XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2016 - 10:57

Suriya üzrə Rusiya-Türkiyə yol xəritəsi –Təhlil

3

İran, Rusiya və Türkiyə xarici işlər nazirləri

©RİA Novosti, İlya Pitalev

 

Murad Yetkin

Hürriyet (Türkiyə), 30.12.2016

 

Xarici işlər naziri Nmövlud Çavuşoğlu bildirib: “Bütün Suriyada barışığa çox yaxınıq”.

Bu bəyanat ümidlər doğurduğu kimi həm də bəzi suallar doğurub. Məsələn, Suriya vətəndaş müharibəsində rejimi və bir-biri ilə vuruşan antihökumət qüvvələri dəstəkləyən Rusiya və Türkiyənin sazişi hansı qüvvəyə malik olacaq?

Və yaxud əvvəlcə Rusiya prezidenti tərəfindən elan edilən, sonra isə prezident Rəcəb Ərdoğanın təsdiq etdiyi və prezident Nazarbayevin təşkilatçılığı ilə Qazaxıstandakı görüş bu barışıqla təxirə salınır?

Digər tərəfdən, Çavuşoğlu deyib ki, bu təmaslar ləğv edilmir və “Demokratik Birlik” partiyası Astana görüşlərinə qatılmayacaq. Onda Astanada nədən danışacaqlar?

Bu mənzərədə İranın yeri haradadır? Ya ABŞ, Səudiyyə Ərəbistanı, Böyük Britaniyanın?

Bəşər Əsəd rejimi bunu qəbul və icra edəcək?

Bu suallara cavab axtarışında görürük ki, qarşımızda sazişdən çox hansısa bir yol xəritəsi durur. O, üç mərhələdən ibarətdir və birinci mərhələ uğura çatmasa, onda digərlərinin həyata keçmə ehtimalı zəifləyir.

Budur, Türkiyə, Rusiya və İran arasında artıq bir aydan çox çəkən diplomatik səylər nəticəsində sıradakı yol xəritəsi meydana çıxır.

1. Atəşkəs. Türkiyə və Rusiya tərəf deyil, bu prosesin “zamini”dir. Rusiya rejim və rejim tərəfində vuruşan güclərə, Türkiyə isə rejimə qarşı çıxan qüvvələrə zamin durur, lakin bu saziş qalan bütün tərəflərin terrorçu təşkilat kimi qəbul etdiyi “ən-Nusra” və İŞİD-i əhatə etmir. Hələbdən təxliyənin gedişində təmini mümkün olan barışığı Suriyanın bütün ərazisinə yaymaq məqsədi güdülür. Bunu etmək mümkün olsa, tərəflər olduğu yerdə “donub qalacaq”, bir-birinə qarşı həmlə və artilleriya atəşini kəsəcək, lakin “ən-Nusra” və İŞİD-ə qarşı əməliyyat bu saziş çərçivəsindən kənarda olacaq (Məsələn, “Fərat qalxanı” əməliyyatı, Əl-Babın mühasirəsi davam edə bilər).

2. Danışıqlar. Barışığı təmin etmək mümkün olsa, tərəflər, yəni Dəməşq rejiminə loyal güclər və müxalifət Astanaya dəvət ediləcək. Rusiya, Türkiyə və İran da danışıqların tərəfi kimi deyil, zamin və tələb olunsa, vasitəçi kimi orada olacaq. (Məlum olduğu kimi, İranyönlü qruplar da Suriyada rejimin tərəfində vuruşur.) Türkiyə BMT-nin də Astana danışıqlarına müşahidəçi və gərəkərsə, vasitəçi qismində qatılması uğrunda çıxış edir.

