XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2016 - 12:22

Amerikalı ekspertdən maraqlı açıqlama:“Tramp Obamanın başladığı təcridçilik siyasətini davam etdirmək istəyir” – Təhlil

th

Parisdə Trampa qarşı nümayiş

©RİA Novosti, İrina Kalaşnikova

 

Çarlz Krauthammer

The Washington Post (ABŞ), 03.12.2016

 

25 il qabaq – 1991-ci ilin dekabrında – kommunizm yoxa çıxdı, soyuq müharibə bitdi və Sovet İttifaqı dağıldı. Bu, çağdaş tarixdə ən böyük imperiyanın süqutu idi və bununla belə, bircə atəş də açılmadı. Bu, Bibliya miqyaslı, mənim nəslimin şahid olmağı güman etmədiyi hadisə oldu. (Fransa inqilabından danışarkən) Vordsvortun təsirli şəkildə yazdığı kimi, “Bu dan yerini görməyin özü artıq xoşbəxtlik idi. Lakin cavanlıqda görmək ən böyük fərəh idi”.

Dan yeri liberal-demokratik ideyanın qəti qələbəsini göstərdi. Bu dan yeri başqalarını geridə qoyan, dünyada qalmış fövqəldövlətlərdən sonuncusu  Amerikanın başçılığı ilə üstünlük epoxası vəd edirdi. Əvvəldən Şərqi Avropa ölkələri və keçmiş sovet müstəmləkələri hesabına demokratik ölkələr cəmiyyəti genişləndikcə, on il boyunca məhz belə də idi. ABŞ o qədər üstün mövqedə idi ki, 1999-cu il dekabrın 31-də dünyadakı ən qiymətli geostrateji obyektlərdən biri – Panama kanalı üzərində nəzarəti güzəştə gedərkən bunu hətta heç kim hiss etmədi.

Bu epoxa bitib. Avtoritar dövlətlər səhnəyə dönür və nüfuz toplayır, demokratiya müdafiə olunur, ABŞ öz mövqelərini əldən verir. Misal üçün uzağa getmək lazım deyil – Hələbə baxın. Tirana (onu isə qüvvə toplayan Rusiya, genişlənən İran və oyuncaq xeyli şiə silahlı birləşmələri müdafiə edir) Qərbin dəstəklədiyi müqavimət iflas həddindədir – müqavimət istənilən an boğula bilər. Rusiya bombardman edir, Amerika isə bəyanatlarla çıxış edir.

Liberal demokratiyanın coşqun və məstedici təntənəsinin yekunlaşdığını  heç nə bu cür rəmzləşdirmir. Qərb özünə qapanıb və başını qaldırmaqda olan dövlətlərin – Rusiya, Çin və İranın basqısı altında məğlubiyyətə uğrayıb öz qınına çəkilir. Fransada bu yaxınlarda mühafizəkar partiyanın prezidentliyə irəli sürülmüş namizədi populist baxışlar tərəfdarıdır və Vladimdir Putinə dözümlə yanaşır. Elə Şərqi Avropanın gənc demokratik ölkələrindən bəziləri də – Macarıstan, Bolqarıstan və hətta Polşa – avtoritar tendensiyalar sərgiləyir.

Və Avropanın Ukraynaya qarşı zorakılıq münasibəti üzündən Rusiyaya  qarşı tətbiq edilmiş sanksiyalardan yorulmağa başladığı bir vaxtda prezident Obamanın təşkil etdiyi, geniş reklam olunan Rusiyanın “təcrid”i biabırcasına heçə çıxır, çünki dövlət katibimiz itaətlə təkrar-təkrar Rusiyaya səfər edir – Suriyaya rəhm etmək haqda yalvarmaq üçün.

Dünyada ən böyük demokratiya klubu Avropa Birliyinin özü də tez bir zamanda dağıla bilər – çünki qitədə "Brexit" kimi hərəkatlar genişlənir. Eyni zamanda onun üzvləri nalayiq bir tələsgənliklə müstəbid və təcavüzkar İranla iqtisadi münasibətləri bərpa etməyə cumur.

