Şəkinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən işlər davam etdirilir.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sözügedən avtomobil yolunun uzunluğu 17.2 km-dir. Yol torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Hazırda bu problemin aradan qaldırlması istiqamətində texnoloji ardıcıllığa riayət olunmaqla işlər aparılır.
Artıq yolun 10.5 km hissəsinə asfalt-beton örtük döşənib, su ötürücü dəmir-beton və metal borular quraşdırılıb və 140 paqon-metr uzunluğunda beton su arxı salınıb. Hazırda yolun 6,7 km hissəsində tikinti işləri davam etdirilir.
Layihə çərçivəsində yolun 11.1 km-də hər aşırımın uzunluğu 48 m olan 3 aşırımlı körpü inşa edilib. Körpünün uzunluğu 169 m, eni 4.5 m, gediş-gəliş hissəsinin eni 3.5 m-dir. Körpünün kənar və orta dayaqları asfalt-betonla bərkidilib, aşırımlar isə metal konstruksiyadan ibarətdir.
Qeyd edək ki, Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi 18 mindən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.