XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2015 - 09:39

Ədalət Tahirzadə: “Azərbaycan tarixi” fənni müstəqil qalacaq!

edalet-tahirzade.jpg

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun mətbuat xidməti həyəcanla və ciddi narahatlıqla dolu xəbər yayıb. Xidmətdən verilən məlumata görə, iyulun 10-da Təhsil Problemləri İnstitutunda orta məktəblərdə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələ müzakirə edilib. Müzakirələrdə bundan sonra orta məktəblərdə “Azərbaycan tarixi”nin ayrıca fənn kimi deyil, “Tarix” fənninin tərkibində tədris olunması təklif edilib.

Sovet dövrünə qayıtmaq kimə lazımdır?

Tarix İnstitutu belə bir müzakirənin müstəqillik illərində qaldırılması və müzakirəyə çıxarılmasının dərin təəccüb və təəssüf hissi doğurduğunu vurğulayıb:

“Bu məlumatla tanış olarkən Sovet dövründə Azərbaycan tarixinin “Diyarşünaslıq” fənni tərkibində 24 saat həcmində tədris olunması, ağır mübarizələrdən sonra “Azərbaycan tarixi”nin o zaman müstəqil fənn kimi tədris olunmasına nail olduğumuz yada düşür. Sovet dövründə hətta “Azərbaycan tarixi”nə ayrılan saatların “ümumi tarix”ə ayrılan saatlar qədər olmasına da nail olundu. 1990-cı ildə isə üz qabığında üçrəngli bayrağımızın əks olunduğu “Azərbaycan tarixi” proqramı da çap edildi. Həmin proqram 1990-cı ildə Fövqəladə Vəziyyət günlərində çap olundu. İnsanı təəccüb bürüyür: görəsən, müstəqillik dövründə, özü də ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə böyük önəm verdikləri halda yeni nəslə, xüsusən də gənclərimizə vətənpərvərlik ruhunun aşılanması ən mühüm vəzifə kimi qarşıda durduğu bir zamanda, nəhayət, Vətənin bir hissəsinin işğal olunduğu şəraitdə ölkədə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması ideyası kimin ağlına gəlib?!”

AMEA Tarix İnstitutunun əməkdaşları tariximizi saxtakarlıqlardan, təhriflərdən təmizləməklə məşğul olduğunu vurğulayaraq “Azərbaycan tarixi” fənninin ləğv edilməsinin yolverilməz olduğunu bildiriblər.

Təəssüf ki, belə bir vacib tarixi şəraitdə bu xəbəri müsbət qarşılayanlar da tapıldı. Bəzi qələm adamları qonşu ölkələrin təcrübəsinə əsaslanaraq, “Azərbaycan tarixi” fənninin ümumdünya tarixi içərisində tədrisini doğru addım kimi qiymətləndiriblər. Onların fikrincə, tarixçilər indiyədək Azərbaycan tarixini yaza bilməyiblər, yazılan və tədris olunan tarix isə Azərbaycan tarixi deyildi, daha çox İran tarixi idi.

“Bunu müzakirə etmək ayıbdır”

Uzun illər Azərbaycan Cümhuriyyətinin tarixini araşdıran dəyərli alim, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə məsələ ilə bağlı fikirlərini Strateq.az-la bölüşüb.

“Bu məsələnin qəbul edilib-edilməyəcəyindən asılı olmayaraq, hətta müzakirəyə çıxarılmasının özü ayıbdır! Ola bilər ki, kimlərinsə bəzi dərslik müəlliflərindən xoşu gəlmir və onun qisasını “Azərbaycan tarixi” fənnindən almaq istəyir. Onda bunun adı şərəfsizlikdir! Şevardnadzedən “kadrları hansı prinsip üzrə seçirsiniz?” deyə soruşduqda, o demişdi ki, “Gürcüstan tarixini yaxşı bilib-bilmədiyinə görə!””

Qeyd edək ki, “Azərbaycan tarixi” fənninin ayrıca deyil, “Tarix” fənninin tərkibində tədris edilməsi məsələsi 1990-cı illərdə də qaldırılıb. Ancaq o zaman təhsil nazirinin müavini olan Ədalət Tahirzadənin və digər ziyalıların ciddi təpkisi ilə bu addımın qarşısı alınıb:

“O zaman biz bunun qarşısını aldıq və “Azərbaycan tarixi”nin ayrıca bir fənn kimi tədris edilməsini təmin etdik. Şəxsən mənim təşəbbüsümlə hətta bütün qeyri-humanitar ali məktəblərdə də “Azərbaycan tarixi” üzrə saatların sayını 4-5 dəfə artırmaq haqqında rəsmi göstəriş verilmişdi və rektorlar bundan təhsil naziri Firidun Cəlilova şikayət etmişdilər. İndi bu məsələni qurdalayanların köhnə kommunistlər olduğunu düşünürəm, çünki onlar Azərbaycanı heç vaxt müstəqil görmək istəməyiblər”.

