Dünyada yeni doğulan 77 milyon körpə, yəni hər ikinci uşaq həyatının ilk saatı ərzində ana südü ilə qıdalanmır.
BMT-nin məlumatına görə, nəticədə körpələr dünyaya gəldiyi ilk dəqiqələrdən zəruri qida maddələri və qoruyucu zülallar almır, anaları ilə ünsiyyətdən kənarda qalırlar. Bu isə onlarda xəstəlik, hətta ölüm riskini xeyli artırır. “Əgər körpə doğulandan sonra anası ilə ilk təmasdan kənarda qalırsa, onun sağ qalmaq şansı azalır. Bu, eyni zamanda, qadının süd hasil etmək qabiliyyətinə mənfi təsir göstərir”, – deyə BMT-nin Uşaq Fondunun (UNICEF) baş diyetoloqu Frans Beqin bildirib.
Ekspertlərin sözlərinə görə, hətta uşaq ana südü ilə bir gün sonra əmizdirilərsə, bu da onların ölüm ehtimalını 80 faiz artırır. “Ana südü yeni doğulan körpə üçün ilk vaksindir. Bu, xəstəliklərə qarşı ilk və ən etibarlı vasitədir”, – deyə F.Beqin vurğulayıb.
UNICEF ilk yarım ildə uşağa yalnız ana südü verməyi tövsiyə edir. Həkimlər xatırladırlar ki, ana südü ilə qidalanan uşaqlar yaxşı oxuyurlar, piylənməyə və diabetə daha az məruz qalırlar. Bununla yanaşı, körpəni əmizdirmə ana üçün də faydalıdır. Bu, onlarda süd vəzi və yumurtalıq xərçəngi xəstəliyi riskini azaldır.