XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2016 - 14:56

Türk ekspert: “Türkiyə Atlantik sistemindən qopmaq iqtidarında deyil” - Təhlil

pe

RF prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan

©RİA Novosti, Sergey Quneyev

 

Barış Dostər

Odatv.com (Türkiyə), 27.10.2016

 

“Fərat qalxanı” da, Mosulda əməliyyat da növbəti dəfə göstərdi: Türkiyə Atlantik sistemindən qopmaq iqtidarında deyil. Avrasiyaya üz tutmağı özünə rəva bilməz. Həm də hakim siyasət, sinfi münasibətlər, Osmanlı imperiyasından mənimsənmiş siyasi, sosial, mədəni istiqamət də Avrasiyaya sarı yönəlməyib. Heç kimin – islamçı, qərbçi, liberal, millətçi və yaxud sosial-demokratın, hərbçi və yaxud mülki şəxsin, siyasətçi, biznesmen, ziyalı və yaxud alimin cürəti çatmaz ki, Türkiyənin Qərbdən asılılığını şübhə altına alsın. Və onun energetikada, ticari münasibətlərdə asılılığına, dünyanın iqtisadi və siyasi ağırlıq mərkəzinin Avrasiyaya keçdiyi faktı, AB-nin Türkiyəyə nisbətdə ritorikası, ABŞ-ın aldadıcı fəndlərinə baxmayaraq… Bunlardan heç biri Türkiyəni oyanışa və inamlı, bütöv, ardıcıl strategiyaya üstünlük verməyə dümsükləyə bilməz. Türkiyə bu cür dilemma ilə üzləşib: başı, vərdişləri, siyasi və diplomatik istiqaməti bir yerdə, ürəyi, iqtisadi yönü, energetik asılılığı və geopolitik gələcəyi başqa bir yerdədir…

Ölkəmizin başqa dilemmaları da var. Siyasət, bürokratiya, işgüzar və akademik mühit dünyanın gələcəyini diaqnozlaşdırmaq, təhlil etmək və proqnozlaşdırmaq iqtidarında deyil. Onlar inandırıcı deyillər. Türkiyənin durumu, tələbat və ehtiyaclarına uyğun strategiya hazırlamağı bacarmırlar. Bu amillərdən çıxış etməklə alyanslar toxumağa qabil deyillər. ABŞ bunu bilir. Bu zəiflikdən istifadə edir. Əlbəttə, ABŞ-ın bildiyi haqda Rusiya, Çin və İran da agahdır. Misal: Türkiyənin etdiyi üzrxahlıq, 15 iyulda dövlət çevrilişinə cəhddən sonra münasibətlərin tezliklə qaydaya düşməsi və qarşılıqlı səfərlərə baxmayaraq, Moskva Ankaraya etibar etmir və onun hərəkətlərini əvvəlcədən görə bilmir. Moskva Türkiyə ilə güclü ittifaq yaratmaq məsələsində son dərəcə ehtiyatla hərəkət edir. Həm də özəl istək sərgiləmir. Rusiya Türkiyəni strateji müttəfiq saymır. Türkiyəni Şanxay əməkdaşlıq təşkilatının tamhüquqlu üzvü etmək həvəsində deyil. Türkiyənin Suriya üzrə siyasətində ardıcıl xəttə yaxınlaşmaması, Rusuiya, İran və bölgənin digər ölkələri ilə əməkdaşlıq və ititfaqın qurulmasını prioritet tutmaması, həmçinin Ukrayna və Krım məsələsində Rusiyaya qarşı mövqe tutması bunun üçün əsas yaradır ki, Rusiya Türkiyəyə həmişə ehtiyat və şübhə ilə baxsın.

 

Yeni osmançılıq xaricə deyil, daxilə yönəlib

 

Lakin bu da hamısı deyil. Türkiyəni idarə edən siyasətçilərin siyasi-islami refleksləri, yeni osmançılar və yeni əbdülhəmidçilərin ritorikası buna səbəb olur ki, Türkiyə dünya və bölgədə şübhəyə daha çox məruz qalır. Bunu G20-nin Çin sammitində və BMT sammitində də gördük. Bu durumdan təkcə ABŞ deyil, Rusiya da istifadə etdi. Rusiya Türkiyədən almaq istədiyinin 90%-i əldə edib. Və Türkiyənin Rusiyadan əldə etmək istədiyinin 20%-i verib. Moskva gördü ki, Türkiyə düçar olduğu yalqızlıqdan qurtulmaq üçün böyük güzəştlərə getməyə hazırdır. 2015-ci il 24 noyabr  təyyarə böhranından sonra “Rusiyanın Suriyada nə işi var?” sualını verən prezident Ərdoğan indi Putini öz “dostu” adlandırır. Ona təşəkkür edir. Ancaq Putin bilir ki, Ərdoğan soruşmayacaq: “ABŞ-ın Suriyada nə işi var?”

Ərdoğanın “Suriyada barışığın əldə edilməsində Rusiyanın nüfuzu son dərəcə önəmlidir” dediyinə baxmayaraq Putin Türkiyənin Suriya məsələsi üzrə danışqılar masasının arxasında olması üçün hər hansı böyük səy göstərmir. O bilir ki, ABŞ-dan ən cüzi işarəyə görə Türkiyə ona dərhal “bəli” deyər. O, Türkiyə hakim dairələrinin ABŞ-dan asılılığını dərk edir. Türkiyənin Amerika rəsmiləri ilə təmasların gedişində sərbəst ünsiyyətin kadrlarını görür. Anlayır ki, Türkiyə antiamerika bəyanatlarını daxili ictimai rəy üçün verir və üzbəüz danışıqlarda buna bənzər heç nə demir.

