Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz həyata keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə müdafiə tərəfi çıxış edib. Vəkilləri müdafiə çıxışı edərək təqsirləndirilən şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyib. Daha sonra təqsirləndirilən şəxslər son sözlə çıxış edərək günahlarının olmadığını deyiblər. Onlar da bəraət hökmünün çıxarılmasını istəyiblər. Hakimlər müşavirəyə gediblər. Proses sentyabrın 20-də davam edəcək. Həmin gün hökm elan olunacaq.
Qeyd edək ki, prokuror təqsirləndirilən Etibar Məmmədovun 11 il, Famil Quliyevin 10 il, Tərlan Hüseynovun isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Xatırladaq ki, prezident İlham Əliyev "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanıb. Bundan sonra cinayət işi açılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları Tərlan Hüseynovu istintaqa cəlb ediblər. T. Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.