XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

20 İyul 2016 - 14:44

Təhlükəsizliyimizi qoruyurlar –Yerin altında da… (FOTOlar)

metro-1

Paytaxtımız böyük bir meqapolisə çevrilir. Bakı, demək olar ki, hər gün, hər an simasını dəyişir. Nəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq, mənzil başına tez və vaxtında çatmaq istəyənlərin tarıma çəkilən əsəblərini yumşaltmaq üçün yeni yolların salınması, küçələrin genişlənməsi xüsusilə diqqət mərkəzindədir.

Görülən işlərin hər biri insanların rahatlığı üçün nəzərdə tutulub. Və yerin üstündə itirdiyimiz vaxtı yerin altında dəyərləndirmək üçün hər gün metrodan istifadə etməyimiz elə bu nəqliyyat vasitəsinin də son illər nəzərəçarpacaq qədər inkişafının göstəricisidir. Bakıda oxuyan, işləyən, tələbə, alim, həkim, fəhlə, paytaxtımızın sakinlərinin və qonaqlarının mənzil başına rahat və təhlükəsiz şəkildə çatmaq üçün istifadə etdiyi metro həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Ancaq bu nəqliyyat vasitəsi heç də həmişə təhlükəsiz olmur. Bu gün dünyanın düzəninin pozulması, müharibənin, terrorun insanları öz evindən, isti ocağından qaçqın, köçkün vəziyyətinə salması ondan xəbər verir ki, öldürməyə, baş kəsməyə, qan tökməyə hazır olanların niyyəti dünyanı viran qoymaqdır.

Metrolar, ictimaiyyətin intensiv olaraq istifadə etdiyi nəqliyyat vasitələri həmişə terrorçuların diqqət mərkəzində olub. Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, Bakı metrosunda da ötən illər ərzində terror hadisələri törədilmiş və dinc sakinlər həlak olmuşlar.

Bu gün isə metroda tam başqa bir ab-hava var. Onun təhlükəsizliyini təmin etmək, təhlükəsizlik tədbirlərini gücləndirmək üçün həmkarlarımız gecəli-gündüzlü xidmət aparır, inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilir, qarşıya çıxacaq hər hansı problemin həllinə təkan verə biləcək yeniliklər tətbiq olunur. Bakı metropolitenində bütün stansiyaların girişində, minik meydançalarında, həmçinin  MDB ölkələri arasında, ilk dəfə olaraq, vaqonlarda kameralar quraşdırılııb.

Bakı metrosunun əhatə dairəsinin genişlənməsi həm metropoliten, həm də polis əməkdaşlarından daha ayıq-sayıq olmağı tələb edir.

Müharibə şəraitində yaşayan bir ölkə kimi, bu gün bizim daha çox təhlükəsizlik tədbirləri görməyimiz lazımdır. Daxili, həm də xarici təhlükədən qorunmağın ən sadə üsullarından biri də təkcə metropoliten işçiləri, polis əməkdaşları deyil, vətəndaşlar arasında da maarifləndirmə işinin yüksək səviyyədə qurulmasıdır. Elə metroda asayişi təmin edən, təhlükəsizliyi qoruyan həmkarlarımızın fəaliyyəti, ötən yarım illiyin yekunları ilə bağlı Polis şöbəsinin rəhbərliyi ilə ilk müzakirə etdiyimiz mövzu da təhlükəsizlik oldu.

Şöbənin rəis müavini, polis polkovnik-leytenantı Aleksandr İsmayılov bildirdi ki, təhlükəsizlik metropoliten üçün bir nömrəli məsələdir. Hazırda metropolitendə videomüşahidə  kameraları fəaliyyət göstərir və onlar əvvəlki illərdən fərqli olaraq  təsvirin daha səlisliyi ilə yanaşı, girişdən çıxışa qədər videomüşahidəni təmin edir. Ona unikal yenilik edilərək, sərnişinsayma və üzdəntanıma kimi sistemlər də əlavə olunub. Təhlükəsizlik tədbirləri sırasında SOS qurğularının özünəməxsus yeri var. Hər bir stansiyada quraşdırılan bu avadanlıqlar xüsusi hallarda sərnişinlə dispetçer arasında birbaşa əlaqə yaratmağa imkan verir və bir çox funksional üstünlükləri ilə seçilir.

Üç dildə fəaliyyət göstərən sərnişin informasiya sorğu köşklərində, xüsusən, şəhərə nabələd olanlardan ötrü məlumat bazası yerləşdirilib.

