XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 11:21

Trampın qələbəsi:Birinci müsəlmanlar hesab ödəməli olacaqlar – Təhlil

tr

Bernar Şalşa

La Regle du Jeu (Fransa), 14.11.2016

 

Trampın “America First” ("Hər şeydən öncə Amerika") şüarını səsləndirmiş milyonlarla seçicisinin ağlına gəlir ki, bu şüarın ABŞ-da öz tarixi var?

1940-ci ildə kiçik ultrasağçı qrup məşhur  ABŞ-ın müharibədə iştirakına yol verməmək qəsdilə prezident Ruzveltə təzyiq göstərmək üçün "America First Committee" (“Hər şeydən öncə Amerika komitəsi") yaradıb. Onun ən məşhur təmsilçilərindən biri Hitlerə rəğbətini gizlətməyən aviator Çarlz Lindberq idi. 1943-cü ildə isə bu şüardan nasistlərə iltifatla yanaşan kiçik bir partiya istifadə edib. Onun “Hər şeydən əvvəl Amerika” iddiası təcridçi millətçilik xatirinə ölkənin Hitler əntəri ilə mübarizəyə girişməsinə pərdəli şəkildə imkan verməmək üsulu idi.

Xoşbəxtlikdən bu gün heç bir Hitlerlə mübarizə aparmaq lazım deyil. Lakin dünyada (həm öz xalqına, həm də qonşu ölkələrə münasibətdə) yırtıcılıq edən qanlı diktatorların sayı təəssürat yarada bilir. “Hər şeydən öncə Amerika” bunu bildirirmi ki, Tramp özünü qırağa çəkməyə hazırlaşır? Və ABŞ bütün dünyada insan haqları uğrunda mübarizədən imtina edəcək? O hələ Respublikaçılar partiyasından prezidentliyə namizəd kimi “Səddam Hüseyn və Qəddafi hakimiyyətdə qalsaydı, dünyadakı durum başqa cür olardı” deyirdisə, əndişə üçün tam əsasımız var ki, onun müdafiə etdiyi təcridçilik diktatorlara azdan-çoxdan sükutlu yardıma səbəb olacaq.

Yeri gəlmişkən, həm ifrat sağçılar, həm də sollardan suverenlik tərəfdarlarının və ən zərərli solçu hərəkatların  içində rast gəlmək mümkün olan bu cinayətkarların şərikləri məhz buna güvənirlər. Qeyri-yekcins “antiimperializm” onları beynəlxalq həmrəylikdən istifadə edən istənilən müdaxiləni xalqın sərvətinin qarət edilməsi məqsədilə sui-qəsd kimi mühakimə etməyə təhrik edir. Bu xalqların hər yeni günü onları məhv edən diktatorları – məsələn, Darfur və yaxud Burundidə – kiminsə dayandıracağı ümidiylə başladığı onlar üçün önəmli deyil. Trampın ifrat sağ və ifrat sollara söykənən millətçilik və təcridçiliyi beynəlxalq birliyə insanlığa qarşı cinayətləri və soyqırımını durdurmaq haqqı verən müdaxilə hüququnu dəfn edə bilərmi?

Avropadakı bütün ifrat sağlar üçün əsas sima olan Putin qələbədən həzz alır – Trampın ünvanına dəfələrlə dostcasına və ya hətta heyranlıqla verdiyi bəyanatları ilə. Qəddar adamlar ümumi dil tapırlar. Rusiya dövlətinin başçısı anlayır ki, (yumşaq şəkildə olsa da) Ukrayna və Suriyada onun imperialist manevrlərinə qarşı çıxış edən demokratlar administrasiyasından canını qurtarır. O, Trampı dinləyərək bu nəticəyə gəlib ki, daha BMT TŞ-da sistemli şəkildə qabağını aldığı Amerika qətnamələri ilə məşğul olmayacaq. Bundan savayı, Krıma müdaxilədən sonra tətbiq edilmiş sanksiyalarn götürüləcəyinə ümid edir. Qısası, o, güman edir ki, yaxın qonşuların sabitsizləşdirilməsi üzrə manevrlərdə Tramp onun əl-qolunu açacaq. ABŞ-ın yeni prezidenti Moskva təbliğatının fəal şəkildə yaydığı dünyaya konspiroloji baxışları bölüşürmü?

Trampın öz proqramını necə həyata keçirəcəyini heç kim bilmir. İstənilən halda, o Amerika elektoratının böyük hissəsində ən alçaq hissələri qəti şəkildə qızışdırıb: kədər və millətçilik, təkəbbür və irqçilik, ziyalıları rədd etmək və homofobiya. Avropadakı yeni mühafizəkarların liderləri də həmin kartlarla oynayırlar. Söhbət bankların və beynəlxalq maliyyəçilərin (hətta konspiroloji nəzəriyyə tərəfdarlarının gözlərinə hər yerdə görünən qara qüvvələrin) oğurladığı azadlığını qaytarmaq zəruri olan “xalq” naminə “kürəsəlləşmiş elita”nın tənqidindən gedir. Hamı bu mahnını artıq əzbər bilir. Amma o, kor hiddət qığılcımları saçmaqla hələ də oxunur. Əvvəllər yəhudilər sistemli şəkildə bunun qurbanı olublar. Bu gün isə birinci olaraq müsəlmanlar hesab ödəməli olacaqlar. Sonra isə qadınların və homoseksualların növbəsi çatacaq və onların onilliklər ərzində mübarizə ilə əldə etməyə nail olduqları hüquqlar sual altında qalacaq. Lakin hər halda yəhudilərin arxayınlaşmağı tezdir: Putinin bu qədər sevdiyi Stalinin dediyi kimi, bu “kosmopolitlər”i heç kim yaddan çıxartmayıb.

Frants Fanon qaradərili tələbələrə müraciət edən fəlsəfə müəlliminin sözlərini xatırlayır: “Yəhudilərin necə söyüldüyünü eşidərkən qulağıınızı şəkləyin: orada sizdən danışırlar”.

İndi bu sözləri sıradakı kimi işlətmək olar: “Latın amerikalıların necə söyüldüyünü eşidərkən qulaqlarınızı şəkləyin: orada yəhudilərdən  danışırlar”.

Ola bilsin, ABŞ-ın yeni prezidenti ancaq kəmsavaddır, lakin artıq (həm öz ölkəsində, həm də bizdə) elə qüvvələrə sərbəstlik verib ki, özlərini  elə-belə cilovlamağa imkan verməyəcəklər. Buna görə də onların Fransada hakimiyyətə gəlməsinə imkan verməməliyik.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə