Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci ilin birinci yarısında Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz azalıb.
Bunu ölkə başçısının Sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın DSMF-da icrasının nəticələrini şərh edən sədr Elman Mehdiyev bildirib. O, həmçinin qeyd edib ki, müraciətlərin 18,8 faizi bilavasitə pensiya və müavinətlərin hesablanması, 16,2 faizi pensiya və müavinətlərin təyinatı, 9,9 faizi pensiya və müavinətlərin ödənişi məsələləri ilə bağlı olub. Müraciətlərin 8,4 faizini məcburi dövlət sosial sığortasına, 2,5 faizini sosial sığorta şəhadətnaməsinin verilməsinə dair sorğular əhatə edib. 44,2 faizi isə digər məsələlərə aid olub.
Sədrin sözlərinə görə, hesabat dövründə vətəndaşlardan, hüquqi və fiziki şəxslərdən daxil olan sorğuların, ərizə və şikayətlərin vaxtında və operativ şəkildə cavablandırılması işləri davam etdirilib.
Strateq.az