Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti “İcraçı Kredit Agentliyi” bank olmayan kredit təşkilatının (İKA MMC) müflis elan olunmasını tələb edir.
Bununla bağlı Dövlət Xidməti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. (Turan)
Məhkəmə prosesi sentyabrın 7-nə təyin edilib.
“İcraçı Kredit Agentliyi”ndən məlumatı şərh edərək bununla razı olmadıqlarını və məhkəmədə öz hüquqlarını müdafiə edəcəklərini bildiriblər: “Bu müraciət o demək deyil ki, biz müflis olmuşuq. Biz iddianı məqbul hesab etmirik. Tələb olunan məlumatları məhkəməyə təddim edəcəyik. Hazırda qurum mövcud qanunvericilik çərçivəsində öz fəaliyyətini davam etdirir və müştərilərinə xidmət göstərir”, – deyə “İcraçı Kredit Agentliyi”ndən qeyd olunub.
“İcraçı Kredit Agentliyi” Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin ayırdığı vəsait əsasında fəaliyyət göstərib. Bank olmayan kredit təşkilatı 2015-ci ildə 2 mln. 361 min 76 manat məbləğində kredit verib. 2015-ci ilin sonunda təşkilatın öhdəlikləri 184 min 275 manat təşkil edib.
“İcraçı Kredit Agentliyi”nin ümumi kapitalı 2 mln. 310 min 993 manat təşkil edib. 2014-cü illə müqayisədə artım 6,47% olub.