XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2016 - 22:39

Satışda insan səhhəti üçün təhlükəli balıqlar aşkarlanıb –Xəbərdarlıq

baliqlar

DBNX-nin Sumqayıt şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində təşkil olunmuş kənd təsərrüfatı yarmarkasında heyvandarlıq məhsullarına (iri və xırdabuynuzlu heyvan, quş, balıq ətlərinə, bal və s.) baytarlıq nəzarəti həyata keçirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Strateq.az-a verilən xəbərə görə, heyvandarlıq məhsullarının baytarlıq-sanitariya ekspertizası zamanı Neftçala rayonundan alınıb yarmarkaya satış məqsədi ilə gətirilmiş müşayətedici sənədi olmayan, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxusu olan, 44-BM 957 dövlət nömrə nişanlı avtomobildə antisanitar vəziyyətdə daşınan Masallı rayon sakini Əsədov Firudin Şakir oğluna məxsus 179 kq, Sumqayıt şəhər sakini Qarakişiyev Arif Cavad oğluna məxsus 27 kq (cəmi 206 kq) çəkisində olan insan qidası üçün yararlığına şübhə yaradan balıqlar aşkar edilmiş və satışdan çıxarılıb.

İnsan qidası üçün yararlığı şübhə doğuran balıqlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək, Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən Firudin Əsədova məxsus balıqlarda aeromonoz xəstəliyinin, Arif Qarakişiyevə məxsus balıqlarda isə saprolegniz xəstəliyinin törədiciləri aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən, balıqların insan qidası üçün keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının 19 sentyabr 2016-cı il tarixli, 0959 nömrəli ekspertizasının nəticələri nəzərə alınaraq balıqların zərərsizləşdirilməsinə qərar verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.