Yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı reydlər davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, avqustun əvvəlindən başlayaraq ölkə ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, o cümlədən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə idarənin məsul vəzifəli əməkdaşları tərəfindən respublikanın şəhər, rayon polis orqanlarının dövlət yol polisi qurumlarının əməkdaşları ilə birlikdə avtomobil yollarında yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı geniş miqyaslı reydlər təşkil olunub. Belə ki, avqustun 1-dən 21-dək olan müddətdə keçirilən reydlər zamanı 203 minə yaxın yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 1000-ə yaxın, avtomobilin yüksək sürətlə idarə edilməsi üzrə 110 mindən çox, nəqliyyat vasitələrinin idarə etmə hüququ olmadan idarə edilməsi üzrə 700-dən çox, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma qaydalarının pozulması üzrə 10 mindən çox, yol ayrıcını keçmə qaydalarının pozulmasına görə 10 minə yaxın, svetoforun qadağanedici işarəsinə əməl edilməməsi üzrə 4 mindən çox, qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitələrini texniki baxışdan keçirmədən idarə edilməsi üzrə 9 mindən çox və s. fakt aşkarlanıb.
Təkcə avqustun 20-dən 21-dək (həftənin şənbə və bazar günləri) keçirilən reydlər zamanı 22 mindən çox qayda pozuntusu, o cümlədən yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə təsir göstərən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 155 fakt, avtomobilin yüksək sürətlə idarə edilməsi üzrə 10 mindən çox, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxma qaydalarının pozulması üzrə 500-dən çox qayda pozuntusu aşkar edilərək sürücülər inzibati məsuliyyətə cəlb olunublar.
Yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı reydlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etmələrini tövsiyə edir. Bununla da sürücülər həm özlərinin, həm də hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqlarını təhlükədən xilas etmiş olurlar.