XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

08 İyul 2015 - 07:51

Həkimlər hədəfdə: Onların təhlükəsizliyinə niyə biganə yanaşılır?

Bakıda təcili tibbi yardım stansiyasının həkiminə qarşı zor tətbiq edilməsi ilə bağlı xəbər yayılıb. Hadisə iyulun 5-də gecə saatlarında Xəzər rayonu Binə qəsəbəsi Yeni sahə adlanan ərazidə baş verib.

10 saylı təcili tibbi yardım stansiyasının həkimi Şəfəq Alıyevanın boğazına bıçaq çəkilib. Belə ki, çağırış zamanı sözügedən əraziyə yollanan həkim xəstə Cahangir Əliyevə tibbi yardım göstərib. Bu zaman xəstənin oğlu Elbrus Əliyev həkimlərin gec gəldiyini bəhanə edərək, Şəfəq Alıyevanın boğazına bir neçə dəfə bıçaq dirəyib, onu söyüşlərlə təhqir edib. Sonra isə həkimi boğazını kəsəcəyi ilə hədələyib. Bundan sonra isə tibb bacısının üzərinə bıçaq çəkib. Hadisə barədə həkimlər dərhal “102” xidmətinə zəng vurub və təcili tibbi yardım maşını ilə stansiyaya qayıdıblar. C.Əliyev onların dalınca stansiyaya gələrək, yenidən hədə-qorxu gəlib.

Hadisə barədə açıqlama verən həkim Ş.Alıyeva E.Əliyevin tez-tez təcili yardıma müraciət etdiyini və ona yardıma gedən həkimləri öldürəcəyi ilə hədələdiyini deyib. Həkim onun əvvəllər narkotik maddələr qəbul etdiyi barədə məlumatın yayıldığını da qeyd edib.

Strateq.az xəbər verir ki, bu, son 4 ayda həkimlərə hücum edilməsi ilə bağlı mediada işıqlandırılan ikinci hadisədir. Bundan əvvəl belə hadisə aprel ayında Goranboy rayonunda baş verib. Rayonun Səfikürd kənd sakini Ramin çıraqov ona yardıma gələn tibb bacısı Cabbarova Əminə Əli qızına və sürücü Məmmədov Novruz Əli oğluna bıçaq xəsarətləri yetirib. Goranboy rayon polis şöbəsindən verilən məlumata görə, Ramin çıraqov psixi xəstəlikdən əziyyət çəkir.

Haqqında danışılan bu hadisələr onu göstərir ki, təcili tibbi yardım stansiyalarında çalışan həkim briqadalarının təhlükəsizliyi təmin olunmur. Həm də bu cür hadisələr gözlənilməz olduğundan, həkim briqadaları buna hazırlıqlı olmurlar. Ancaq insanların sağlamlığına cavabdeh olan şəxslərin öz sağlamlıqları təhlükə qarşısında qalırsa, məsələnin ciddi şəkildə araşdırılıb tədbir görülməsinə ehtiyac duyulur.

Göstərilən hər iki fakt təcili yardıma ehtiyacı olan şəxslərin psixoloji problemlərinin olduğunu göstərir. Bıçaqlanma hadisələri də məhz həmin xəstələrin ruhi durumunun kritik həddə olduğu anda baş verib. Bu, onu göstərir ki, ruhi-əsəb xəstələri ilə davranmaq həkimlərdən xüsusi qabiliyyət tələb edir. Və ya həmin çağırışlara xüsusi hazırlıqlı həkimləri göndərmək lazım gəlir.

Sadalanan faktlar göstərir ki, ölkəmizdə təcili tibbi yardım stansiyalarının fəaliyyətində ciddi yeniliklərə ehtiyac var. Bəs bu istiqamətdə nə işlər görülür? Həkimlərin təhlükəsizliyini təmin etmək üçün hansı işlər planlaşdırılır?

