XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

10 İyul 2015 - 10:57

Mərkəzi Nəbatat Bağına yeni su xətti çəkiləcək

Xeyli müddətdir susuzluqdan əziyyət çəkən AMEA-nın Mərkəzi Nəbatat Bağında vəziyyət, hələ ki, dəyişməyib. Bu günlərdə sosial şəbəkələrdə yayılan videogörüntülər də bunu təsdiqləyir. Nəzərə alsaq ki, bağda Azərbaycan təbiətinə aid nadir bitkilər qorunur, onların susuz qalmasının acı nəticələrini təsəvvür etmək elə də çətin deyil.

Problemlə bağlı Strateq.az-a açıqlama verən Mərkəzi Nəbatat Bağının direktor müavini Vahid Fərzəliyev bitkilərin yayın isti günlərində susuzluqdan yanmasını suyun təzyiqinin az olması ilə əlaqələndirib:

“Bağa verilən su xəttində təzyiq çox aşağıdır. Ona görə də bağı su ilə tam təmin eləmir. Problem də ondan yaranıb. Suyun təzyiqi o qədər azdır ki, bağın hər tərəfinə gedib çatmır. Eyni zamanda, həmin xəttə su fasilələrlə – günün müəyyən saatlarında verilir. Verilən suyun həcmi bizi qane etmir. Faktiki olaraq, bu gün su problemi yaşayırıq”.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının ərazisi 41 hektardan artıqdı. Burada hamıya tanış olan bitkilərlə yanaşı, nadir nümunələr də qorunur. Lakin susuzluq onların məhv olmasını qaçılmaz edib. Bu il havaların isti və quraq keçməsi isə vəziyyəti daha da çətinləşdirib.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət etdiklərini deyən V.Fərzəliyev qurum nümayəndələrinin su xətti üzərində işlədiklərini bildirib:

“Biz “Azərsu” ASC-yə müraciət etmişik. Mütəxəssislər gəlib yerində baxıblar. çox güman ki, yeni su xətti çəkiləcək. Amma bunun nə vaxt gerçəkləşəcəyini bilmirik. Biz də əlimizdən gələni edirik ki, kolleksiyanı qoruyaq. Alternativ yollar axtarırıq. Müəyyən günlərdə maşınlarla su daşıyaraq bağı sulamışıq. Ancaq bu da təlabatın ödənməsinə kifayət etmir. Bağın elə sahələri var ki, ora maşın girə bilmir. Elə bitkilər var ki, suya qarşı çox tələbkardılar. Məsələn, qızılgül kolları. Onları vaxtında sulamaq lazımdı. Bacardığımızı edirik, ancaq bu, kifayət deyil”.

“Yaranmış problemin aradan qaldırılması üçün hansı tədbirlər görülür?” – sualımıza “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı cavabında deyib ki, Nəbatat Bağının su ilə təminatında yaranan problem iyul ayı ərzində aradan qaldırılacaq:

“20 may – 20 iyun 2015-ci il tarixlərində bağa 13 min 600 kub metr su vermişik. İndiki xətlə tələbatın pik vaxtında su zəif gedirdi. Bağ rəhbərliyi bizə müraciət etdi. Bundan sonra mütəxəssislərlə birgə Bağa yeni su xəttinin çəkilməsi ilə bağlı layihə işlənildi. Artıq layihə təsdiqlənib. Yeni layihəyə əsasən, birləşmə nöqtəsi olaraq başqa magistral xətt seçilib. Orada təzyiq yüksəkdir. çox güman ki, bundan sonra tələbat tam ödənəcək. Problem bu ay ərzində öz həllini tapacaq”.

Fərqanə Allahverdiqızı

Strateq.az