XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 İyul 2016 - 13:12

Əliməmməd Nuriyev:“Koalisiya üzvlərindən bəziləri hökuməti şantaj etməyə başlayıb”

Əliməmməd Nuriyev

"Etirazlar onunla bağlı yarandı ki, təxminən iki ay bundan öncə koalisiyanın ümumi yığıncağı keçirilib və bu yığıncaqda koalisiyanın şurası, həmçinin monitorinq qrupu seçilib. Bu seçkilərdən sonra Oqtay Güləliyevin Milli Şura rəhbərliyinə ünvanlanmış bir hesabatı üzə çıxıb. Həmin hesabatda qeyd olunub ki, guya hökumətin anti təbliğata və reklama böyük məbləğdə vəsait ayırmasına, koalisiyanı ələ almağa çalışmasına rəğmən, şuraya seçkilərdə yalnız onlara yaxın adamlar seçilib, böyük qələbə qazanılıb, əvvəlcədən müəyyən edilmiş adamlar hesabına 50+1 əldə edilib. Təbii ki, bu hesabatda – raportda əks olunanlar tamamilə cəfəng, iftira xarakterli, heç bir sübut-dəlili olmayan subyektiv fikirlər idi”.

Bu barədə "Kaspi”yə açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının üzvü, Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev bildirib. O qeyd edib ki, məlum hesabat üzə çıxandan sonra koalisiya üzvləri çox ciddi şəkildə buna etiraz ediblər. Koalisiya üzvləri O.Güləliyevdən tələb ediblər ki, hesabata daxil etdiyi fikirlərə, xüsusən də guya 400 min manatın ayrılması məsələsinə aydınlıq gətirilsin: "Hamı tələb edirdi ki, açıq şəkildə, sübutlarla göstərilsin görək, qeyd edilən bu vəsaiti kim hansı məqsədlə kimə verib, kimlər bu vəsaiti alıb və sair. O, bütün bunlara aydınlıq gətirmək əvəzinə, guya demək istədiklərinin düzgün başa düşülmədiyini, təhrif edildiyini, ardınca isə 400 min manat vəsaitin verilməsini Dövlət Dəstəyi Şurasından qrant alan QHT-lərlə bağlı dilə gətirdiyini söylədi. Təbii olaraq həmin QHT-lər də buna sərt etiraz etdilər, ünvanlarına söylənilənlərin tamamilə əsassız, heç bir həqiqətə uyğun olmayan, iftira xarakterli yalan olduğunu Oqtay Güləliyevə bildirdilər. Bununla da onun yalanı bir daha üzə çıxdı. Belə vəziyyətdə koalisiya üzvləri belə qənaətə gəldilər ki, Oqtay Güləliyev söylədiyi əsassız iddialara, fikirlərə, yanlış davranışına görə üzrxahlıq etsin, yaxud siyasi mədəniyyət nümayiş etdirərək istefa versin. Lakin o, bunun əksinə olaraq, bir qədər də irəli getdi, heç bir əsası olmayan fikirlərin, iddiaların üzərində durdu. Hətta koalisiya üzvlərinin ünvanına əlavə ittihamlar da səsləndirdi”.