Xatırladaq ki, Rusiya 2008-ci ildə Gürcüstanla vuruşub. 2014-cü ildə Ukrayna ilə bağlı gərginliyin gedişatında Krımı özünə birləşdirib. Rusiya 2015-ci ildə (lap əvvəldən dəstək verdiyi) Suriya rejimini aviasiya qüvvəsi ilə dəstəkləməyə başlayıb. Bu, əslində, Avrasiya və Atlantikanın toqquşduğu üç cəbhədir.

ABŞ-ın Gürcüstan və Ukraynaya təsiri Rusiyanın da yaxın xaricində  Amerika mühasirəsi kimi məlumdur. Həmçinin hamı bilir ki, bu iki böyük dövlət Suriyada bir-biri ilə necə amansız şəkildə rəqabət aparır. Qısası, neft qiymətlərinin düşməsi və Qərb sanksiyaları üzündən iqtisadiyyatdakı çətinliklərə baxmayaraq Rusiya geri addım atmır.

 

Türkiyə yanlış ittifaq seçib

 

Türkiyə Suriyadan sonra İraqda da yanlış siyasi alyansda durur. O, əhalisinin üçdə ikisini şiələr təşkil edən İraqın ordusunu lazımınca dəyərləndirmir, onu “şiə ordusu” sayır, İraq baş nazirini təhqir edir, İraqda qiyabi şəkildə ölüm cəzasına məhkum edilmiş və həbsinə order verilmiş siyasətçiləri müdafiə edir və onlara pasport verir.

Türkiyə əvvəlcə İraqın ərazi bütövlüyünü haqlı müdafiə edir. Sonra xatırladır ki, Mosul Türkiyə Milli paktına (Türkiyə parlamentinin 1920-ci il yanvarın 28-də Türkiyənin ərazi sahibliyi haqda qəbul etdiyi sənəd-tərc.) daxil edilib və İraqın bu şəhərinə Türkiyənin tarixi hüququndan danışır. Bu cür ziddiyyətli ritorika isə təkcə Bağdadda deyil, həm də Moskva, Tehran və Dəməşqdə diqqətdən kənarda qalmır. Türkiyə İraqın şimalında Bərzaninin başçılığı kürd muxtar bölgəsinə mümkün hər cür dəstəyi verir, müstəqillik haqda məsələ üzrə onu təşviq edir və ruhlandırır, Bağdaddakı mərkəzi hökumətlə daim gərginlik yaşayır.

Suriyada rejim əleyhdarlarına dəstək verən Türkiyə SƏR-in ərazi bütövlüyündən danışanda bu da inandırıcı görünmür.

Bir neçə il əvvəl kürd məsələsinin dinc həlli təşəbbüsünün gerçəkləşməyinin gedişində Dolmabaxça sarayında terrorçu təşkilatın davamını təmsil edən partiya ilə saziş imzalanıb. Terrorçu qurumun Suriya qanadı “Demokratik birlik” partiyasının (PYD) lideri Salih Müslimi o vaxt Ankarada tam ehtiramla qəbul ediblər.

Gec də olsa, bu gün PKK-ya qarşı hərbi əməliyyatların keçirilməsi düzgün, ədalətli, qanuni qərardır. Sual olunur ki, bəs bir neçə il əvvəl nə haqda düşünürdünüz? Məgər bilmirdiniz ki, Əsədə qarşı əməkdaşlıq təklif etdiyiniz Salih Müslim PYD lideridir? Şübhələnmirdiniz ki, PYD terrorçu PKK təşkilatının Suriya qanadıdır? Məgər PYD-i terrorçu təşkilatlar siyahısına daxil etməmiş ABŞ müttəfiq sayılsa, Suriya və İraqın ərazi bütövlüyünü müdafiə etmək və separatçı terrorizmlə mübarizədə qəti və yekun müvəffəqiyyətə nail olmaq mümkündürmü?

ABŞ düşünür ki, İraqın şimalında kürd rayonunu udmuş və hətta bütün qüvvəsilə ona dəstək verən Türkiyə Suriyanın şimalında da kürd muxtariyyətinə alışacaq.

ABŞ inanır ki, Türkiyə ABŞ-ın planlarını poza, atılmış hərbi addımlarla yanaşı siyasi ittifaqlar qura və məzhəbçilikdən imtina edə bilməz və bölgə ölkələri ilə münasibətləri asanlıqla qaydaya salmağı bacarmaz. Buna baxmayaraq, Türkiyə görməlidir: bölgə ölkələri öz ərazi bütövlüyü uğrunda vuruşarkən eyni zamanda Türkiyənin bütövlüyü uğrunda da döyüşür. Ən azı, İran, İraq və Suriya dərk edir ki, onların bütövlüyü üçün Türkiyə həyatönəmlidir, onların bütövlüyü isə Türkiyənin bütövlüyü üçündür. Rusiya və Çin də bu ölkələri dəstəkləyir.

Deməli, Türkiyənin Suriya və İraqda hərbi əməliyyatlarının məqsədi ABŞ-ın Aralıq dənizinə çatan kürd dəhlizi layihəsinin qabağını almaqdırsa, onda bölgə ölkələri və Avrasiya dövlətləri ilə ittifaq qurmadan bu hədəfə çatmaq mümkünsüzdür.

 

Tərcümə Strateq.az-ındır.