XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2015 - 06:16

Şəhanə Müşfiq: “Boşanmış qadına pis baxıram…”

Namus yalnız qadınların daşıyacağı yük deyil

“- Ay qız, bunun əyninə keçirdiyi şalvarı görürsən?

– Kül bunun başına elə… Əri yox, yiyəsi yox, özünü qoyub çöldə…

– Aaz, deyirlər “adamuşkası” da var axı…

– Boyunu yerə soxum bunun da, “adamuşkasının” da…”

Yəqin ki, bu cür dialoqları çoxlarımız eşitmişik ətrafdan. Belə söhbətlərin baş qəhrəmanı isə, adətən, boşanmış qadınlar olur. Boşanma günümüzün ən aktual problemlərindən, cəmiyyətimizin isə ən yaralı yerlərindən biridir. XXI əsrin 15-ci ilinə gəlib çıxdığımız bir zamanda, dünyanın başqa ölkələri Marsda, Venerada həyat, Ayda su axtardığı, evi öz-özünə təmizləyən, uşağa “dayəlik edən” robotlar ixtira etdiyi halda, biz hələ də boşanan qadının namusunu güdürük. Necə ki, evlilik iki şəxs arasındadır və hər iki tərəf də eyni dərəcədə məsuliyyət daşıyır, boşanma da, ən azı, onun qədər hər iki tərəfə aiddir. Ancaq təəssüf ki, cəmiyyətimizdə çoxları bu gerçəklə üzləşmək istəmir. Boşanan kişi cəmiyyət tərəfindən çox rahatlıqla qəbul edilir və hətta ikinci dəfə evlənəndə özünə heç vaxt ərdə olmamış cavan qız axtarmaqdan da çəkinmir. Boşanmış qadının isə elə boşandığı gün bütün həyatı, demək olar ki, bitir. Ailəsi dağılmış qadının ondan sonrakı vəzifəsi məhəllənin “radar” funksiyasını oynayıb, tum çırtlaya-çırtlaya ona-buna “şəbədə” qoşan arvadlarının qeybət mövzusu olmaqdır. Ailəsində əri tərəfindən döyülən, söyülən, insan yerinə qoyulmayan, alçaldılan qadına kimsə yaxın durmaz, kimsə “bu qız, bu qadın bizim namusumuzdur” deyib onu qorumaz. Ancaq o vaxt ki qadın bu cəhənnəmə dözməyib qurtulmaq üçün addım atır, ətrafdakıların o dəqiqə namus yadına düşür. “Namusu tapdanan” bu namusbazlar çətinə düşən, həyatda öz ayaqları üstündə dayanmağa çalışan qadına dəstək olmaq əvəzinə hər addımda badalaq vurmağa çalışırlar.

Bir dindar xanımı artıq neçə ildir ki, həyat yoldaşı atıb gedib. Gedib deyəndə ki, onunla eyni həyətin içərisinə başqa bir qadını özünə arvad kimi gətirib. Nəticədə bu dindar xanım yoldaşından ayrılıb və olub “boşanmış qadın”… Hələ tələsməyin, əsl dərd bu deyil, əsl dərd odur ki, özü kimi “din qardaşları”nın əhatəsində, cəmiyyətində olan bu xanım onun ayıbı imiş kimi illərdir bunu həmin insanlardan gizləyir. Əsl səbəb də odur ki, bəzi “hacılar” əgər onun boşandığını bilsə, onu özündən xəbərsiz “siğə” edəcəklər. Müsibətdir, elə deyilmi?!

Evli qadın bir gündə evdən on dəfə də çıxıb, harasa getsə, ona bir söz deyən olmayacaq. çünki onun “sahibi” var. Ancaq boşanmış qadın bir gündə iki dəfə evdən çıxası olsa, artıq ikinci dəfə məhlənin ağzıgöyçəkləri arxasıyca tum qabığını tüpürə-tüpürə söz qoşacaqlar.

Və ya evli qadın gündə bir paltar geyinə, gündə bir qızıl taxa bilər, istəsə maşın da sürər, başqasının maşınına da minə bilər. Onunçun ayıb deyil, axı əri var. Amma boşanmış qadın bir az özünə, paltarına fikir versə, adı qalacaq əxlaqsız…

Mən boşanmış qadına yox, ailə, namus, uşaq, el-oba, tanış-biliş, qonşu-qohum xətrinə döyülə-döyülə, söyülə- öyülə hər cür təhqirlərə dözən cəfakeş qadınların fədakarlığına pis baxıram! Sevilin (Cəfər Cabbarlı) dili ilə desək, namus yalnız qadınların daşıyacağı yük deyil!