XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 01:44

Jalə Mütəllimova təhsilin kitab biznesindən yazdı:"Oranı ancaq yırtıcı biri batmaqdan xilas edə bilər"

jale-mutellimova-1

Jalə MÜTƏLLİMOVA

Ana dilindən, riyaziyyadan, informatikadan, texnologiyadan, rəsmdən, musiqidən, ingilis və rus dilindən, hətta fiziki tərbiyədən də iş dəftəri… Qiymətləndirmə, didaktik materiallar kitabı… Yarpaq testləri, min sual, uç min sual-tapşırıq kitabları, müxtəlif siniflər üçün testlər, rus, ingilis dili dərslikləri, sinifdən xaric oxu üçün məktəbin sifarişi ilə alınan digər kitablar, üstəlik, bəzi hallarda yeddi saatlıq dərs sistemi, – bunu hətta öz kefinə görə səkkiz saatla əvəzləyən məktəb direktorları da var, – sinif otağına elektrik lampası, A4 formatda kağız, fond pulu, hər il alınan təzə dispenser, süpürgə, mühafizəçi pulu və s.  

Bütün bu sadalananlar Azərbaycan təhsilinin və məktəblərinin güzgüsüdür. Lap istəyirsiniz, mən də qoşulum sizə, götürüb birlikdə sındıraq o güzgünü, deyək ki, yoxdur elə şey. Amma güzgünün sınması heç bir halda faktı fakt olmaqdan çıxarmır. Sadəcə, daha görmürük. Əslində isə situasiyanı dəyişmək lazımdır və mümkündür. Yoxsa problemi görməzliyə vurmağa nə var ki…

Bunu yazan, göstərən, deyənə toxunmaqla məsələ bitmir, cənablar. Bir də məsələ və problem siz deyən adamlıq da deyil. Yəni Mikayıl Cabbarovluq. Bunu “adam işinin öhtəsindən gələ bilmir” kimi yozanlar da olacaq, bilirəm. Amma deyim ki, sınanmış bir hal da var. Bir balaca ziyalısansa, heç vaxt yırtıcı xislətə qalib gələ bilməzsən. Yəni Mikayıl müəllimin durumu bu gün belədir. 

Verilən əmrlərə, tapşırıqlara münasibət onu göstərir ki, düzünə qalsa, elə Mikayıl Cabbarov özü də oralıq adam deyil. Başqa sözlə, məktəblər bizi nə yerə qoyublarsa, Mikayıl müəllim də o yerdədir. 

Bəs indi oralıq olan varmı? Bu da qəliz sualdır. Çünki Təhsil Nazirliyinin dəftərxanasından tutmuş irili-xırdalı bütün şöbələrində, məktəblərdə illərdir elə sistem qurulub ki, oranı bu dəfə, sözün yaxşı mənasında, yırtıcı biri düzəldə yox, daha çox batmaqdan xilas edə bilər. 

Düzəlməsi isə illərin məsələsidir. Bu gün üzdə olan məmurlar arasında beləsi yoxdur. Çünki orada – təhsil sistemi və nazirliyində vəziyyət narazı olduğumuz güc strukturlarından, vergi və gömrük orqanlarından daha ağırdır. Öz aramızdır, indi kimin nəyinə lazım belə cəncəl duruma salınan quruma rəhbər gedə? Adı da bacarıqsız qoyula sonradan… Nə isə, bu, bir qədər də siyasi məsələdir. Bizi maraqlandıransa, məsələnin sosial tərəfidir.  

Çünki kiminsə bacı və qardaşı, xanımı, qohumu olan məktəb direktorlarının nəşriyyat rəhbərləri ilə qurduqları kitab biznesinin ailələrə və təhsilə, o cümlədən cibimizə vurduğu ziyan daha böyük təhlükədir. Başa düşmək olar, biz pul qazanmağa, pul əldə eləməyə maraqlı, meyilli millətik. Hətta pul hərisliyimiz bəzən o həddə çatır ki, millət və dövlət üçün ən vacib məsələyə də “cəhənnəmə ki” deyənlər tapılır aramızda. Bax, təhsilin kitab biznesini quran, idarə eləyən və qazanan iş adamları yox, işbazlar məhz həmin o “cəhənnəmə ki” deyənlərdəndirlər. 

