XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2016 - 15:45

Avropada antiislam hərəkatları sürətlə güclənir –Hakimiyyət uğrunda mübarizədə millətçilər önə çıxırlar - Təhlil

antislam-1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxışı zamanı hazırda Avropada miqrant probleminə də toxunub. Bu problem müasir dövrdə dünyada mövcud olan əsas çağırışlardandır. 2011-ci ildən başlayaraq, əvvəllər əsasən Afrikadan olan qaçqınlar Avropa ölkələrinə üz tutmağa başladılar. Suriya münaqişəsi nəticəsində öz yaşadıqları əraziləri tərk edən insanların əksəriyyəti isə Türkiyədə məskunlaşırdı. Məhz bu səbəbdən Avropa İttifaqı (Aİ) dövlətləri üçün həmin dövrdə qaçqınlar problemi mühüm əhəmiyyət kəsb etmirdi. Amma 2014-cü ildən başlayaraq, Suriyada hərbi münaqişənin alovlanması və xüsusilə İŞİD terror qruplaşmasının dinc əhaliyə qarşı törətdiyi qırğınlar nəticəsində qaçqın axını çoxalmağa başladı. Öz daimi yaşayış yerlərini tərk etmiş bu qaçqınların böyük əksəriyyətinin əsas məqsədi son məskunlaşma məntəqəsi kimi Qərbi Avropanın inkişaf etmiş dövlətlərində yerləşmək idi. Beləliklə, dünyanın bir sıra dövlətləri arasında yaşanan münaqişələrin və onların doğurduğu qaçqınlar problemlərinin həlli üçün əvvəllər bir növ vasitəçi rolunda çıxış edən Avropa İttifaqı artıq qaçqınlar problemi yaşanan tərəfə çevrildi.

Qeyd edək ki, "Ərəb baharı" hadisələrindən əvvəl də miqrantların Avropa cəmiyyətinə inteqrasiya prosesinin aşağı səviyyədə olması haqqında fikirlər səsləndirilirdi. Müqayisə üçün bildirək ki, Avropada miqrantların cəmiyyətə inteqrasiyası ABŞ-dakı analoji prosesdən zəif həyata keçirilir. Digər tərəfdən isə Afrika və Şərqdən gələn qaçqınların fərqli mədəniyyət daşıyıcıları olması və bunun Avropada yerli əhali tərəfindən birmənalı qarşılanmaması antimiqrant əhval-ruhiyyənin artmasına səbəb olurdu. Son illər belə əhval-ruhiyyənin pik həddinə çatması isə 2015-ci ildə baş verdi. Bu isə Avropaya gələn qaçqınların sayının carı ildə dəfələrlə çoxalması ilə əlaqədardır. Belə ki, BMT-nin Qaçqınlarla İş üzrə Agentliyinin (UNHCR) məlumatlarına əsasən, Avropaya 2015-ci ildə dəniz yolu ilə 1015078 nəfər qaçqın gəlmişdir. 2016-cı ilin oktyabr ayına qədər olan göstərici isə 315 928 nəfər təşkil edir.

2015-ci ilin əvvəlindən qaçqınlar probleminin aktuallaşması antimiqrant ritorikaya üstünlük verən və terror aktları  təhlükəsinin birbaşa "Şərqdən gələn qaçqınlarla" bağlı olduğunu bəyan edən siyasi qüvvələrin, radikal sağ partiyaların nüfuzunun artmasına səbəb olmuşdur. Son illər Avropa cəmiyyətində antimiqrant əhval-ruhiyyənin üstünlük təşkil etdiyini nəzərə alan mərkəz sağ partiyalarda da siyasi mübarizədə miqrantlar məsələsi ilə bağlı radikal mövqeyin gücləndirilməsi hiss edilir. Bunun əsas səbəbi isə Avropa cəmiyyətində belə siyasi mövqeyə təlabatın yaranmasıdır.

