XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 11:19

Rusiya-ABŞ münasibətləri:Gərginlik nədən qaynaqlanır? - Təhlil

putin-obama-2015

 

ABŞ-ın hazırda Rusiya ilə əsas toqquşmaları Suriya, Ukrayna və kiber məkanda baş verir. ABŞ-ın növbəti prezidenti Putinlə üz-üzə gələn dördüncü prezident olacaq. Riskə getmək və güc nümayiş etdirməyə gələndə, Kreml çox zaman Ağ Evdən daha az tərəddüd edir.

Ötən dörd il ərzində Rusiya prezidenti Putin Krımı ilhaq edib, Şərqi Ukraynanı qarışdırıb, ABŞ-ın Suriya prezidenti Bəşər Əsədi uzaqlaşdırmaqla bağlı ümidlərini puç edib və bir sıra kiber hücumlar həyata keçirib.

Bu həftə Putin 1990-cı illərdə silah istehsalı üçün istifadə oluna biləcək plutonun təmizlənməsinə dair Vaşinqtonla imzalanmış müqaviləni birtərəfli qaydada dayandırıb.

 

Ağ Ev Putinin narazılığını niyə anlaya bilməyib?

 

Bəzi keçmiş və indiki ABŞ rəsmilərinin fikrincə, Putin hesab edir ki, Qərb Rusiyanın zəif vaxtlarında ondan istifadə edib. Onlar iddia edirlər ki, Ağ Ev Putinin bu narazılığını vaxtında anlaya bilməyib.

Bundan başqa, onlar deyirlər ki, ABŞ-ın Rusiyada demokratiyanın inkişafına, yaxud onun Suriya və Ukraynada öz məqsədlərinə çatmaq üçün güc tətbiq etmək niyyətinə təsir gücü çox azdır.

Onların fikrincə, bunun nəticəsində Suriya sağalmayacaq, Ukrayna qeyri-sabit qalacaq və Avropaya yaxınlaşa bilməyəcək. Hətta silahlara nəzarət və silahların sızdırılmaması kimi sahələr (bu sahələr Soyuq Müharibə vaxtı belə əməkdaşlığın əsas sütunları olub) də geriləyə bilər.

Beynəlxalq Sülh üzrə Karnegi Fondundan Andrey Veiss iddia edir ki, Putin Rusiyada 2018-ci ildə baş tutacaq prezident seçkilərindən əvvəl mövqeyini dəyişməyəcək. Çünki bu zaman "Putinin özünün daxildəki siyasi taleyi ABŞ-ın simasında xarici düşmənin mövcudluğundan asılı olacaq".

 

Ağ Evdə nə düşünürlər?

 

Adının çəkilməsini istəməyən bir ABŞ rəsmisi deyir ki, prezidentliyə namizədliyini vermək ərəfəsində olan Putin istəyinə nail olmaq üçün güc işlətməyə də hazırdır. Ancaq İraq və Əfqanıstandakı ağır müharibələrdən çıxmış Ağ Ev buna hazır deyil.

"Administrasiya heç vaxt Putinin və çox sayda rusun 1990-cı illərdə baş verənlərdən nə qədər narazı olduğunu anlamayıb. Onlar Rusiyanın dünyada "haqlı yerini" geri almaqda çox qətiyyətlidirlər" – ABŞ rəsmisi deyib.

"Putin ciddi müqavimətlə üzləşənədək davam edəcək. Hələlik bu baş vermir", – deyə o əlavə edib.

Bu həftə ABŞ Rusiya ilə Suriyada atəşkəsə dair danışıqları dayandırdığını elan etdi.

Təhlilçilərin fikrincə, Hələb təslim olacaq. Ancaq artıq altıncı ilində olan, İkinci Dünya müharibəsindən bəri ən ağır qaçqın böhranı ilə müşayiət olunan müharibə Əsədin kiçilmiş, dağılmış, parçalanmış ölkənin başında qalması ilə sona çatacaq.

 

Münasibətlər daha da pisləşə bilərmi?

 

ABŞ rəsmilərinin sözlərinə görə, Ağ Ev bundan sonra Suriya ilə bağlı hansı addımları atacağı barədə qərar verməlidir. Ancaq Obamanın prezidentliyinin bu son aylarında ciddi strategiya dəyişikliyinin baş verməsi ehtimalı azdır.

Bu həftə Putin nüvə razılaşmasını dayandırmaqla bu sahədən ABŞ-la mübahisələr zamanı yeni "kozır" kimi istifadə etməyə hazır olduğunu göstərdi.

Silahlara Nəzarət Assosiasiyasından Daryl Kimball deyir ki, "münasibətlər daha da pisləşsə hər iki tərəf nüvə silahlarına nəzarət sahəsində rıçaqlardan istifadə etməyə, yaxud xal qazanmağa çalışa bilər".

Münasibətlər pisləşərsə, Rusiya ilə kiberməkanda başlamış müharibə də eskalasiya edə bilər.

ABŞ rəsmiləri açıq şəkildə olmasa da, Rusiya xüsusi xidmətlərinin ABŞ-da seçki prosesinə müdaxilə etdiyini deyirlər. Onların Demokratlar partiyasının namizədi Hillari Klintonun seçki kampaniyasına, habelə ABŞ-ın başqa siyasi təşkilatlarına və dövlət seçki idarələrinə müdaxilə etdiyi deyilir. Kremlsə bu iddiaları rədd edir.

Müşahidəçilər deyirlər ki, Soyuq müharibə zamanı yürüdülən siyasət, məsələn, Rusiyanı zəiflətmək üçün tətbiq olunan iqtisadi sanksiyalar, yaxud bu ilin yanvarında NATO qüvvələrinin Baltik ölkələri və Polşaya yerləşdirilməsi kimi addımlar işə yaraya bilər.

Azadliqradiosu.az




Yuxarı Əvvələ Ana Səhifə