XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 15:32

220-dən çox məhdud fiziki imkanlı şəxsin xarici ölkələrdə müalicəsi təşkil olunub –Naxçıvanda

NMR

Muxtar respublikada bu günədək 226 məhdud fiziki imkanlı şəxsin xarici ölkələrdə müalicəsi təşkil olunub. Həyata keçirilən tədbirlərin davamı olaraq sağlamlıq imkanları məhdud 5 uşaq valideynlərinin müşayiəti ilə fizioterapevtik müalicə almaq üçün Naxçıvandan Türkiyənin Dənizli şəhərində fəaliyyət göstərən Nobel Tibb Mərkəzinə göndərilib.

Naxçıvan Beynəlxalq Hava Limanından uşaqları muxtar respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, valideynlər və onların yaxınları yola salıblar.

Hava limanında müalicəyə yola düşən uşaqlarla və onların valideynləri ilə həmsöhbət olduq. Türkiyəyə övladı Qasımı və həyat yoldaşı Sülhiyyə xanımı yola salmağa gələn Naxçıvan şəhər sakini Tural Xəlilov dedi ki, 4 yaşlı oğlunun xarici ölkəyə müalicəyə göndərilməsinə görə çox sevinir. Ona görə sevinir ki, övladı Nobel Tibb Mərkəzində ənənəvi və ən müasir metodlarla fizioterapiya müalicəsi alacaq, bu kurs oğlunun səhhətində müsbətə doğru dəyişikliklər yaradacaq. O, bu işlərin təşkilatçılarına minnətdarlığını bildirib.

Balaca Qasım Xəlilovu müalicəyə yola salanlar arasında nənələri Naibə XəlilovaXanım İmanova da vardı. Hər iki nənənin arzusu nəvələrinin yaxşı müalicə alması, səhhətinin yaxşılaşmasıdır: “Arzu edirik ki, nəvəmizi bu müalicədən sonra əl arabasında yox, əlindən tutub evə gətirək. Bir də Allah dövlətimizin bayrağını uca eləsin. Bizim üçün zərrə qədər də olsa ümid işığı yanıbsa, bu, dövlətimizin sayəsindədir. Sağ olsunlar, var olsunlar!”

Muxtar respublikanın Ordubad rayonunun Nüsnüs kəndindən olan Tutu İsmayılova da ürək sözlərini, övladı üçün arzularını, minnətdarlıq hisslərini bizimlə bölüşdü. Dedi ki, məktəbin ikinci sinfində oxuyan Mikayılın sol qolunda pleksit (sinir iltihabı) var, qolunu istədiyi kimi hərəkət etdirə bilmir. Bundan əvvəl onlar Batumi şəhərində olublar. Ancaq o, Türkiyə Respublikasının Dənizli şəhərində fəaliyyət göstərən Nobel Tibb Mərkəzində aparılacaq müalicə kursundan çox şey gözləyir: “İnanıram ki, övladımın qolunda bu müalicə kursundan sonra əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə edəcəyik. Övladımın səhhətinə qovuşması üçün yaradılan bu imkana görə çox minnətdaram.”

Nobel Tibb Mərkəzinə müalicə alacaq olan sağlamlıq imkanları məhdud uşaqlar 20 gün sonra Vətənə qayıdacaqlar. (Azərtac)