XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 16:35

Hipertoniyanın yeni müalicə metodu:ürək çatışmazlığından əziyyət çəkənlərə kömək edəcək

Bristol Universitetində və “Afferent Pharmaceuticals” biotexnologiya şirkətində çalışan alimlər karotid sinusunda sinir siqnallarının qarşılıqlı təsirinin köməyilə hipertoniyanın yeni müalicə metodunu işləyib hazırlayıblar. Yuxu arteriyasının bu hissəsində baro və xemoreseptorlar yerləşir ki, onların qıcıqlandırılması nəticəsində damarlar genişlənir, arterial təzyiq aşağı düşür, ürək ritmi zəifləyir.

Azərtac “rns.online” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc edilib.

Müalicə yüksək qan təzyiqi yaradan karotid sinusuna yönəlib. Siçovullar üzərində aparılan təcrübə zamanı mütəxəssislər “P2X3” reseptoruna – karotid sinusunda müəyyən sinirlərin həssaslığının artmasında vacib hesab edilən zülala MK-7624 (AF-219) preparatını yeridiblər. Nəticədə qan təzyiqi əhəmiyyətli dərəcədə enib.

Tədqiqatçıların fikrincə, bu metod digər xəstəliklərdən, məsələn ürək çatışmazlığından, yuxuda olarkən apnoe sindromundan (tənəffüsün müvəqqəti dayanması) əziyyət çəkənlərə də kömək edə bilər. Alimlər bildirirlər ki, 15 il ərzində hipertoniyanın müalicə metodunda ilk dəfədir ki, xəstəliyin mənbəyinə bu yolla yanaşılır.