Biz o kitabları alırıq, amma övladımızın çantasına yükləyib kürəyində məktəbə daşıtdırmaq adama vicdan əzabı yaşadır. Çünki xeylisinin ilboyu arası belə, açılmır. Bu bir yana, bir ay keçər-keçməz, yeni sifarişlər gəlir: filan kitabın sarı üzlüsünü də alın, gündəliyin karton üzlüsünü gətirin və sair…

Almırsan – uşağın yanında üzüqara olursan; alırsan – məktəb yeni və daha əndrabadi təkliflərlə yollayır uşağı evə ertəsi gün. Qalırsan ki, neyləyəsən… Müraciət edəcək yerin, ünvanın, qurumun sözünü sayan kimdir ki?!

Az qalırsan, o direktoru və ya direktorları təyin etdirən məmur qohumunu tapıb deyəsən ki, atam-qardaşım, bəlkə, bəsdir və ya ayıbdır, bəlkə?! 

Onda da utanırsan. Çünki mütləq sənə deyəcəklər ki, adam çörəyə bais olmaz. Susub dayanırsan. Düşünürsən ki, nə əla məmləkətdir, çörəyə bais olma, amma o çörəyinə bais olmadığın qoy sənin ölkənin taleyinə bais olsun. Oturub yazırsan, düşünürsən: Bəlkə, oxudular?

Ümid eləyirsən, kimsə anlayacaq ki, marketinq, alıb-satmaq, başqa sözlə, rahat qazanc əldə eləmək əsas məsələ olduqca, məmləkət batır. Bir də biz o yöndən batırıq ki, faciə və fəlakətlər ölkələrə məhz o olmayanda rahat daxil ola bilirlər. Söhbət bir ölkənin uşağının, gəncinin, yeniyetməsinin savadından, təhsilindən gedir.

Bu boyda vacib məsələni qoyub pul dalıyca necə qaçmaq olar ki?! Qaç və qazan. Ölkə viran olanda dünyanın heç yerində o pulu xərcləyib, kef eləyə bilməyəcəksən axı. Dünyanın harasında olursan ol, məmləkətin viran qalanda elə biləcəksən ki, dünya dağılıb, sən altında qalmısan. Bunu yaşamamış da anlamaq olar. Yolu məmləkəti sevməkdən, bircə faiz canıyanan olmaqdan keçir. O da ola bilsək…

Qalan bütün hallarda bu gün məktəblərdəki kitab biznesi alverçilikdən, başqasının cibinə soxulmaqdan, adamları istismar etməkdən, məcburiyyət qarşısında qoymaqdan başqa bir şey deyil! 

Daha dəhşətli bir məqam da var: təsəvvür edin, bir oğlan uşağı durub qarşınızda. Bütün tətili barama artlayıb ana-atası üçün. Söz alıb ki, ayağına ayaqqabı alacaqlar yeni dərs ilində. Ala bilməyiblər. Atasına üsyan edib o yeniyetmə, özünü asıb…

İndi bir də bir qız uşağı düşünün… Yaza bilmir, oxuya bilmir, çünki paltar və kitab almağa pulu olmayıb ailəsinin. O qızın işi arvadlıq öyrənmək olub anasından, nənəsindən, bir də qonşu Suğra arvaddan. On üç yaşından sonra qonşu Suğra arvad başda olmaqla, hamı ona ər axtarır. On beş yaşında ərə verib, arvad eləyirlər onu. Adını yaza, oxuya biməyən arvad!!!

Baxın, Azərbaycanda bu statistika günbəgün artır. Özünü asan cahil yeniyetmələr və uşaq doğan bisavad arvadlar ordusu yaranır. İnsanların cibinə girmək bizi və bu ölkəni sonda bisavad anaların doğduğu uşaqlara və intihara hazır olan canlı bombalara təhvil verəcək. Bu mənzərə canlı yaranmadan onu görmək lazımdır, cənab məmurlar!!! 

Eşitdiyim və bildiyim qədəri ilə, Təhsil Nazirliyi səviyyəsində əsas dərslikdən əlavə, digər vəsaitlərin alınması  və ya valideynləri almağa məcbur etmək halları qadağan olunub. İndi belə çıxır ki, ya bu, görüntü üçün deyilmiş sözdür, ya da Təhsil Nazirliyi haralarasa bildirmək istəyir ki, verdiyimiz qərarlara məhəl qoymayan, bizi saymayanlar var. Əgər belə mesaj varsa, onu mütləq görmək lazımdır. Çünki görməzdən gəlmək iyirmi il bundan sonramızı böyük sual işarəsi qarşısında qoyur…

musavat.com