Fransada Avropa ölkələri arasında ən nüfuzlu ifrat sağ təşkilat kimi tanınan Milli Cəbhə (FN) partiyası ölkənin antimiqrant qüvvələri arasında ən populyar qüvvədir. 1972-ci ildə yaradılan təşkilat hazırda ölkənin 3-cü ən güclü partiyasına çevrilib. Marin Le Pen 2017-ci ildə keçiriləcək prezident seçkilərinin mümkün qalibi kimi nəzərdən keçirilir. 2012-ci ildə keçirilən prezident seçkilərində 17.9% səs toplayan Le Pen növbəti prezident seçkiləri ilə əlaqədar keçirilən son sorğulara əsasən 28% dəstək qazanır. Ölkə prezidenti Fransua Oland "Le Parisien" qəzetinə verdiyi müsahibədə Milli Cəbhənin nüfuzunun artmasını "ümumi uğursuzluq'' adlandırıb. 2015-ci ilin mart ayında keçirilmiş yerli seçkilərin nəticələri də FN-nin nüfuzunun artdığını göstərmişdir. Belə ki, regional şuralara 2010-cı ildə keçirilən seçkilərin ikinci turunda 9,2% səs toplayan FN, 2015-ci ildə ümumi səslərin 27,1%-ni qazanmışdır. Təşkilat Avropa Parlamentinə keçirilən son seçkilərində 24 yer əldə etmişdir. FN avroskeptik, antimiqrant, güclü mərkəzləşdirilmiş dövlət və mərkəzi planlaşdırmanın tərəfdarı olan təşkilat kimi tanınır. İstər Avropa, istərsə də Yaxın Şərq siyasətində Rusiyanın iştirakını vacib sayır. FN Avropada yeganə siyasi qüvvədir ki, Rusiyaya məxsus bank nümayəndəliyindən açıq maliyyə vəsaiti – borc alıb və bu, partiya rəhbərliyi tərəfindən təsdiq olunub.

Qeyd edək ki, miqrantlar problemi və Parisdəki terror hadisələri əsas müxalifət partiyası sayılan Xalq Hərəkatı üçün Birlik (UMP) daxilində də radikalların mövqeyinin güclənməsinə səbəb olmuşdur. Terror hadisələrindən sonra təhlükəsizlik məsələlərində sərt mövqeyi ilə tanınan keçmiş prezident Nikola Sarkozinin 2017-ci il seçkilərində namizədliklə bağlı partiya daxilində əsas rəqibi sayılan və daha mülayim mövqeyi ilə tanınan Alen Jupenə ciddi rəqabət yaratmaq şansı artır. Sarkozinin son vaxtlar daha radikal mövqe seçdiyi hiss olunur. Sarkozinin radikallaşmasını təhlükəsizliyin möhkəmləndirilməsinin elektorat arasında aktual olması, həmçinin 2017-ci il seçkilərində həm partiya daxilində və həm də Le Penin timsalında əsas rəqibi ola biləcək namizədləri üstələmək məqsədi güdməsi ilə əlaqələndirmək olar. Son sorğulara əsasən miqrantlara münasibətdə prezident Olland və sosialistlər partiyasından daha sərt mövqeyi ilə tanınan UMP-nin hazırkı əsas namizədi Alen Jupen 28% dəstəklə Le Penlə birlikdə lider mövqedədir. Lakin partiya daxili son sorğulara əsasən UMP-də miqrantlara qarşı daha sərt mövqeyi ilə seçilən Sarkozi və Jupen arasında fərq azalmaqda davam edir.