3. Öhdəliklər. Astanadakı danışıqlarda tərəqqi əldə edilsə, onda nəticələr zərfi Suriya üzrə fevralda BMT-nin nəzarəti altında Cenevrədə davamı planlaşdırılan danışıqlarda “alternativlər” kimi deyil, “əlavə” kimi təqdim olunacaq. Rusiya, Türkiyə və İran bu sazişin praktikada tətbiqinə dəstək vəd edir. Bu qayda ilə Suriyada daimi barışıq və “keçid hökuməti” mərhələsinə keçidi təmin etmək ehtimal olunur.

Bu cür şərhdə hər şey göründüyü qədər də dolaşıq deyil, düzdürmü?

Lakin bu, o demək deyil ki, hər şey təsvir olunduğu qədər sadədir. Ciddi çətinliklər var. Məsələn, Çavuşoğlu dünən deyib ki, Ankarada Suriyanın yeni rejimində Əsədə yer olmadığı haqda tezisdən imtina etməyiblər.

Düzdür, "Reuters" agentliyi növbəti saatlarda Rusiya rəsmilərinə isnadən xəbər verib: üç ölkə buna meyllənir ki, növbəti seçkilərdə prezident postunda Əsədi “suriyalı ələvi” əvəz etsin.

Məlumdur ki, Ankara artıq çoxdan meyl göstərir ki, Suriyada keçid dövrü lap Əsədə loyal “Bəəs” partiyasından olsa da, müxalifətin də qəbul edə biləcəyi sünninin iştirakı ilə keçsin. Deməli, indi bu məsələ masa üzərindədir və yerindən tərpənib.

Cümhuriyyət Xalq Partiyası lideri Kamal Kılıcdaroğlu Ankarada jurnalistlərə deyib: “Onlar tezliklə Əsədlə əl tutacaqlar”. Əslində, bu, CXP liderinin lap əvvəldən dediyi sözlərdir.

Öz xalqını fəlakətə çəkmiş və bütün dünyanın rahatlığını əlindən almış İŞİD, “ən-Nuisra” kimi terrorçu təşkilatlar yetirmiş vətəndaş müharibəsinin fəaliyyətdəki önəmli siması Əsədi Suriya xalqının qalan hissəsi necə qəbul edəcək? Bu, ayrıca məsələdir. Lakin bütün bölgəni təhlükə altında qoymuş bu savaş mümkün qədər tez başa çatsa, hamıya xeyir edər.

Adını çəkməyimizi istəməyən yüksəkçinli məmur dünən bizimlə telefon söhbətində deyib: “Bu cür təşəbbüslər əvvəllər də olub. Əvvəlki cəhdlərin birində ABŞ və Rusiya heç kimə demədən öz aralarında razılaşıb bir səhər “hərbi toqquşmaların kəsilməsi”ni bildirəndə bizə heç nə deyilmədiyinə baxmayaraq, bu sazişi dəstəkləyən ilk ölkələrdən biri olduq. Çünki bu inciməyinə və arxa çevirməyə dəyməyən məsələlərdəndir. Ümid edirik ki, bu dəfə barışığı təmin etmək mümkün olacaq və biz dayanıqlı həll yolu üzrə hərəkət etməyi bacaracağıq”.

Qaynağımızın xəbər verdiyi kimi, Ərdoğanın Putin və Nazarbayevlə danışıqlarından savayı, Çavuşoğlunun Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, İran xarici işlər naziri Cavad Zərif və BMT-nin Suriya üzrə xüsusi elçisi Steffan de Mistura ilə təmasları olub. İnformasiya agentliklərinin lentində Lavrovun Kerri və de Mistura ilə daim təmasda olduğu haqda məlumatlar əks olunur.

Bundan başqa, Türkiyə XİN səfirliklər xəttiylə bu prosesdəki ABŞ, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Qətər və s. kimi nüfuzlu oyunçularla daim təmasdadır. Görünür, qarşıdakı bir neçə gün Suriyada barışığın yayılması və bunun dayanıqlı siyasi həllə gətirib-gətirməyəcəyi baxımından həlledici əhəmiyyət kəsb edəcək.

 

Tərcümə Strateq.az-ındır.