Ölkəmizdə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması, həmin ailələrə bu yardımların təyin olunması və ödənişi prosesi davam etdirilir. Bu ilin fevral ayının 15-dən tətbiqinə başlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə 19 minə yaxın ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin olunub.
VEMTAS ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə xidmətlərin müasir və şəffaf, məmur-vətəndaş təmasları olmadan, vətəndaşlar üçün çevik və rahat şəkildə həyata keçirilməsini tam təmin edir. Bunun nəticəsidir ki, ünvanlı dövlət sosial yardımının təyinatının avtomatlaşdırılması, həmin sistem vasitəsilə sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təmin edilməsi elə ilk vaxtlardan cəmiyyətdə birmənalı olaraq rəğbətlə qarşılanıb. Həmin sistem tərəfindən ötən müddətdə 75 min 268 nəfər ailə üzvü olan 18 min 855 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin olunub.
Hazırda ölkədə ümumilikdə 573 min 903 nəfər ailə üzvünü əhatə edən 131 min 726 nəfər ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Nazirlik tərəfindən Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı ilə aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması istiqamətində işlər aparılır. Sərəncamla qeyd olunan məqsəd üçün ayrılan 6 milyon manat vəsait hesabına ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluğu təmin ediləcək. Əmək qabiliyyətli ailə üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatları yaradılması ilə bağlı zəruri tədbirlər görüləcək. Özünüməşğulluq layihələrinə cəlb olunacaq vətəndaşlara biznesin təşkili ilə bağlı təlimlər də keçiriləcək, onlara biznes fəaliyyətinin inkişafı ilə bağlı məsləhətlər veriləcək.