Almaniyada keçirilən sorğulara əsasən vətəndaşların yarısı miqrantların ölkəyə xeyirdən çox ziyan vura biləcəklərini düşünür. 2015-ci ilin sonuna qədər qaçqın yaşayış məntəqələrinə 429 hücum qeydə alınmışdır. Hakim Xristian Demokratlar Partiyası və hökumət koalisiyasında iştirak edən Sosial Demokrat Partiyasının (SPD) son vaxtlar düşən nüfuzu fonunda 2013-cü ildə yaradılan radikal sağ və konservativ Almaniya üçün Alternativ Partiyasının (Alternative für Deutschland – AfD) reytinqi yüksəlməkdədir. Anti-islam və antimiqrant mövqeyi ilə seçilən partiya 2013-cü ildə federal seçkilərdə 5%-lik baryeri keçə bilməsə də, 2014-cü ildə Avropa Parlamenti seçkilərində 7.1% (7 yer) səs, 2016-cı ilin sentyabrında isə keçirilən əyalət parlament seçkilərində 16 federal dairədən 10-nunda yerlər qazanmışdır. Kansler Angela Merkelin vətəni olan Mekenburq-Qərbi Pomeraniada AfD kanslerin partiyasından çox, 20.8% səs qazanmışdır. AfD-nin 2017-ci ildə Bundestaqa keçiriləcək seçkilərdə müəyyən uğur qazanacağını söyləmək olar. 2016-cı ilin oktyabrın 10-da keçirilən son sorğulara əsasən AfD 15% səslə hakimiyyətdə olan Xristian Demokratlar Partiyası (29,5%) və hökumət koalisiyasında iştirak edən Sosial Demokrat Partiyasından (22%) sonra üçüncü yerdə qərarlaşmışdır.

AfD-dən başqa anti-islam və radikal millətçi partiyalar olan PEGİDAAlmaniya Millətçi Demokrat Partiyaları (NPD) antimiqrant ritorikasından geniş istifadə edirlər.

Britanya Müstəqillik Partiyası (the UK Independence Party – UKIP) millətçi konservativ təşkilatdır. UKIP antimiqrant, islamafob və avroskeptik baxışları ilə tanınır. Son illər nüfuzlu partiyaya çevrilmiş, ölkə üzrə Avropa Parlamenti seçkilərində birinci yeri qazanmışdır. Naycel Faraj (Nigel Farage) həm də Avropa Parlamentinin 47 üzvü olan "Avropa üçün Azadlıq və Birbaşa Demokratiya'' (Europe of Freedom and Direct Democracy – EFDD) deputat qrupunun həmsədridir. Son seçkilərdə UKİP Avropa Parlamentində 24 yer qazanıb. Amma 2015-ci ildə Britaniyada keçirilən parlament seçkilərindən əvvəl keçirilən sorğularda yüksək nəticələr göstərən UKIP seçkilər zamanı uğursuzluqla qarşılaşdı. Hətta partiyanın sədri Naycel Faraj parlamentdə səs qazana bilmədi. Buna əsas səbəb isə Mühafizəkarlar Partiyasının uğurlu seçki kampaniyası və seçicilər arasında populyar olan bəyanatların səsləndirilməsi oldu. Bunlar isə avroskeptik yanaşma, Britaniyanın Aİ üzvlüyünün taleyi ilə bağlı referendum, miqrantlarla bağlı qaydaların sərtləşdirilməsi haqqında vədlər idi. Bununla da mühafizəkarlar Britaniya seçiciləri arasında çoxluq tərəfindən rəğbətlə qarşılanan avroskeptizm və immiqrasiyaya qarşı sərt münasibəti UKIP-in inhisarından çıxarmış oldu. Amma bir il sonra Deyvid Kameron öz vədlərinin girovuna çevrilərək Britaniyanın Aİ üzvlüyü ilə bağlı referendum keçirilməsinə məcbur oldu və nəticədə Kameron baş nazirlik postunu, Aİ isə əsas üzvlərindən birini itirdi. Qeyd edək ki, bu referendumla bağlı UKİP ölkənin Aİ üzvlüyündən çıxması üçün aparılan kampaniyada fəal iştirak etmişdir.