İran və kommunizm ideologiyasından uzaq kitablar

Ə.Tahirzadə indiyədək “Azərbaycan tarixi” dərsliklərinin layiqincə yazılmaması fikrinə də münasibət bildirib:

“Hansı dərslikləri nəzərdə tutduqlarını bilmirəm, ancaq bu iradları 1992-ci ildən sonraya aid etmək əsla mümkün deyil. Bu cür düşünmək 100-dən artıq alim, müəllim və metodistin fədakar əməyini bütünlüklə inkar etmək və ölçüyəgəlməz ədalətsizlikdir. Bu, ən azı, 1992-1993-cü illərdə Ağdamda şəhid qohumlarının yasına getməyərək, yay məzuniyyətinə çıxmayaraq “Azərbaycan tarixi” dərsliklərini redaktə etmiş mərhum professor, ozamankı Təhsil Nazirliyi “Azərbaycan tarixi” üzrə elmi-metodik şurasının sədri olmuş Tofiq Vəliyevin ruhunu incitməkdir! Bəli, ilk illər həmin dərsliklər hələ tam qaydasında deyildi, çünki olduqca qısa vaxtda çox tələsik hazırlanmışdı. Ancaq sonrakı illərdə onlar xeyli siyasiləşdirilsə də artıq kommunizm və İran ideologiyasından uzaqlaşmış və Azərbaycanın gerçək tarixini ən azından 70 faiz doğru əks etdirən dərsliklərdi”.

Burun çirkli olanda…

Qeyd edək ki, bəziləri Türkiyə və digər ölkələrdə ölkə tarixinin ayrıca deyil, ümumi tarix fənninin tərkibində tədris edildiyini əsas gətirərək bizdə də bu modelin tətbiq edilməsinə tərəfdar çıxıblar. Ə.Tahirzadənin bu məsələyə münasibəti isə daha fərqlidir:

“Doğrudur, Türkiyə orta məktəblərində ümumi adı “Tarix” olan dərsliklər tədris edilir. Ancaq, birincisi, həmin dərsliklərdə aparıcı yeri Türkiyə/Osmanlı/Türk dünyası tarixi tutur. İkincisi isə, Azərbaycan təhsil sistemi Türkiyə təhsilinin bugünkü səviyyəsinə 20 ildən sonra çata bilər. Həmin oturuşmuş sistemdə Türkiyə tarixinin “Tarix” adı altında keçilməsi qorxulu deyil. Ancaq Azərbaycan kimi müstəqilliyini yeni qazanmış ölkədə bunu etməyin çox acı fəsadları ola bilər. Türkiyə orta məktəblərində 2014-2015-ci illərdə tədris edilmiş aşağıdakı dərsliklərin siyahısına baxın: Bədən tərbiyəsi və idman tarixi, Müasir dünya sənəti, Müasir türk və dünya tarixi, İslam tarixi, İslam əxlaqı, Qurani-Kərim, Dil mədəniyyəti və əxlaq bilgisi, məntiq, psixologiya… Bəli, qardaş ölkədə onlarca belə fənn tədris olunur, bu adda dərsliklərdən yararlanılır. Bu fənlər nə vaxt Azərbaycan məktəblərində keçilərsə “Azərbaycan tarixi”ni də o zaman ümumi tarixin içində keçmək olar”.

Tarixçilərimizin işində, tarixşünaslığımızda qüsurların olduğunu inkar etməyən Ə.Tahirzadə onların zamanla aradan qaldırılacağını vurğulayıb:

“Qüsur var deyə “Azərbaycan tarixi” fənni ləğv olunsun?! Son illərdə Azərbaycan tarixi üzrə son 200 ildə görüləndən daha çox iş görülüb. Bunu danmaq ədalətsizlik olar. Dərsliklərə gəlincə, əlbəttə, onlarda qüsurlar var və olacaq da. Ancaq bizlərdə haqlı bir misal var – burun çirkli olanda onu kəsib atmazlar. Konkret çatışmazlıqlara gəlincə, onların zaman keçdikcə yerini tutacağına ürəkdən inanıram. Bu tarixi yaradan millət onu layiqincə öyrənməyi də bacaracaq!”
.

TBİ-də rəsmi müzakirə olmayıb?

Ədalət Tahirzadə bu xəbərin yayılması məsələsinə də aydınlıq gətirdi:

“Bu mövzu, söz yox ki, təhsillə bağlı olan hər kəsi maraqlandırırdı. Dünən axşam Təhsil Nazirliyində məsul işdə çalışan bir dostumla söhbətimizdə o, Tarix İnstitutu mətbuat xidmətinin yaydığı xəbərə və feysbukda paylaşılan fikirlərə öz baxışlarını açıqladı. Aydın oldu ki, Təhsil Problemləri İnstitutunda belə bir rəsmi müzakirə getməyib, yalnız qeyri-rəsmi söhbətdə təhsildəki bir çox konkret problemlərdən söz açılarkən bu məsələyə də ötəri toxunulub. Ancaq “Azərbaycan tarixi” fənninin ümumdünya tarixi içərisində əridilməsi fikrinin həmin İnstitutda qəbul edilməsi mümkünsüzdür.

Doğrusunu deyim ki, bu sözlərin səmimiliyinə tam inandım, çünki dostum dediyi hər sözün ağası olduğunu indiyədək daim sübut edib. Həm də aydınlaşdı ki, Təhsil Problemləri İnstitutundakı mənəvi durum 10-15 il öncəkindən yaxşılığa doğru kəskin dəyişib. Gizli deyil ki, həmin İnstitutda vaxtilə şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan qaragüruhçu bir dəstə söz yiyəsi idi və həmin dəstə Təhsil Nazirliyinin özəlliklə proqram və dərslik sahəsində gördüyü bütün işlərə qara yaxmaqla məşğuldu. Bu hal mərhum Abdulla Mehrabovun direktorluğa başlamasınadək davam etmişdi. İndi isə orada milli dəyərləri yüksək qiymətləndirən və Təhsil Nazirliyi ilə əl-ələ verərək çalışan insanlar rəhbərlikdədir. Bu üzdən də onların “Azərbaycan tarixi” fənnini aradan götürməyə çalışması ağlasığan deyil”.

Fərqanə Allahverdiqızı

Strateq.az