Ə.Nuriyev bildirib ki, baş verənlərə etiraz əlaməti olaraq, bir müddət koalisiya şurasının iclaslarında iştirak etməyib. Ancaq sonradan Qubad İbadoğlu, İlham Hüseynli, O.Güləliyev, Məmmədhəsən Həsənov, Sabit Bağırov və Azər Mehdiyevlə birlikdə belə qərara gəlinib ki, bütün bu məsələlərin araşdırılması üçün monitorinq qrupu yaradılsın və hadisələrə obyektiv rəyini versin: "Baxmayaraq ki, monitorinq qrupunun 3-də 2-ni də onlar – Oqtay Güləliyevə yaxın adamlar təşkil edirdi, biz monitorinq qrupunun araşdırmasını, verəcəyi rəyi anlayışla qarşılayacağımızı, verilən qərara hörmətlə yanaşacağımızı, qəbul edəcəyimizi bildirdik. Eyni zamanda təklif etdik ki, qəbul olunan qərardan sonra bəyanatla çıxış edək və siyasiləşməyəcəyimizi, siyasi bəyanatlar tribunasına çevrilməyəcəyimizi, hökumət qüvvələrindən də kənarda dayanacağımızı bildirək. Monitorinq qrupunun iyunun 20-də verdiyi rəydə Oqtay Güləliyevin səsləndirdiyi ittihamların əsassız olduğu, iftira və böhtan xarakteri daşıdığı bildirildi. Həmçinin, koalisiya və şura üzvü Oqtay Güləliyevə xəbərdarlıq edilməklə, ondan tələb olundu ki, şura və koalisiya üzvlərindən üzr istəsin. Lakin əfsuslar olsun ki, bu adamlar verdikləri kişi sözünü tutmadılar, monitorinq qrupunun verdiyi rəydən, tələblərdən imtina etdilər, üstəlik rəyi təftiş etməyə başladılar”.

Ə.Nuriyevin sözlərinə görə, Koalisiyada olan bəzi adamlar bundan əvvəl də iddia ediblər ki, guya hökumət bütün bu proseslərdə iştirak edir. Halbuki, həmin adamlar belə bir əsassız rəy yaratmaqla özlərinin böyüklüyünü göstərməyə çalışıb, guya böyük qüvvə olduqları üçün hökumətin bunlara qarşı belə davranış nümayiş etdirdiyini nümayiş etdirməyə cəhd göstəriblər: "Hər kəsə bəllidir ki, hökumətin bütün bu proseslərdə iştirakı yoxdur. Hamı kimi hətta hökumət də Koalisiyada baş verənlər barədə yalnız mətbuatdan oxuya bilir. Bəzi adamlar isə özlərini bu yolla qurban kimi qələmə verməklə xaricdən daxil olan "qara qrantlar”dan yenə də bəhrələnmək niyyəti güdürlər. Biz Koalisiyanı böhranlı vəziyyətdən çıxarmaq üçün Sabit Bağırov, mən, eləcə də digər şəxslər müraciət etdik ki, ümumi yığıncağın keçirilməsi üçün imza toplanılsın. Bu gün artıq həmin imza toplamaq prosesi də başa çatıb. Bundan sonra Koalisiyanın növbədənkənar ümumi yığıncağı keçirilib hadisələrə aydınlıq gətirilməlidir. İndiki situasiyada isə bəzi koalisiya üzvləri rəy yaradırlar ki, guya parçalanma yaradılır və sair. Qəzetiniz vasitəsilə onlardan soruşuram, nədən çəkinirsiniz? İmkan verin ümumi yığıncaq keçirilsin, baş verənlərə aydınlıq gətirilsin, koalisiya böhranlı vəziyyətdən çıxsın. Bundan başqa, koalisiya üzvlərindən bəzisi müxalifət qəzetləri vasitəsilə hökuməti şantaj etməyə də başlayıblar. Misal üçün, bir neçə gün bundan öncə Qubad İbadoğlunun müxalifət qəzetlərindən birində dərc olunan, eləcə də "Kanal-13”ə verdiyi müsahibələri açıq-aşkar şantaj xarakterli idi. Bu adam ötən il də Koalisiyanı böhran vəziyyətinə saldı, ardınca da qaçıb xaricə getdi. İndi də eyni üsul və metodlardan istifadə edir. Yaxud bir tərəfdən QHT-lərə Dövlət Dəstəyi Şurasını nələrdəsə ittiham edir, bu qurum əleyhinə əsassız fikirlər söyləyir, Dövlət Dəstəyi Şurasının Koalisiya üzvlərini qrantlar vasitəsilə ələ aldığını bildirirlər, digər tərəfdən də xahişlə müraciət edirlər ki, onların hansısa layihəsinə Şura qrant ayırsın”.