbləğini faizi ilə birgə tutaraq dövlət büdcəsinə qaytarmalıdırlar. Bu mexanizmin yaradılması çox vacibdir”.
E. Səfərov əlavə edib ki, Aliment Fondunun yaradılması ilə Azərbaycanda sosial risk qrupunda olan şəxslərə yardım etmək imkanı yaranacaq: “Alimenti ödəməkdən boyun qaçıran valideynlər məcburi şəkildə psixoloqlara göndəriləcək ki, niyə aliment ödənilmir, nəyə görə valideyn uşağına qarşı laqeyddir. Valideyn psixoloqa getməyəndə azadlıqdan məhrum edilir. Qanunvericilik təkmilləşdiriləndən sonra bunu tətbiq etmək olacaq. İnkişaf etmiş ölkələr bu praktikadan istifadə edir”.
E. Səfərov qeyd edib ki, bu gün alimentlə bağlı qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilməlidir: “Təsəvvür edin insanın adına əmlak yoxdur, rəsmi əmək haqqı heç bir yerdə göstərilmir. Ancaq yaşayış səviyyəsi yaxşıdır. Bununla belə alimenti ödəmir. Elektron baza yaradılmalıdır. Cinayət məsuliyyətinə cəlb etmə prosesi daha da gücləndirilməlidir. Aliment beş ay müddətində ödənmirsə, həmin şəxs avtomatik olaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Şöbə müdiri qeyd edib ki, Aliment Fondunda aztəminatlı ailələrə təcili səhiyyə və sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulub.