XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

27 İyul 2015 - 09:28

Deputat: “Körpə uşağa geni dəyişdirilmiş süd verirlər, nəsilimizi kəsirlər…”- MÜSAHİBƏ

Eldar Ibarhimov.jpg

Milli Məclisin Aqrar məsələlər komitəsinin sədri Eldar Ibrahimov AzNews.az-a müsahibəsində geni dəyişdirlimiş meyvə və tərəvəzlərin fəsadları və hüquqi məsuliyyəti barədə danışıb.

– Geni dəyişdirilmiş kənd təsərrüfat malları Azərbaycana necə və hansı yollarla gətirilir? Bu məsələ qanunla necə tənzimlənir?

– ümumiyyətlə, geni dəyişdirilmiş malların ölkəmizə daxil olması ilə əlaqədar olaraq, Milli Məclisin Aqrar Siyasət Komissiyasında 6 qanuna əlavə dəyişikliklər olunub. Konkret olaraq, toxumçuluq haqqında qanunda belə məhsulların ölkəyə gətirilməsinə qadağa qoyulub. Geni dəyişdirilən məhsulun istər toxumu, istər tingi, istərsə də özü Azərbaycana daxil ola bilməz. Azərbaycana daxil olan, geni dəyişdirilən məhsulun etiketi olmalıdır. Həmin məhsulun üstündə onun necə faiz geninin dəyişdirilməsi yazılmalıdır. Bütün bunların qarşısını almaq üçün bu yaxınlarda prezidentin imzası ilə bizə qanunlar daxil oldu. O qanunlarda geni dəyişdirilən məhsulların ölkəyə gətirilməsi ilə İnzibati Xətalar və Cinayət Məcəlləsində cəzalar nəzərdə tutulur. Bu cəzalara aşağıdakılar aiddir:

Cinayət Məcəlləsində genetik modifikasiya olunmuş bitkilərin ölkəyə gətirilməsi və ölkədə istehsalı aşkarlanarsa, 200-2, 200-2.1, 200-2.2 maddələri nəzərdə tutulur. Həmin maddələrə görə, 3 min manatdan 5 min manata kimi cərimə və ya 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası, 4 min manatdan 6 min manata kimi cərimə, və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası, bu əməlləri küllü miqdarda törətdikdə 7 min manatdan 9 min manata kimi cərimə və ya iki ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Baxın, həm cinayət, həm cəza…Biz bu qaydaları niyə qoyuruq? Geni dəyişdirilən məhsulların Azərbaycana gətirilməsi mümkün olmasın, qarşısı alınsın. Daha bundan artıq nə etmək olar? Biz bu qanunu qəbul etmişik. Bu qanunu da Prezidentimiz imza edib. Bildiyimə görə, bu qanun artıq hərəkətə başlamalıdır. Qanun kim və hansı müvafiq icra hakimiyyəti tərəfindən həyata keçəcəksə, mexanizmi nədən ibarət olacaqsa, bu artıq onların işdir. Biz qanuni işimizi qurtardıq. İcra hakimiyyətləri orqanlarının hər birində həmin qanun var. Amma kimsə bunu Azərbaycana gətirirsə və onu kimsə həbs etmirsə, bu artıq bizlik deyil.

– Geni dəyişdirilmiş məhsulların Azərbaycana gətirilməsi həm də yeli toxumçuluğa mənfi təsir göstərə bilər?

– Mən 20 ildir ki, bu barədə danışıram. Ən çox müsahibə verdiyim bu sahədir. çünki hamı üçün bu sahə maraqlıdır. Bəli, bu gün geni dəyişdirilmiş kənd təsərrüfat məhsullarının Azərbaycana gətirilməsi lazımsızdır və cinayətdir. Nəyə görə? Biz bu gün xalqımızı özümüzün kənd təsərrüfat məhsulları ilə təmin edirik. Belə olan halda bizə nə lazımdır? Bu geni dəyişdirilən kənd təsərrüfat məhsulları haradan ortalığa çıxıb? Amerika alimləri bunu biznesə döndəriblər. Bir qrup Amerika alimləri deyir ki, bu məhsulların insan orqanizminə ziyanı yoxdur. Bir qrup alimlər isə deyir ki, bu insan orqanizminə ziyandır. Və həqiqətən də bu məhsullar insan orqanizmi üçün zərərlidir. Baxın bu məhsullar istehsal olunur, marketlərə paylanılır. Bu məhsullar Azərbaycanın bütün marketlərində satılır. Həmin məhsullar illərlə marketlərdə qalır, xarab olmur. Amma Quba alması mağazaya gələndən 5 gün sonra xarab olur. Niyə? çünki özümüzünküdur, təbiidir. Quba almasını qurd yeyir. Qurd insandan ağıllıdır, bilir ki, hansı almaya girmək olar. Qurd Quba almasına girir, amma geni dəyişən almaya girmir. Həmin meyvələrin içində zəhərli maddələr var, hansı ki, onlar insan orqanizminə zərərdir. İndi bu gün geni dəyişdirilən kənd təsərrüfat məhsullarını yedik, o demək deyil ki, sabah mütləq öləcəyik. çoxları bunu belə düşünür. Əsla belə deyil. Gendən keçən müəyyən zəhərli maddələr bədənə keçir və yavaş-yavaş bədəndə öz işini görür. Elə buna görədir ki, indi adı məlum olmayan, heç vaxt haradasa eşitmədiymiz xəstəliklər ortaya çıxıb. Xüsusi ilə xərçəng xəstəliyi çoxalıb…

– Bəs, bu məhsullar hansı ölkələr üçün müvafiqdir?

– O ölkələr ki, məsələn, Afrika ölkələrində 1 milyard əhali aclıq içində yaşayır. Pis çıxmasın, acından ölməkdənsə, bunu yesin ki, yavaş-yavaş ölsün. Həmin məhsullar onlar üçün vacibdi, çünki yeməyə məhsul tapmırlar. Azərbaycan üçün isə bu, məqsədə müvafiq deyil. Biz xalqımızın sağlamlığını qorumaq üçün sərhədlərdə geni dəyişdirilən məhsulların Azərbaycana daxil olmasından qorunmalıyıq. Və hər bir insan bilməlidir ki, gözəl-göyçək meyvənin geni dəyişdirilib və bu onun orqanizmə zərərdir. Kimsə bunu bilə-bilə, bilməyə-bilməyə yeyirsə, sağlamlığını itirir, özünə xəstəlik gətirir. Biz də bu barədə təbliğat aparırıq. İstəyirik ki, camaat qorunsun. Hər bir insan bazara girəndə soruşsun ki, bu məhsul haradan gəlib. Satıcıya desin ki, bunun içində qurdlusunu tap, ver. Görüm tapa biləcək? İnsanın gözü və ağılı var, baxmalı və şübhələnməlidir. Qurd geni dəyişdirilən məhsulun içinə girməz. İnsanlar başa düşməlidir ki, başqasının xöşbəxtliyi üzərində bədbəxtlik qurmaq, pul qazanmaq olmaz. çox təəssüflər olsun ki, bunu edirlər. Alverçinin nə vətəni var, nə də milləti. O, sadəcə pul qazanmaq istəyir.

– Geni dəyişdirilən məhsulların ölkəmizə gətirilməsinin qarşısı alınsa, Azərbaycanda istehsal olunan məhsullar xalqa bəs edər? Və eləcədə bu Azərbaycanda qiymət artımı ilə nəticələnə bilərmi?

– Bəli. Biz bir milyona yaxın kartof istehsal edirik. Azərbaycanda əsas çörək və kartof məhsullarıdır. Biz xaricdən taxıl alıb əvəzində müəyyən məhsullar satırıq. Belə şeylər olmalıdır. Elə bir ölkə yoxdur ki, özünü hər şeylə təmin eləsin. Amma bu o demək deyil ki, öz istehsalının qarşısını alasan? çalışırlar ki Azərbaycan fermerləri hansısa məhsulu az istehsal etsin, əvəzində isə xaricdən çox məhsul alsın. Bu yaramaz. Mən bunu qəbul etmirəm. Bir vaxtlar məhsullara peyin verirdilər, amma bu gün elə deyil. Sözsüz ki, qiymət artımı olacaq. Əslində indi həmin məhsulların ölkəmizə daxil olması yerlərdə istehsalı dayandırır. Fermer malını sata bilsə, bir milyon deyil, 2 milyon istehsal edər. Son vaxtlar Rusiya bazarı açılıb, Jirinovski deyir ki, “mən dadına görə Azərbaycan pomidoru alıram”. Bizdə məhsullar təbii yetişdiyindən dadlı olur.

Narazılığın olmaması üçün bir yol var- kənardan daxil olan məhsulların qarşısını almaq. Bir hektar sahədə əkilən pomidor, yaxud da qarpız necə eyni ola bilər? Demək bunu geni dəyişdirilib ki, Azərbaycanda istehsal olunan məhsullar Avropa standartlarına uyğun olsun. Mənə o standart lazım deyil. Biz qarpızı dədə-babadan müxtəlif ölçülərdə görmüşük. Biz bunlardan qaçmalıyıq.