Avstriya Azadlıq Partiyası (Freiheitliche Partei Österreichs-FPÖ) 1956-cı ildə yaradılan təşkilatdır, tipik ifrat sağçı deyil. Təşkilatın ideoloji əsasını liberalizmin təşkil etməsinə baxmayaraq, son illər pangermanizm və miqrantlara qarşı siyasət FPÖ fəaliyyətlərinin əsas xəttini təşkil edir. Hazırda ölkənin 3-cü partiyası olan təşkilat Avropa Parlamentində də 4 yerə sahib olub. 2015-ci ilin oktyabrında keçirilən Vyana meri seçkilərində yüksək səs toplayan (31%) partiya lideri Hayns-Xristian Ştraxe təbliğat kampaniyasını kütləvi qaçqın axınının təhlükəli olması üzərində qurmuşdur. Mer seçkilərində hakim koalisiyanın üzvü olan Sosial Demokrat Partiyasının (39%) namizədinə məğlub olmasına baxmayaraq, FPÖ-nün mövqeləri son zamanlar güclənir. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə Vyanada keçirilən analoji seçkilərdə FPÖ 16% səs toplamışdır. "Ev, islam yox!" ("Daham statt Islam'') kimi şüarlardan istifadə edən partiyanın əsas elektoratı gənclərdir.

Macarıstanda antimiqrant qüvvələri arasında iki partiya liderlik edir: hakim Fides (Fidesz) və müxalifətdə olduğunu elan edən Yobbik (Jobbik).

Ölkənin hakimiyyət partiyası olan FidesMacarıstan Vətəndaş Alyansı partiyası sağ mərkəzçidir. Partiya antimiqrant siyasəti ilə tanınır. Fides lideri olan Viktor Orbanın rəhbərlik etdiyi hökumət tərəfindən miqrantların ölkədə məskunlaşmasına qarşı ardıcıl siyasət həyata keçirilir. Macarıstan hökuməti qaçqın böhranı başlayan dövrdən rəsmi Brüsselin mövqeyinə zidd olan fəaliyyət həyata keçirir. Belə ki, qaçqınların ölkədə yerləşməsinin qarşısını almaq üçün onlarla sərt davranılır, dövlət səviyyəsində miqrantları ölkəyə gəlməkdən çəkindirmək üçün təbliğat kampaniyaları həyata keçirilir və Macarıstan sərhədində hasarlar inşa edilir. Belə yanaşmanı pisləyən Almaniya Kansleri Angela Merkel Macarıstanın Baş naziri Viktor Orbanı "mənəvi imperializmdə" və öz mövqeyini digər Aİ dövlətlərinə diktə etməkdə ittiham etmişdir. Baş nazir ölkəsinin Almaniyadan fərqli qərar qəbul etməyə haqqının olduğunu və Macarıstanın "əhali köçü" probleminin qlobal həlli üçün bütün dünyanın bu işə cəlb olunmasını təklif etdiyini bildirmişdir. Orban Almaniyanın qaçqınları qəbul etmək hüququnun olduğunu, amma bunun digər ölkələr üçün məcburiyyət daşımadığını bəyan etmişdir. Partiya və onun yaratdığı hökumət Aİ-nin qaçqınların ölkələr üzrə bölünməsi kvota siyasətinə qarşıdır və bu yaxınlarda qaçqınlar problemi ilə əlaqədar ölkədə keçirilən referendumun təşəbbüskarı kimi tanınır. Fides ölkənin iqtidar partiyasıdır və Avropa Parlamentində 12 yerə sahibdir. Son sorğulara əsasən partiya elektorat arasında liderliyini saxlayır.

Avropanın ən güclü ifrat sağ partiyalarından olan Yobbik – Daha Yaxşı Macarıstan Uğrunda Hərəkat 2003-cü ildə yaradılıb. Hazırda ölkənin ən nüfuzlu siyasi güclərindən sayılır. Yobbik neonasist partiya kimi qəbul edilir. Təşkilat antiqaraçı və antisemmit ritorikası ilə tanınır. Yobbik üzvlərinin sayına görə ölkənin ikinci partiyasıdır və Avropa parlamentində 3 yerə sahibdir. Qeyd edək ki, son illər hakim Fides partiyasının nüfuzunun nisbətən azalması fonunda Yobbikin reytinqi artmaqdadır. Hazırda eyni elektorata və antimiqrant siyasətə malik olan bu iki partiyanın 2018-ci ildə keçiriləcək seçkilərdə rəqiblər kimi çıxış edəcəklərini ehtimal etmək mümkündür.  

