Ramazan ayında ancaq paylaşmaq barədə düşündüyümüz üçün bayram günlərimiz də xoş niyyətli tədbirlərlə yadda qalıb. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası bayramı Saatlıda Süleymanovlar ailəsi ilə birgə qeyd edib.
Strateq.az xəbər verir ki, bu ailənin ən kiçik üzvü – 10 yaşlı Şəfa Süleymanova həkimlərin səhvi nəticəsində hərəkət qabiliyyətini itirib. Sümükdə baş verən kiçik iltihabi proses dərinləşərək iliyə keçib. Sonradan Bakıda və xarici ölkələrdə müalicə alsa da, tutarlı nəticə əldə olunmayıb. Şəfanın anası Aidə Ramazanova iki uşaqla kiçik bir otaqda məskunlaşıb. Qızının sağlamlıq imkanları məhdud olduğundan, onu evdə qoyub işə də gedə bilmir. Ailənin heç yerdən gəliri olmadığından, Şəfanın müalicəsi yarımçıq qalıb. Ona görə də xəstəlik daha da dərinləşib.
Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə bir qrup jurnalist Ramazan bayramında Ş.Süleymanovanın ailəsinə baş çəkib, onun problemləri ilə maraqlanıb. Assosiasiyanın rəhbəri Sevil Yusifovanın verdiyi məlumata görə, onların təşəbbüsü ilə Türkiyədə müayinə edilən Ş. Süleymanovanın müalicəsi bir neçə mərhələli proseslərdən keçməlidir: “Hazırda biz Şəfanı anası ilə birgə Türkiyəyə göndərməyə hazırlaşırıq. Türk iş adamlarından biri onun müalicə xərclərini öz üzərinə götürüb. Artıq sənədlər hazırlanıb. Yaxın günlərdə onlar Türkiyəyə yola salınacaq”.
Bu xəbərə xeyli sevinən Şəfa Türkiyədən öz ayaqları ilə yeriyərək gələcəyinin sevincini yaşayır. Kiçik bir qızın sevincinə vəsilə olmaq isə o qədər də çətin deyilmiş.