– Eldar müəllim, özünüz deyirsiniz ki, geni dəyişdirilən malların ölkəyə gətirilməsi cinayətdir, bunuçün kifayət qədər qanunverici baza var. üstəlik onu da deyirsiniz ki, bazarlarımız həmin məhsullarla doludur… Nə əcəb aidiyyəti qurumlar bu cinayətə göz yumurlar? Axı cinayətə göz yummağın özü də cinayətdir. Nə əcəb heç kim maraqlanmır ki,
cinayətkarlar bu qadağan olunmuş malları gömrükdən necə keçirir?

-Tək gömrük deyil, Dövlət Sərhəd Xidmətləri də var. Gərək hamılıqda mübarizə aparaq. İnsan məsuliyyətli olmalıdır. Geni dəyişdirilən məhsulların ölkəyə buraxılması, onların insanlar satılması dəhşətli cinayətdir. Gərək aidiyyəti qurumlar, şəxslər məhsuliyyətli olsunlar. Bu məhsulların ölkəyə daxil olmasının və satışının qarşısını almaq təkcə qanunları qorumaq deyil, həm də öz balasını qorumaqdır. Bu prinsip olmalıdır. İndi deyirsiniz qorunmaq, narkotik maddələrdən qoruna bilirik? Həbs edirlər, yenə də keçirirlər. İnsanlar nə türmədən qorxur, nə həbsdən, nə də cərimədən. Bu da bir xəstəlikdir. Aytən Musatafayeva var, Siyasi Elmlər İnstitutu, bu yaxınlarda konfransda onun çıxışı məni dəhşətə gətirdi. Dedi ki, təzə dünyaya gələn uşağa geni dəyişdirilmiş süd verirlər, o artıq ana südünü qəbul etmir. Bu nədir? Uşaqlıqdan nəsilimizin kəsilməsi. Gör nələrə əl atırlar.

-Eyyub Hüseynov bildirib ki, kənd təsərrüfat məhsullarının yoxlanması üçün ölkədə iki laboratoriya fəaliyyət göstərir. üçüncüsünü açmağa icazə vermirlər…

– Lap 5-i olsun. Nə qədər çox olsa məhsullar da bir o qədər çox olar. Amma qoy orada işləyənlər xalqını sevən vicdanlı adamlar olsun. İnsanlar eyni olsaydı, onda bu hüquq-mühafizə orqanları kimə lazımdır?

-Respublikamızda illər öncə torpaq bölgüsü aparılıb. Bir çox bölgələrdə bununla bağlı narazılıqlar var ki, torpaq bölgüsü düzgün aparılmayıb. Hətta bununla bağlı bir necə bələdiyyə sədri həbs olunub. Bununla bağlı Milli Məclisdə hər hansı qanun layihəsi hazırlanırmı?

-1996-cı ildə Torpaq İslahatı Haqqında Qanun qəbul olunub. Bu qanunun içərisində olan adamlardan biriyəm. Qanuna görə hamıya kəndə bərabər torpaq payı ayrılıb. Təbii, demirəm ki, hamı razı qalıb, narazı olanlar da var. Kiməsə çatıb, kiməsə yox. Kimsə haqlıdır, kimsə də yox. Bizə də şikayətlər daxil olur. Göndəririk icra hakimiyyətlərinə, orada araşdırılır. Torpaq islahatı bitib. 1 milyon 200 min hektardan artıq təmiz kənd təsərrüfata yararlı torpaqlar kəndliyə verilib. Bundan artıq nə verilməlidir? Əlavə qanuna ehtiyac yoxdur. Bizdə keçirilən torpaq islahatı dünyanın heç bir ölkəsində yoxdur.

-Torpaq Komitəsi ləğv olunandan sonra onun şöbələri müxtəlif qurumlara birləşdirildi. ümumiyyətlə, Torpaq Komitəsinin ləğvi düzgün idi?

-Mənim ölkə prezidentim nə qərar qəbul edirsə, hamısı düzdür. Əgər torpaq islahatı qurtarıbsa, bununla əlaqədar olan komitə kimə lazım? İşini gördü, bitdi. Mənim şəxsi fikrim ondan ibarətdir ki, ölkədə nə qədər az nazirlik olsa, bir o qədər effektli olar.

-Qarşıdan parlament seçkiləri gəlir. Namizədliyinizi irəli sürəcəksiniz?

-Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak edən insanlardan biriyəm. Əgər mənim partiyam məsləhət bilsə, seçkiyə gedəcəm, bilməsə oturub evimdə pensiyamı alacam.