“Yarışda ikici yerin sahibi olmaq, üçüncü yeri tutmaqdan çox ağırdır. Bilirsiniz, niyə? çünki sən qələbənin bir addımlığındasan və qələbə sevincini isə birinci yeri qazanan idmançı yaşayır. Bax, bu ağrı səni uzun illər tərk etmir və heyfslənirsən”…
çoxları kimi mən də Ayxan Mamoyevi ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarından sonra tanıdım. Yuxarıda oxuduğunuz fikir də Ayxana məxsusdur. İxtisasca riyaziyyatçı olan çempionumuzun bu fikri, doğurdan da, riyazi dəqiqliklə ölçülüb-biçilib.
Soyadını televiziyadan eşidərkən, ilk beynimdən keçən uzun illər daxili işlər orqanlarında çalışmış və bu gün də DİO-nun maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi fondunun direktoru, polis veteranı Bakir Mamoyev oldu. Bu soyad oxşarlığının əvvəlcə fərqinə varmamışdım və bir neçə gün öncə həmsöhbət olarkən, stolunun üstündəki şəkillər diqqətimi çəkdi. Ayxanın şəkilləri idi. Düzü, mənə elə gəldi ki, bu yaşında da patriot olan, doğulduğu torpaqları bir an belə unutmayan və həmişə biz gəncləri görəndə “Qarabağa getməliyik” deyən Bəkir müəllim bayrağımızı ucaldan oğulların şəklini stolunun üstünə qoymaqla, sanki, onların qazandığı qələbələrlə təskinlik tapır.
“Bəkir müəllim, stolunuzun üstündəki şəkillərdən gördüm ki, siz də idmançılarımıza böyük ürək yanğısı ilə azarkeşlik edib onların qələbəsinə sevindiniz” sualıma cavab verməyə tələsməyən qocaman həmkarımın üzündə, sanki, sevinc qığılcımları oynadı. Şəkillərdən birini əlinə götürüb ürəyinin üstünə qoydu və axısqa türkünün şirin ləhcəsi ilə: “Ayxan bənim bircəcik nəvəm, gözümün nurudur, o alın təri və zəhməti ilə böylə bir idman yarışında qalib olmaqla həpimizi sevinc göz yaşlarına boğdu, Azərbaycan xalqına və dövlətinə başucalığı gətirdi, oğul”,- dedi.
Ağsaqqal pərtliyimi hiss edib “Bu gün çoxu bilmir ki, Ayxan mənim nəvəmdir, sən hardan biləsən”,- deyib məni vəziyyətdən çıxardı.
“O, birazdan gəlib məni əvə (evə) aparacaq. İstərsən, bir tanış olun, biri-birinizi tanıyın” – deməklə Bəkir müəllim ürəyimdən xəbər verdi.
Babasının qarşısına gəlib, əvvəlcə onun əlini öpüb, sonra görüşməyi diqqətimdən yayınmadı. Axısqa türklərində böyüyə hörmətin, rəğbətin göstəricisi olan bu ənənənin bugünümzə qədər gəlib çatması ondan xəbər verir ki, türk kimliyində ailə nizamı, böyük-kiçik münasibətləri hələ pozulmayıb, gələnəklərimiz saflığını qoruyub saxlayır.
Və beləcə dəfələrlə dünya və avropa çempionu olmuş, Birinci Avropa Oyunlarında qızıl medal qazanaraq bayrağımızı ucaltmış, himnimizi səsləndirmiş Ayxan Mamoyevi yaxından tanımaq şərəfinə nail oldum.
Gənc yaşlarından böyük titullara sahib olan, 23 yaşında möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilən Ayxanın, sadəliyi, səmimiyyəti həm də ailədə gördüyü və götürdüyü tərbiyənin bariz nümunəsi idi.
Sadə bir ailədən boy verən bir vətən oğlunun gələcək hədəflərini bəlli edən arzularını eşitmək, yəqin ki, hər birimiz üçün xoş olar və mən o arzularda gələcək Olimpiya oyunlarının mükafatçısını, qalibini gördüm. Qələbəyə gedən ağ yolun üfüqlərini Ayxan özü isə belə görüb və görür:
“Bu gün karate qeyri-olimpiya idman növüdür. Ancaq fikir var ki, o, 2020-ci ildə Olimpiya idman növü kimi təsdiq olunsun. İnanıram ki, ölkə Prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısı ilə əhatə olunan biz idmançılar hər bir yarışdan qalib kimi ayrılıb adımızı təkcə Azərbaycanımızın deyil, həm də dünyanın idman tarixinə qızıl hərflərlə yazacağıq.”
“Birinci Avropa Oyunlarında yüksək nəticə əldə etməyinin əsas səbəbi nə oldu” sualıma isə o, belə cavab verdi: “Mən inanclı bir insanam, hər zaman uca Yaradandan özümə səbr, inam, güc-qüvvət və zehin aydınlığı istəmişəm. Və bir də bir nüansı xatırlatmaq istəyirəm. Hər məşqdən sonra məşqçimiz Rəhman Həsənovun üzümüzü Azərbaycan bayrağına tərəf çevirib, əlimizi ürəyimizn başına qoyub dövlət himnimizi oxutdurması mənim kimi hər bir gəncə qələbə sevincini yaşamaq üçün stimul verib. Himni oxuyarkən elə hiss etmişik ki, fəxri kürsünün ən yüksək pilləsindəyik”…
O, Vətənimizdə keçirilən heç bir yarışda məğlub olmayıb…
Oktyabr ayında hərbi xidmətə yollanacaq çempionumuzu gələn il dünya və Avropa, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları gözləyir. İnanırıq ki, o, yenə də ümidləri doğruldacaq, yurdlarına dönmək arzusu ilə yaşayan Axısqa elini, Qarabağ deyəndə, həsrətdən dodaqları çatlayan həmvətənlərimizi qazandığı qələbələrlə hər an, hər gün gözlədiyimiz Böyük Qələbəyə ruhlandıracaq…
İlk Avropa oyunlarına ev sahibliyi edən ölkəmizi bu gün bütün dünya tanıyır. Həmrəyliyimizin təntənəsi olan və bizi hər sınaqdan üzü ağ çıxaran “Mən həmişə fəxr etmişəm ki, Azərbaycanlıyam” nidasına sadiqliyimizin nəticəsidir ki, 20 idman növünün 12-də mükafatçılar sırasında olduq. 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazandıq. Mübarizə olsa da, tarixən sülhün, barışığın sədaqət rəmzi sayılan idmanda əldə etdiyimiz qələbələr hər birimizə Vətən daşı olmağın sevincini yaşadacaqdır – karate üzrə Birinci Avropa Oyunlarının qalibi, qızıl medalçısı Ayxan Mamoyev kimi…
Hafiz Təmirov,
polis kapitanı