“Hər bir münasibətdə iki dilənçi var”
Son dövrlərdə sevgi münasibətləri və ailə-məişət problemləri zəminində baş verən cinayətlər və təcavüzlər artmaqdadır. Psixoloq İbrahim İbrahimov ilə psixologiya və sevgi anlayışı fonunda bu problemlər haqda söhbətləşdik.
Müsahibimiz haqqında arayış:
İbrahim İbrahimov 1986-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Cənubi Rusiya Universitetinin Tibbi psixologiya fakultəsində və Fransa Uniman Universitetinin təlimcilik fakultəsində təhsil alıb. Hazırda bir sıra özəl şirkət və dövlət müəssisələrində psixoloq-təlimçi kimi fəaliyyət göstərir.
– İbrahim bəy, ilk olaraq psixologiyada segi qavramı haqqında qısa məlumat verə bilərsiniz?
– Sevgi ümumi anlayışdır. Sevginin növləri var. Əgər biz gənclərdən sevgi nədir deyə soruşsaq, onlar ilk öncə qarşılıqlı münasibətləri başa düşəcəklər. Sevgiyə müxtəlif cür yanaşmalar var. E. From Marksdan bəhrələnərək sevgini insanın ətraf mühitə olan münasibəti kimi təsvir edirdi. Problemləri isə insanın özündə yox, ətraf mühitdə axtarırdı. Psixoanalizdə, Freydin nəzəriyyəsində belə hesab olunur ki, sevgi bir köçürmədir. İnsan uşaqlıqda kiməsə duyduğu hissləri – bu, ən çox onun valideynləri olur – böyüdükcə obyektlərə köçürməyə başlayır. Zaman keçdikcə vətən sevgisi anlayışı formalaşır. Və bu sevginin özülündə də ana sevgisi dayanır. Təsadüfi deyil ki, əsgərləri motivasiya etmək üçün vətən məhz anayla eyniləşdirilir. Və insan bu düşüncə ilə, hətta ölümə də gedə bilir.
– İnsanı ölümə qədər götürə bilirsə, o zaman bu düşüncənin aşılanması doğrudurmu, sizcə?
– çətin sualdır. Təbii ki, hər zaman doğru deyil. Amma hər bir insan üçün onu yaşadan və uğrunda nələrisə itirməyə hazır olduğu dəyərlər var. Tamamilə bunlardan qurtularaq da yaşamaq mümükün deyil. İnsan tamamilə rasional düşüncə ilə yaşasa, həyat olduqca maraqsızlaşa bilər. İnsan yaşamaq üçün mütləq bağlanmalıdır. Adi psixoloq-pasient münasibətlərini götürək, pasient psixoloqa inanmalı, ona bir mənada bağlanmalıdır ki, konsultasiya davam edə bilsin.
– Bəs bu bağlılıq asılıq dərəcəsinə çata bilirmi?
– çatır. Filosoflardan kimsə deyib ki, istənilən yaxşı münasibət asılılıq yarada bilir. Psixoloq-pasient münasibətlərində bunlar daimi nəzarət altında olduğu üçün tənzimlənə bilir. Psixoloqun pasientin uşaqlıq dövrünə enib, valideynləri ilə münasibətini araşdırmaq, travmanın mənbəyini, problemlərin kökünü tapa bilməsi üçün bu bağlılığın yaranması vacibdir. Freyd bunu əvvəllər maneə kimi dərk edirdi, sonralarsa, anladı ki, bu psixoanalizdə a və b-dir.
– Sevgi münasibətləri iki insan arasında başlasa da, zamanla bu aralıqdan çıxır, cəmiyyət hadisəsinə çevrilir və bu proses intiharlara, cinayətlərə, sosial problemlərə aparıb çıxara bilir. Bunun səbəbləri haqqında danışa bilərsiz?
– Oşo deyirdi ki, sevgi – verməkdir. Təəssüf ki, insanların çoxu məhz almaq üçün sevir. Münasibətlərin başlanğıcında sanki iki dilənçi var və onlar bir-birinə çox şey vəd edirlər. Zaman ötdükcə gerçək ortaya çıxır və məlum olur ki, bunların heç birinin bir-birinə verəcək nələrisə əslində yoxdur. Beləliklə, konfilikt yaranmağa başlayır. İnsanların əksəriyyəti psixologiya və fəlsəfədən, sevginin mahiyyətindən xəbərsiz olduqları üçün rastlaşdıqları bu illuziya ilə necə davranacaqlarını anlaya bilmirlər. Gerçəklik onları psixoloji böhrana sürükləyir. Suallar yaranır – “necə oldu ki, bu qədər şey yoxa çıxdı, yəni doğrudanmı hər şey yalan imiş? Və itirmə duyğusu, daha sevilməmək hissi insanları depressiyaya sürükləyir. Bu prosesdə insanlara psixoloji dəstək lazımdır.