Yunanıstanda Qızıl Şəfəq (Λαϊκός Σύνδεσμος – Χρυσή Αυγή, XA) ifrat sağ, neonasist partiyadır. Təşkilat neonasist, avroskeptik siyasət həyata keçirir. 1985-ci ildə yaradılan təşkilat ölkədə zorakılığı dəstəkləyən qüvvə kimi qəbul olunur və təşkilatın bəzi üzvləri bir sıra qətllərdə şübhəli kimi nəzərdən keçirilir. XA Avropa parlamentində 3 nümayəndə ilə təmsil olunur. Təşkilatın elektoratı cüzi dəyişikliklərə baxmayaraq sabit olaraq qalır. 2015-ci ilin sentyabrında keçirilmiş son parlament seçkilərində 6.99% səslə 18 yer qazanmış (parlamentdə deputat sayına görə üçüncü partiya) təşkilat, son sorğulara əsasən müəyyən faiz artımıyla (9.5%) üçüncü yerə çıxmışdır. Sonuncu seçkilər zamanı parlamentdə nümayəndələrinin sayını bir nəfər də artıran partiyanın, Yunanıstanda ağır iqtisadi vəziyyətin davam etməsi və qaçqın problemi ilə əlaqədar, yaxın gələcəkdə də mövqelərinin qorunmasına və hətta güclənməsinə şərait yarada bilər.

İtaliyada miqrantlara qarşı sərt siyasətin tərəfdarları arasında öndə olan partiya kimi antimiqrant, sağçı Şimali Liqa çıxış edir. Şimali Liqa (Lega Nord – NL) 1991-ci ildə yaradılıb. Partiya güclü mərkəzləşdirilmiş Avropa idarəetməsinə qarşıdır. Partiya qaçqınların ölkəyə buraxılmaması və burada yerləşdirilməməsi tələbi ilə müxtəlif aksiyalar həyata keçirmişdir. Populist çıxışları ilə məşhur olan partiya lideri Matteo Salvini 2015-ci ildə İstanbulda Türkiyə və Yunanıstanın milli futbol komandaları arasında keçirilən görüşdə Parisdə baş vermiş son terror hadisələrinin qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi zamanı futbol fanatlarının səs salması ilə bağlı bildirmişdir ki, "əgər siz "Allahu Əkbər" qışqırmaq istəyirsinizsə, evinizdə qalmalı və Avropada yer tutmamalısınız". Salvini bir sıra antimiqrant aksiya və bəyanatların müəllifi kimi çıxış etmişdir (Məsələn, qaçqınların müvəqqəti yerləşdikləri hotellərin qarşısında piketlər təşkil edib). Salvini İtaliyada yaşayan müsəlmanların hətta 3-4-cü nəsillərdə də cəmiyyətə inteqrasiya ola bilmədiklərini bildirib. Buna əsas səbəb kimi isə islam dininin demokratiya ilə birlikdə mövcudluğunun mümkünsüz olmasını göstərib. 2013-cü ildə İtaliya Deputatlar palatası (4.1%) və Senatına (4.3%) keçirilən seçkilərdə partiya 2008 seçkilərinə (Deputatlar Palatasına-8.3%, Senata-7.9%) nisbətən az səs alsa da, 2014-ci ildən sonra ölkədə qaçqınlar probleminin aktuallaşması və təşkilatın 2013-cü ildən lideri seçilmiş Salvininin populist çıxışları Şimal Liqasının gələcək seçkilərdə şanslarını artıra bilər. Mövcud hökumətin əhali tərəfindən qaçqınlarla bağlı yumşaq siyasətinə görə tənqidlərə məruz qalması fonunda Şimali Liqanının digər avroskeptik partiyalar olan "Forza italia'' və "Fratelli d'Italia'' ilə son zamanlar aktuallaşan əməkdaşlıq müzakirələri nəticəsində mümkün koalisiyanın yaradılması 2018-ci ildə keçiriləcək parlament seçkilərində hakim solçu Demokratiya Partiyasına müəyyən rəqabət yarada bilər. Qeyd edək ki, 2014-cü ildə keçirilən axırıncı seçkilərdə NL Avropa Parlamentində 5 yerə sahib olub. Keçirilən son sorğulara əsasən Şimal Liqası, 12-13% arası səslə, İtaliyada elektoratın dəstəklədiyi 3-cü partiyadır.

