XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Noyabr 2016 - 13:09

Obamaya ittiham hökmü olan seçki:Tramp ABŞ siyasi sistemini necə məsxərəyə qoydu? –TƏHLİL

tramp-2

Əksər Qərb və rus media orqanları ABŞ-da prezident seçkilərinin gözlənilməz nəticəsindən, respublikaçıların namizədi Donald Trampın qələbəsindən yazır.

ZƏRBƏ DALĞASI

«The Associated Press» agentliyinin «The New York Times» qəzetində dərc olunan məqaləsi bu sözlərlə başlayır və müəllif amerikalıların seçimini başqa cür təsvir edə bilmədiyini deyir. Müəllif yazır ki, Donald Trampı seçməklə ABŞ xalqı cilovu kampaniyasını dövlətə etimadsızlıq əsasında quran, bütün siyasətçiləri işdən qovacağını deyən adama verdi. Xalqın arzuları kimi qəzəbini də yönləndirəcəyinə söz verən, dəyişiklik deyil, vurub-yıxmağı vəd edən şəxsi prezident seçdi. (Azadlıq radiosu)

Müəllifin fikrincə, Trampın prezidentliyinin sonuclarını ehtimal etmək çətindir. Çünki Klintona qarşı kampaniyası dövründə bu adamın siyasətindən çox şəxsiyyəti diqqəti çəkirdi. Dedikləri isə minlərlə adamın küçələrə, etiraz aksiyalarına çıxmasına səbəb olurdu.

KÜTLƏNİN ÜSYANI

Amma Tramp ABŞ-ın Böyük Tənəzzüldən əziyyət çəkmiş kənd icmaları və ağdərili işçi qüvvəsinin rəğbətini qazana bilibmiş. Çünki onun seçilməsi məhz bu zümrə arasında çoxdan uduzulan yarışda qazanılmış qələbə kimi qarşılandı. Müəllif yazır ki, Tramp bu kütlənin iş yerlərinin azalması və miqrantların axınıyla bağlı narahatlığını anladı.  O da bu insanlar kimi liberal mətbuata nifrət etdi, heç bir siyasətçiyə bənzəmədi. Həqiqəti söyləməyə, qaydaları yenidən yazmağa və yoluna çıxanları hətta təhqir etməyə hazır görünən maqnatın seçilməsi özünü hər şeydən kənarda hiss edən kütlənin üsyanı oldu.

AP-nin yazdığına görə, Trampın qələbəsi sarsıtdı, çaşdırdı, eyni zamanda sanki Obama siyasətinə ittiham hökmü oxudu.

BİRCƏ TRAMP BİLİR

«Bizim həyatımızda belə bir şey olmayıb», -deyə prezidentlərin tarixiylə məşğul olan Duglas Brinkley Trampın qələbəsini Franklin Ruzveltinkinə bənzədib. Ruzvelt  1932-ci ildə Böyük Depressiyaya görə günahlandırılan Herbert Quverə qalib gəlmişdi.

Maraqlıdır ki, siyasətçilərin, iqtisadçıların, hərbçi və diplomatların çoxunun fikrincə, Trampın yeni idarəçilik barədə təkliflərinin gerçəkləşməsi ağlasığmazdır, mümkünsüzdür və konstitusiyaya ziddir. Məsələn, onun müsəlmanların ABŞ-a buraxılmamasıyla bağlı təklifi Vaşinqtondakı demokratları da, respublikaçıları da yerindən oynadıb. Onun Meksika hökumətini sərhədə divar çəkməyə məcbur edə biləcəyinə çox az adam inanır. İraq və Suriyada İŞİD-i bombalamağın da qəzəbli nitqdən artıq bir şey olub-olmamağını isə bircə Tramp bilir.

Xalqın Trampın planlarına xeyir-dua verib-vermədiyini göstərən faktlar da qarışıqdır. Bir tərəfdən, seçicilər respublikaçıların çoxunun Senatda qalmasına razılıq veriblər. Digər tərəfdən, sorğular miqrantlar məsələsinin seçicilərdən ötrü bir o qədər əhəmiyyətli olmadığını göstərib. Sorğularda iştirak edənlərin yarısı Trampın Meksikaya divar çəkdirməyinin əleyhinə olduğunu söyləyib.

KLİNTONA ZƏRBƏNİ KİM VURDU?

Amma seçicilərin daha çox əleyhinə olduğu Klinton imiş. Müəllif yazır ki, 20 illik siyasi təcrübəsinə baxmayaraq, ağdərili işçi qüvvədən uzaqlığı, üstəlik, həm tərəfdarları, həm də rəqibləri arasında etimadının azalması Klintonun məğlubiyyətinin əsas səbəbləridir.

Müəllifin fikrincə, Federal Təhqiqatlar Bürosunun (FBI) seçkiyə cəmi 11 gün qalmış Klintonun gizli məlumatları şəxsi e-mail-indən paylaşması barədə açıqlaması demokratların kampaniyasına çox böyük zərbə oldu. Düzdür, FBI direktoru səsverməyə 2 gün qalmış işi bağladı, Klintonu təmizə çıxardı. Ancaq artıq gec idi. Erkən seçkilərə qatılan 24 milyona yaxın adam seçimini artıq etmişdi. Bu isə prezidentlik üçün çox böyük rəqəmdir.

“Trampın qələbəsi bütün ənənəvi siyasi qaydaları məsxərəyə qoydu”, – deyən müəllif bu namizədin seçicilərlə heç bir faktiki iş aparmadığını, televiziyalardakı reklamlarının rəqiblərininkinə çatmadığını, seçici proqramları və analizləri rədd etdiyini vurğulayır. Klinton-un seçki kampaniyasına 513 milyon dollar toplandığı halda, Trampın öz cibindən qoyduğu pullar da daxil olmaqla, cəmi 66 milyon dollar yığdığı da qeyd olunur.