Qaldı ki, daha bir böyük dövlət, soyuq müharibədən sonra biçimlənmiş dünya düzəninə etiraz edən Çinə, ABŞ-ın Asiyaya “dönüşü” tam iflasa uğrayıb. Filippin açıq şəkildə Çinin tərəfinə keçdi. Sonra Malayziya onun ardınca getdi. Və asiyalı qalan müttəfiqlərimiz geri çəkilmə yolları axtarmağa və sığortalanmağa başlayıb.

Çin prezidenti keçən ay Peruda Sakit okean ölkələrinin təmsilçilərinə müraciət edərkən bildirib ki, Pekin indi ABŞ-ın hər iki ən böyük partiyası liderlərinin artıq imtina etdiyi Transsakit okean əməkdaşlığından qalan hər şey haqda qayğını öz üzərinə götürməyə hazırdır.

Qərbin geri çəkilməsi 11 sentybar teraktından sonrakı (ehtimal olunan) izafi gərginliyə reaksiya verib İraqdan gedən, Rusiyaya barışıq (“yenidənyüklənmə”) təklif edən və İranla fikir ayrılıqlarını sahmana salmaq üçün ona doğru addım atan Obamanın fəaliyyətindən başlanıb. Obama 2009-cu ildə hətta ayətulla hökumətinə qarşı xalq üsyanına ritorik dəstəkdən də imtina edib.

Donald Tramp tamamilə başqa səbəblərdən olsa da, bu uzaqlaşmanı davam etdirmək istəyir. Obama geri çəkilməyi əmr etdi, çünki həmişə hiss edirdi ki, Amerika dünya ağalığı üçün yetərincə mükəmməl deyil, dünya hegemonu qismində çıxış etməkdə mənəvi hüquqa malik olmaqdan ötrü hədsiz dərəcədə əxlaqsızdır. Tramp isə müttəfiqlərə etinasızlıq hiss edərək və münaqişələrdən yayınaraq ondan örnək götürür, çünki dünya bizim üçün kifayət qədər yaxşı deyil – ona görə ki, bunlar layiqsiz, naşükür, öhdəmizdə olan, müdafiəmiz altında və ianələrimiz sayəsində sakitcə yaşayan xaricilərdir. Amerikanın öz maraqlarının qayğısına qalmağımızın vaxtı çatıb.

Tramp bu cür dəllilər gətirən ilk adam deyil. Tipik yeni mühafizəkar Cin Kirkpatrik 1990-cı ildə soyuq savaşın lap axırında iddia edib ki, “indi adi dövr yetişib və biz adi bir ölkə olmalıyıq”.

XX əsrin yükünü üzərimizdən atmağın, dünya düzənini saxlamaqla məşğul olmağı tərgitməyin və ümumi dəyərlər naminə fövqəlinsan səyləri həyata keçirməyin zamanıdır. Faşizm və kommunizmə qarşı 25 ildən çox sürən mübarizə tamamilə yetərlidir. Məgər işdən kənara çəkilib sakitcə dincəlməyə layiq deyilik?

O zaman iddia edirdim ki, biz buna həqiqətən layiqik, lakin amansız tarix bundan yararlanmağımıza imkan vermir. Sakitlik və istirahət hansısa bir uydurulmuş, sabitliyin ABŞ-sız, öz-özünə saxlandığı möcüzəli dünyanın varlığını nəzərdə tutur. Amma bu, belə deyil. Dinclik dövrü əldə etməzdik, hərc-mərclik yayardıq.

25 il keçdikdən sonra eyni, lakin bu dəfə daha mürəkkəb və təhlükəli şəraitdə tamah hiss edirik. Hələ bütün dünya üzrə yayılmış cihadçılıqla mübarizə aparmaq lazım gəlir və özümüzə istirahət vetrdiyimiz və tarixi hadisələrə qatılmadığımız 1990-cı illərdə ənənəvi düşmən üzərində hiss etdiyimiz üstünlüyə bənzər heç nə duymuruq.  

Biz sakit həyat seçə bilərik, lakin nəsibimiz olmayacaq.

 

Tərcümə Strateq.az-ındır.