Vətəndaşlar kənd təsərrüfatı nazirinin qiymətlərlə bağlı verdiyi vədə əməl etməməsindən narazıdır
Martın 14-dən etibarən Bakıda Novruz yarmarkaları işə başlayıb. Yarmarkalar bayram günlərində əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək və vətəndaşlara nisbətən ucuz qiymətlər təklif etmək məqsədilə təşkil olunub. Kənd təsərrüfatı naziri Heydər Əsədov martın 14-də mətbuata verdiyi açıqlamada bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə heç bir artım yoxdur:
“Heç bir inzibati təsir göstərilməyib. Sadəcə bazarda təklifi artırmaqla, tələbi daha dolğun ödəməklə qiymətlərin aşağı salınmasına nail olmuşuq. Daha doğrusu, qiymətlər avtomatik surətdə dediyimiz qanuna uyğun olaraq formalaşıb. Hesab edirəm ki, əhali heç bir çətinlik çəkmədən bu qiymətlərlə öz bazarlığını edəcək”.
Kənd təsərrüfatı yarmarkalarında qiymətləri müşahidə etmək üçün biz də Xətai rayonunda, Ukrayna dairəsi ilə «Həzi Aslanov» metrosuna yaxın ərazidə yerləşən yarmarkaya baş çəkdik. Təəssüf ki, orada müşahidə etdiklərimiz kənd təsərrüfatı nazirliyinin məlumatları ilə üst-üstə düşmədi.
Yarmarkada, demək olar ki, əksər məhsulların, xüsusən də Novruz süfrəsi üçün lazım olan, qərzəkli meyvələrin və quru meyvələrin qiyməti bayramdan əvvəlki dövrlə müqayisədə 50-60 faiz bahadır.
Jurnalist olduğumu bilən kimi başıma toplanan alıcılar bir ağızdan qiymətlərdən şikayətləndilər. Eldar adlı alıcı bahalıq səbəbindən lazım olan ərzaq məhsullarını ala bilmədiyini və mətbuatın da qiymətlərlə bağlı onları aldatdığını bildirdi: “Bizə yalan məlumat verirsiniz. Dünən yazırdılar ki, qoz ləpəsi 10-11 manat olacaq. 16-18 manatdan aşağı normal qoz ləpəsi tapmaq mümkün deyil. Qozun kilosu 5 manatdır. Halbuki, 8-ci kilometr bazarında 3 manata satırlar. Onda yarmarka təşkil etməyin nə mənası var ki? Heç bir qiymət cənab nazirin dediyi kimi deyil. Mən yarmarkaların üçünü gəzmişəm, bu qiymətlər xalqı soymaqdır”.
Yarmarkada ilk baxışdan qiymətlərlə tanış olmaq mümkün deyil. çünki heç bir məhsulun üzərinə qiymət yarlığı vurulmayıb. Satıcılar hər alıcıya istədikləri qiyməti deyirlər. Bizim jurnalist olduğumuzu biləndə qiymətləri daha ucuz təqdim etməyə çalışdılar. Ancaq ətrafdakı alıcıların reaksiyasından bəlli oldu ki, eyni satıcı onlara həmin məhsulları daha baha deyib. Məhsulların üzərində qiymət yarlıqlarının olmamasının səbəbinə gəlincə, satıcılar zarafatla “qiymət kağızlarını külək apardı” deyə bildirdilər. Nail adlı satıcı isə bildirdi ki, qiyməti olduğu kimi yazanda heç kim yaxınlaşmır: “Qiymət vuranda yaxınlaşan olmur. Ancaq indiki halda yaxınlaşıb soruşurlar və birtəhər məhsulu sata bilirik. Narazılığın səbəbi təkcə bahalıq deyil, bir tərəfdən də insanlarda pul yoxdur. İnsanlar az pulla daha çox mal almağa çalışırlar. Ala bilməyəndə isə narazı qalırlar”.
Quru meyvə alveri ilə məşğul olan başqa bir satıcı isə, əllərindəki məhsulu topdansatış məntəqəsindən baha aldığını dedi: “Buradakı satıcıların çox az qismi öz məhsulunu satır. Əksər məhsullar Sədərəkdəki “Meyvəli”dən gətirilir. Orada qoz ləpəsinin kiloqramını 15 manata almışam, gətirib 16 manata satıram. 15 manata aldığım məhsulu 11 manata necə satım?”.
Qeyd edək ki, yarmarkada qoz ləpəsinin qiyməti 11-18 manat arasında, fındıq ləpəsinin kiloqramı 14-16 manat, qozun kiloqramı 4-5 manat, fındıq 6 manat, şabalıd 6 manat, kişmiş 5-8 manat, ərik qurusu 8 manat, iydə-innab kimi meyvələr 3-4 manata satılır.
Meyvələrə gəlincə, ananas 5.5 manat, portağal 3 manat, armud 2.5 manat, banan 2.5 manat, almanın qiyməti isə 50 qəpik-1manat arasında dəyişir.
Tərəvəzlərdən kök 80 qəpik- 1 manat, kələm 60-80 qəpik, kartof 80 qəpik-1manat, soğan 80 qəpik, pomidor 2.60-3 manatdır. Toyuq ətinin kiloqramı 3-4 manat, yumurta 5-7 qəpik, mal əti 6 manat, qoyun əti isə 6.5-7 manatdır.
Satıcılar bizə mal ətini 5.5 manatdan satdıqlarını desələr də, piştaxtanın qarşısında olan alıcılar mal ətini 6 manata aldıqlarını bildirdilər. Bir sözlə, yarmarkada qiymətlərlə bağlı xoas yaşanır. Bayram günlərindən daha qazanclı çıxmaq istəyən satıcılar məhsulların üzərinə qiyməti göstərən yarlıq vurmadıqları üçün yaxınlaşan hər alıcıya istədikləri qiyməti oxuyurlar. Yarmarkada müşahidə apardığımız bir saat ərzində Kənd Təsərrüfatı Nazirliyinin heç bir nümayəndəsinə rast gəlmədik. Satıcılar da yarmarkaya nəzarət olunmadığını təsdiqlədilər. Bundan əlavə, nazirlikdən bildirildiyi kimi yarmarkanın girişində qiymətləri göstərən cədvəl də yox idi.
Alıcılar yarmarkaların simvolik xarakter daşıdığını və qiymətlərə görə, bazarlardan geri qalmadığını bildirdilər:”Səkkizinci kilometr” bazarı buradan dəfələrlə ucuzdur. Bura gələnlərin bir qismi o bazarın satıcılarıdır. Alıcıların çox olmasından istifadə edib qiyməti artırırlar”.
Qiymətlər baha olsa da, yarmarkada məhsul bolluğu nəzərə çarpırdı. Satıcılar yarmarkanın hüdudlarından çıxıb bir neçə metr kənarda da piştaxtalar qurublar. Lakin burada bəzi məhsulların satışı ilə bağlı satınar-gigiyenik normalara əməl olunmur. Qurudulmuş balıqlar arabanın üzərində üstü açıq şəkildə satılır. Gediş-gəlişin çox olması, havanın küləkli olaması yerdəki toz-torpağın açıq satılan toyuq əti və balıq məhsulların üzərinə çökməsinə səbəb olur. Müşahidələrimizdən belə nəticəyə gəldik ki, yarmarkalar güclü nəzarət tələb edir. Bu vəzifənin bir qismi də alıcıların üzərinə düşür. Belə ki, alıcılar hər hansı narazılıqla Kənd Təsərrüfatı Nazirliyinin “16-52” qaynar xəttinə müraciət edə bilərlər.
Nərgiz LİFTİYEVA