– Amma bu prosesdə insanlar peşəkar psixoloq dəstəyi almaq əvəzinə çox vaxt yaxınlarına, ətrafdaı dost-tanışa müraciət edirlər və yanlış addımların atılmasında sizcə, bunun da təsiri ola bilirmi?
– Haqlısınız. çox vaxt problemlər məhz yanlış məsləhətlərin, yanlış istiqamətləndirilmələrin nəticəsində yaranır. Və bu faciələrə də yol aça bilir. Bu vəziyyətdə olan insan anlaqsız olduğu üçün istənilən təlqinə hazır olur. Ərtaf bu insanı asanlıqla uçuruma sürükləyə bilir. Digər tərəfdən insanın özü “atılmışlıq kompleksi’’nin təsirilə də yanlış hərəkətlərə meylli olur. Sevgi üçün qətl törədən yaxud intihar edən şəxslərin təhtəlşüurunda gizli bir qəhrəmanlıq eşqi yatır – “mən öldürəcəm, yaxud öləcəm, sevgim dillərə dastan olacaq’’. Cəmiyyət bu cür şeylərlə qidalanır; oxuduğumuz əsərlər, baxdığımız filmlər, seriallar, Leyli və Məcnunun aqibəti, bizi bu fantazıyalarımızı reallaşdırmağa sövq edə bilir.
– Münasibətlərdə sevginin maniyaya çevrilməsində qarşı tərəfin də rolu ola bilirmi?
– Sözsüz ki, qarşındakı insan səni hansısa maniakal davranışa təhrik edə bilər. Amma əksər hallarda bu davranış sənin özündən asılı olur. Münasibətlərdə ən çox problem yaradan tərəf keçmişində hansısa travması olanlardır. özünə əminliyi olmayan insan öz zəif tərəfləri ilə özünü təsdiqə çalışır və nəticədə seksual manyaklık da yarana bilir.
– Bizim cəmiyyətdə sevgi münasibətləri bir növ “qadağan olunmuş zona’’dır. Sizin fikrinizcə, ailədə uşaqlara sevmək (qarşı cinsi) tərbiyə olunmalıdırmı?
– Seksual təcrübələri valideynlərdən eşitməyən uşaq kənardan yanlış informasiyalar ala bilir. Eyni şeyi sevgi üçün də deyə bilərik. Nə qədər ki, valideyn-uşaq arasında bu cür pərdələr var, bu gün gördüyümüz faciəli nəticələr həmişə olacaq. Təsəvvür edin, bir uşaq intihar edir və valideyni şoka düşür – necə oldu ki, mənim övladım intihar etdi, problemi nə idi, mənim bundan niyə xəbərim olamyıb. İnsana bioloji yaxınlıq bəs etmir. İnsanlar bir-biriylə danışa bilməlidirlər. İllərlə eyni evdə yaşayıb problemlərini bir-biriylə bölüşə bilməyən adamlar var.
– Bu prosesdə məktəb psixoloqlarının nə kimi əhəmiyyəti olmalıdır?
– Demək olar ki, bütün məktəblərdə psixoloq ştatları var. Amma araşdırsaq, onların neçə faizi öz işləriylə məşğul olurlar? Məktəbdə psixoloq müəllim qədər vacibdir. Buna görə də Təhsil Nazirliyi tərəfindən psixoloqlara məktəbdə hadisələrə müdaxilə səlahiyyəti verilib. Depressiyada olan uşaq dərslərini oxuya bilmir, evdə valideynlər, məktəbdə müəllimlər uşağı sıxışdırır və nəticədə uşaq əlavə yüklənir. Beynindəki, psixologiyasındakı problemləri həll etmədən uşaq dərsə və ya başqa bir fəaliyyətə fikrini cəmləyə bilmir. Məktəb, ardınca universitet və gənclik dövründə bu boşluqlarla böyüyüən insan müəyyən yaşa çatdıqda yetk
in biri əvəzinə bütünlüklə boşluqlardan ibarət olur. Fikrimcə, məktəblərdə psixoloqların fəaliyyətinə ciddi nəzarət olunmalıdır. Məktəb psixloqları seminarlar təşkil etməli, mövzular qoymalı, uşaqlarda maraq yaratmalıdırlar.
Söhbətləşdi: Fəridə Məmmədova