Əlbəttə, tək sərnişindaşıma deyil, eyni zamanda, elektrik təchizatı, elektromexanika sistemləri, xüsusən də ventilyasiya və sanitar xidmətin təşkili baxımından tətbiq edilən bir çox yeniliklər, tunel qurğularının mühafizəsi ilə bağlı istər səmərələşdirici, istərsə də texnoloji qərarlar bu gün həm sərnişinə xidmət səviyyəsinin yaxşılaşdırılması, həm də metropoliten obyektlərinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi baxımından əhəmiyyətli rol oynayır.

Rəis müavini deyir ki, kadrların hazırlanması, şəxsi heyətin peşəkarlığının  artırılması, xidmətə qəbul olunan gənc əməkdaşların xidmətdə özünü doğrultmaları üçün lazımı şəraitin yaradılması, onlara metropolitenin iş və istifadə qaydasının, texninki təhlükəsizliyin, metronun özünün təhlükəsizlik qaydalarının, həmçinin metropolitendə post-patrul xidmətinin aparılmasının xüsusiyyətlərinin Şöbənin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Cavid Cəfərov, şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Vaqif Mehdiyev və şöbənin rəis müavini tərəfindən izah olunması əldə olunan uğurların qarantıdır. Şöbənin əməkdaşlarına müxtəlif ölkələrin mütəxəssisləri tərəfindən treninqlər keçirilir, beynəlxalq təcrübənin öyrədilməsi üçün DİN və Baş İdarə rəhbərliyi tərəfindən mühüm addımlar atılır. Ötən dövr ərzində metropoliten ərazisində və qatarlarda baş vermiş bir çox cinayət faktlarının “isti izlərlə” açılmasında  müasir texnologiyalardan istifadə edilməsi şəxsi heyətin işində dönüş yaradıb. Müşahidələrimizdən də belə qənaətə gəldik ki, metropolitendə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üzrə fasiləsiz surətdə iş aparılır, terror təhlükəsinin qarşısını almaq üçün müəyyən olunmuş qaydada müvafiq tədbirlər həyata keçirilir.

Şöbənin rəisi, polis polkovniki Samir Hüseynovla söhbət zamanı o, bir arzusunu, istəyini də qeyd etdi. Dedi ki, sərnişinlər metroya daxil olarkən, yaxşı olardı ki, özləri əşyalarını polisə təqdim etsinlər. Bu, həm ümumi işin xeyrinədir, həm də hər birimizin təhlükəsizliyi üçün vətəndaşlar  tərəfindən atılan addımdır.  

Diqqətimizə o da çatdırıldı ki, sərnişinlərin də metroda olarkən, müəyyən vəzifələri var ki, bu vəzifələrdən çoxu onların təhlükəsizliyinə yönəlib. Məsələn, əgər vətəndaş qatarda olarkən hər hansı bir xoşagəlməz halla rastlaşarsa, metropoliten ərazisində şübhəli şəxs, əşya görərsə, mütləq metro nəzarətçilərinə və ya xidmət aparan polis əməkdaşına bu barədə məlumat verməlidir.

Paytaxt metrosunda asayişin keşiyində duran, təhlükəsizliyi təmin edən həmkarlarımız bu gün polis-vətəndaş münasibətlərinin formalaşması üçün etik-davranış kodeksinin müddəlarına riayət etməklə yanaşı, öz töhfələrini də verirlər.

Bu, onların devizidir: yəni metrodan istifadə edən hər bir vətəndaş, ölkəmizə gələn turuslər xoş üzlə qarşılanacaq və tam təhlükəsiz şəraitdə mənzil başına yetişəcəkdir.

Məlumat üçün bildirək ki, Şöbənin əməkdaşları idman sahəsində böyük uğurlara imza atıblar. Onların içində müxtəlif idman növləri üzrə dünya,  Aavropa və DİN çempionları var.  Bu il futzal üzrə keçirilən DİN birinciliyində də şöbənin komandası birinci yerin sahibi olub.

metro-iman-4

Əldə olunan uğurlar onu deməyə əsas verir ki, yeraltı şəhərdə asayişi təmin edən, nümunəvi xidmət mədəniyyətinin yaradıcıları kimi, cəmiyyət içində böyük nüfuza malik olan Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları cinayətkarlıqla mübarizədə də əllərindən gələni edəcək və sərnişinlərin rəğbətini qazanacaqlar.

 

Hafiz Təmirov,

polis mayoru

metro-3

metro-4

metro-5

metro-6

metro-idman-1

metro-idman-2

met-id-6