Suallarımızı Səhiyyə Nazirliyinin rəsmilərinə ünvanladıq. Əvvəlcə SN Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi ilə danışmaq istədik. Stansiya əməkdaşları baş həkimin ezamiyyətdə olduğunu bildirdi. Suallara cavab verə biləcək başqa rəsmi şəxsin olmadığını vurğuladı. Eyni zamanda Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyası ilə əlaqə saxlamağı tövsiyyə etdilər. Həmin qurumun baş həkimi Rauf Nağıyev isə məsələyə maraqlı prizmadan yanaşdı:

“Baş vermiş zorakılıq faktı ilə bağlı polisdə araşdırma aparılır. Həkimlərin təhlükəsizliyinə gəlincə, biz hər bir həkimin yanında bir mühafizəçi qoya bilmərik. Həm də onlar briqada şəklində çağırışa gedirlər. Hara getdiklərini, hansı təhlükənin olacağını da qabaqcadan təxmin edə bilirlər. Ona görə də hazırlıqlı olurlar. Biz hazırda təcili yardım briqadalarına cavan mütəxəssislər cəlb etmişik. Onlar da vəzifələrinin öhdəsindən gələ bilirlər. Gözlənilməz hadisələr baş verdikdə isə Azərbaycan polisi bizi qoruyur. Qarşılıqlı əməkdaşlıq sayəsində həkimlərin təhlükəsizliyini təmin etməyə çalışırıq”.

Məsələyə münasibət bildirən ekspertlər isə həkimlərin qəfil hücumlardan qorunması üçün tələb olunan tədbirlərdən danışdılar. Onların fikrincə, təcili tibbi yardım xidmətinin keyfiyyətini artırmaqla xoşagəlməz halların qarşısını almaq mümkündür.

Uzun illər xaricdə fəaliyyət göstərən, hazırda özəl klinikalraın birində uşaqların sağlamığının keşiyində olan həkim Vaqif Qarayev tibb işçilərinin təhlükəsizliyinin müvafiq qurumların rəhbərliyindən asılı olduğunu vurğulayıb:

“Həkimlərin təhlükəsizliyi üçün, birinci növbədə, rəhbərlik öz həkiminə sahib çıxmalıdı. Bu yaxınlarda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəhbərliyi dəyişib və ümid edirəm ki, bu məsələyə ciddi yanaşılacaq. Konkret bu hadisələrdə dərhal polisə məlumat verilməli və bu xuliqanin cəzalandırılmasına rəhbərlik səviyyəsində nail olunmalıdır”.

Təcili yardım briqadasının ünvana vaxtında çatmamasına gəlincə, V.Qarayev bunu nəqliyyat sistemindəki mövcud problemlərlə izah edib:

“Gündüz saatlarında təcili yardım həkimlərinin çağırış yerinə gec gəlməyin yeganə səbəbi tıxaclardır. Və burda həkim qətiyyən günahkar deyil. Xüsusi təyinatli avtomobillər, o cümlədən, təcili tibbi yardım maşınları üçün yollarda xüsusi zolaqlar olmalıdır. Amma bu, hələlik arzu olaraq qalır. Gecə saatlarında isə ünvanı, xüsusilə yeni salınan massivlərdə evləri tapmaq müşkülə dönür və ona görə də vaxtında çatmırlar. İnsanlar yaşadıqları yerin ünvanını dəqiq bilmirlər”.

V.Qarayev həkimlərə qarşı zor tətbiq edilməsinin qarşısını almaq üçün medianın gücündən istifadə edilməsini vacib sayır:

“Təcili yardımın keyfiyyətini aşağı salan başqa bir səbəb isə çağırış yerində həkimə olan aqressiv münasibətdir. Birbaşa həkimə zorakılıq göstərib vaxtında yardım göstərməyə mane olurlar. Bütün bu məsələlər barədə Təcili Yardım Stansiyasının rəhbərliyiəhaliyə mətbuatda və TV-lərdə məlumat verməlidir. Əvvəlki rəhbərlyin bir “problemi” vardı – “Sizdən pul alsalar, bizə məlumat verin”. Haqlı-haqsız, bütün şikayətlərdə həkim cəzalandırılırdı. İndiki rəhbərlik rasional düşüncəlidi və ümid edirəm ki, öz həkimini qoruyacaq”.

Göründüyü kimi, həkimlərin təhlükəsizliyinin təmin olunması həm də hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq məsələsini aktuallaşdırır. Rəsmi strukturların bu məsələyə ciddi yanaşaraq təcili tədbirlər görməsi labüddür.

Fərqanə Allahverdiqızı

Strateq.az