Niderlandda ifrat sağ, anti-islam, antimiqrant Azadlıq Partiyası(PVV) miqrantlara qarşı olan siyasi qrupların önündə gedir. Təşkilatın lideri Qirt Vaylders (Geert Wilders) Paris terror hadisələrindən sonra hökuməti sərhədləri dərhal bağlamağa çağırmışdır. O, eyni zamanda hakimiyyəti immiqrantlar və terrorizm arasında mövcud əlaqələri etiraf etməməkdə ittiham etmişdir. 2005-ci ildə təsis olunan PVV 2006-cı ildə Nümayəndələr Palatasına keçirilən seçkilərdə 9 yer, 2010-cu ildə 24 yer qazanaraq ölkə parlamentində üçüncü partiya olmuşdur. 2012-ci ildə keçirilən seçkilərdə partiyanın parlamentdə daha az yer (15) qazanmasına baxmayaraq, Avropa Parlamentinə 2014-cü ildə keçirilən seçkilərdə ölkə üzrə 26 yerdən 4-nü qazanaraq Niderlanddan seçici səslərinə görə üçüncü partiya olmuşdur. Qaçqın böhranı başlayandan Azadlıq Partiyasının reytinqi xeyli yüksəlmişdir. 2016-cı ilin oktyabr ayında keçirilən son sorğulara əsasən PVV 28 yer (Niderlandda 2017-ci ildə keçiriləcək seçkilərlə bağlı sorğuların nəticələri faizlər ilə deyil, qazanıla bilinəcək deputat yerlərinin sayı ilə əks olunur) qazanmaq şansı ilə birinci yerə çıxmışdır. 

Belçikada Flamandiyaçı millətçi (Vlaams Belang-VB) partiyası 2004-cü ildə yaradılıb. Təşkilat, Belçika məhkəməsi tərəfindən rasizmdə ittiham edilərək bağlanmış Vlaams Blok partiyasının əsasında yaradılmışdır. VB fərdi azadlıqları, Avropa dəyərlərini, kişi və qadın bərabərliyini, kilsənin dövlətdən azad olmasını dəstəklədiyini elan edir. Təşkilat Flamandiyanın müstəqilliyi üçün mübarizə aparır, Aİ-yə və immiqrasiyaya qarşıdır. Təşkilat Avropa Parlamentində 1 yerə malikdir. Maraqlı haldır ki, VB miqrantların axını fonunda öz nüfuzunu itirir. Belə ki, Federal Parlamentə 2007-ci ildə keçirilən seçkilərdə 12.0% səs toplayan təşkilat 2014 -ci ildə 3.67% səs toplamışdır.

