XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2016 - 20:14

Prezident seçkisi olacaqmı?- Əsas sual yenə də dəyişməyəcək - Təhlil

elnurmeherremli

Elnur MƏHƏRRƏMLİ,

AzPolitika.info saytının baş redaktoru

 

Yaxın 10 gündə – Konstitusiya Məhkəməsinin 26 sentyabr referendumunun nəticələrini təsdiq etməsindən dərhal sonra Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan olunacağı gözlənilir. Seçkilər dekabr ayının ikinci yarısına təyin oluna bilər.

Hökumət dəhlizlərində və siyasi çevrələrdə növbədənkənar prezident seçkilərini zəruri edən 2 səbəb haqda söhbət açılır. Bunlardan biri hüquqi məsələdir. İddiaya görə, 26 sentyabr referendumundan sonra Azərbaycan prezidentinə verilmiş bəzi səlahiyyətlərdən köhnə konstitusiya ilə seçilmiş prezidentin istifadə etməsində hüquqi əngəllər varBu zaman vurğu əsasən iki məsələnin üzərinə salınır. Söhbət fəaliyyətdə olan prezidentin parlamenti buraxmaq və vitse-prezidentlər təyin etmək səlahiyyətində olub-olmamasından gedir. Referendum layihəsində bununla bağlı keçid müddəa olmayıb. Bu məsələdə hətta hüquqşünaslar da qəti fikir söyləməkdə çətinlik çəkirlər. Lakin aparıcı fikir bundan ibarətdir ki, konstitusiyaya yeni əlavələr və dəyişikliklərlə Azərbaycan prezidentinə verilmiş yeni səlahiyyətlərdən yalnız bu konstitusiya ilə seçilmiş prezident yararlana bilər. Bu baxımdan növbədənkənar prezident seçkiləri hüquqi zərurətə çevrilir.

Qeyd edək ki, mübahisə doğuran bu məsələ ilə bağlı hökumət cəbhəsindən və Konstitusiya Məhkəməsindən, hələ ki, heç bir şərh verilməyib. Hökumət və parlamentdə təmsil olunan nüfuzlu hüquqşünaslar da susqunluqlarını pozmurlar. Çox güman ki, bu susqunluq siyasi qərarın qeyri-müəyyən olması ilə bağlıdır.

Növbədənkənar prezident seçkilərini zərurətə çevirən ikinci məsələ kimi bəzi siyasi amillər önə çəkilir. Siyasi təhlilçilərin fikrincə, növbəti prezident seçkilərinin keçirilməsi nəzərdə tutulan 2018-ci il, getdikcə dərinləşməkdə olan iqtisadi böhrana görə, siyasi aksiyalar üçün o qədər də əlverişli il olmayacaq. Hökumət referendumun doğurduğu nəticələri əldə əsas tutmaqla, növbədənkənar seçkilərə gedə, sosial gərginlik pik nöqtəsinə çatmamış, növbəti 7 il üçün sabitlik məsələsini asanlıqla həll edə bilər. Hər halda, iqtisadi böhran – devalvasiya, kəskin bahalaşma, işsizliyin artması, dövlət büdcəsinin əvvəlki illərlə müqayisədə 2 dəfədən çox azalması kimi faktorlara görə cəmiyyətdə müəyyən gərginlik hiss olunsa da, qarşıdakı aylarda və ya ehtimal olunan prezident seçkiləri dövründə hansısa siyasi çalxantıların, kataklizmlərin baş verməsi ehtimalı çox aşağıdır. Lakin 2018-ci il seçkilərinin eyni rahatlıqla keçə biləcəyini proqnozlaşdırmaq bu qədər asan deyil. 

Hökumət təmsilçilərinin özlərinin də etiraf etdikləri kimi, postneft dövrü ölkəni qəfil yaxalayıb. Dünya bazarındakı ucuz qiymət və hasilatın getdikcə aşağı düşməsinə görə ölkəyə neft satışından daxil olan valyutanın azalması bundan sonra da davam edəcək. İqtisadiyyatın, kənd təsərrüfatının digər sahələrinin canlandırılması tədbirləri isə ən yaxşı halda 3-4 ildən sonra müsbət nəticələr verə bilər. Bu baxımdan, ekspertlər kritik il kimi məhz 2018-ə barmaq tuşlayırlar. Hakimiyyət, əlinə referendum fürsəti də düşmüşkən, prezident seçkilərini belə çətin bir ilə niyə saxlasın? 

Deməli, hakimiyyətin prezident seçkilərinə hazırlaşdığı barədə xəbərləri ciddiyə almaq üçün kifayət qədər əsaslar var. Lakin hətta bu seçkilər rəsmən təyin olunduqdan sonra da ölkə gündəminin ƏSAS SUALI dəyişməyəcək. Bu sual qətiyyən növbəti prezidentin kim olacağı barədə deyil. İndi hamını və hər kəsi düşündürən əsas sual budur: BİRİNCİ VİTSE-PREZİDENT POSTUNU KİM TUTACAQ?! Bu sualın cavabı Azərbaycanda çox şeyi dəyişəcək.

 




Yuxarı Əvvələ Ana Səhifə