Yuxarıda göstərilən ölkələrdəki siyasi təşkilatlardan başqa Avropa İttifaqının digər üzv dövlətlərində də fərqli ideologiyalara məxsus bir sıra siyasi təşkilatlar və ya onların liderləri tərəfindən miqrantlara qarşı münasibətdə sərt mövqe müşahidə olunur. Bu təşkilatlar və siyasi liderlər həm hakimiyyətdə, həm də müxalifətdə təmsil olunurlar: Slovakiya (hakim İstiqamət-Sosial Demokratiya partiyası (Smer-SD) və təşkilatın lideri, ölkənin baş naziri Robert Fiko), Çex Respublikası (ölkə prezidenti, sosial demokrat Miloş Zeman), Polşa (hakimiyyətdə olan konservativ Hüquq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski). Bu siyasi liderlərin miqrantlara qarşı sərt mövqe tutmalarında bəzən rəhbərlik etdikləri siyasi təşkilatların ideologiyaları, əksər hallarda isə mənsub olduqları ölkələrdə yerli əhali arasında antimiqrant əhval-ruhiyyənin populyar olmasından irəli gəlir.

Nəticə

Avropada radikal sağ partiyaların son zamanlar aktivləşməsinə və elektorat arasında nüfuzlarının artmasına baxmayaraq, onların Aİ üzvləri olan ölkələrdə hakimiyyətə gəlmələri hazırda çətin görünür. Bununla bağlı Londonun keçmiş meri və ölkənin hazırkı xarici işlər üzrə dövlət katibi, Britaniya konservatorlarının liderlərindən olan Boris Consonun Britaniya Müstəqillik Partiyasının (the UK Independence Party – UKIP) 2014-ci il Aİ parlament seçkilərində qazandığı uğurlu nəticədən sonra dərc etdirdiyi yazısında radikal sağçılar, solçular və avroskeptiklərin Avropada qazandıqları uğurlar haqqında səsləndirdiyi fikir maraqlıdır. Belə ki, Conson radikalların uğurunu orta əsr kəndli üsyanları ilə müqayisə etmiş və bu üsyanların son nəticədə məğlubiyyətlə bitdiyinin məlum olduğunu bildirmişdir. Lakin bu "kəndli üsyanlarının" məğlubiyyətə uğrayacaqları təqdirdə belə, Avropa İttifaqı siyasi səhnəsinə və cəmiyyətinə təsirlər edəcəyini söyləmək mümkündür. Gələcək seçkilərdə radikal sağların Aİ dövlətlərinin parlamentində daha çox yer qazanacağını, bəzi hallarda isə qazandıqları yerlərə görə ikinci partiyalara çevriləcəklərini ehtimal etmək olar.

İstənilən nəticədə son dövrlər güclənən radikal sağların yaxın illərdə də Avropanın siyasi səhnəsində mühüm güc kimi çıxış edəcəklərini söyləyə bilərik.

Radikal sağların Avropa cəmiyyətində güclü nüfuza malik olmaları qloballaşma proseslərini dəstəkləyən və fəlsəfəsinin əsasını dövlətlərarası, millətlərarası inteqrasiya təşkil edən Aİ-nin daxili və xarici siyasətinin həyata keçirilməsində müəyyən problemlər yarada biləcəyini ehtimal etmək mümkündür. Məsələn, qaçqınlar problemi, təhlükəsizlik məsələləri və iqtisadi çətinliklər səbəbindən radikal siyasi qüvvələrin Avropa elektoratı arasında nüfuzunun artması, rəsmi Brüsselin bürokratik qaydalarının, üzv dövlətlərə daha çox müstəqillik verilməsinə və ən nəhayət İttifaq sazişinə yenidən baxılması məsələlərini aktuallaşdıra biləcəyi mümkündür. Cəmiyyətdə əsasən terror təhlükəsi və mədəni fərqlilikdən doğan antimiqrant əhval ruhiyyəsini siyasi məqsədlərdə istifadə üçün daha da alovlandıran radikal sağ təşkilatların səyləri nəticəsində yaxın illərdə Aİ ölkələrində mötədil mühafizəkar və mərkəz sağ qüvvələrin elektorat arasında uğur qazanmaq şansları artacaqdır. Bu qüvvələrin isə, cəmiyyətdə olan tələbata uyğun, populist addımlara getməyə meylli olacaqlarını ehtimal etmək olar.

Nurlan Əliyev,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, elmi işçi

Newtimes.az