XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

09 Fevral 2017 - 16:46

Putinin “Batka”ya qarşı “hibrid müharibəsi” :Moskva ilə Minsk arasında münasibətlər niyə pozulub? - TƏHLİL

putin luka

Rusiya ilə Belarus arasında münasibətlər kritik həddə çatıb desək, yəqin ki, yanılmarıq. Dil, din, etnik birlikləri olan iki slavyan xalq arasındakı münasibətlər özünün gərgin dövrünü yaşayır.

Qərb və Rusiya nəşrlərinin ehtimallarına görə, Moskva ən yaxın qonşusu, bir ittifaqda olduğu Minskə qarşı "hibrid müharibə”nin sərt variantlarına hazırlaşır. Bu variantlar sırasında silahlı çevriliş, hətta qoşunların yeridilməsi göstərilir. Belarus strateji və xarici siyasi tədqiqat mərkəzlərinin ekspertlərinin gəldiyi qənaət budur.

Bildirilir ki, Belarusda dövlət çevrilişinə cəhd təşkil oluna və baş verən hadisələrdən istifadə etməklə respublikaya qoşun yeridilə bilər. Bu isə Belarusun suverenliyinə son qoyulması deməkdir. Belə olan halda, Belarus Rusiyanın hərbi-siyasi platsdarmına və müəyyən ölkələr -Ukrayna, Polşa, Litva və Latviya üçün "hibrid” təhlükəsinə çevrilə bilər.

Gərginlik Belarusun Rusiyanın ərzaqların təhlükəsizliyinə nəzarət idarəsi – "Rosselxoznadzor”un rəsmilərinə cinayət işi açması ilə daha da qızışıb. Belarusun Daxili İşlər Nazirliyinin fevralın 7-də yaydığı bəyanatda bu barədə prezident Aleksandr Lukaşenkodan tapşırıq gəldiyi, "Rosselxoznadzor”un rəhbəri, dövlətə zərər vurmaqda günahlandırılan Sergey Dankvertlə bağlı araşdırma aparıldığı deyilir. Rusiya Belarusdan gətirilən kənd təsərrüfatı məhsullarına bu yaxınlarda qadağa qoyub, Belarusun ölkəyə guya Qərbdən gələn məhsullar ixrac etdiyini bildirib.

"The Week” jurnalı Belarusun Rusiyayla hibrid müharibəyə hazırlaşdığını yazır. Müəllifin sözlərinə görə, indiyə kimi Rusiyanın ən yaxın müttəfiqlərindən olan Belarusun mövqeyini Krıma müdaxilə dəyişib. "Belarus özünü sığortalamaqdan ötrü indi Qərbə doğru, həm də yavaş-yavaş, ehtiyatla hərəkət etməkdədir” – deyə məqalədə vurğulanır.

 Qeyd edilib ki, bir neçə gün öncə – fevralın 3-də keçirdiyi mətbuat konfransında Belarus prezidenti özü də "Rusiya Belarusun ondan üz döndərəcəyindən, Lukaşenkonın Qərbə tərəf baxacağından narahatdır” – deyərək Rusiyanı sərt tənqid etmişdi. Bu günlərdə Belarus əcnəbilərə viza şərtlərini yumşaltmaqla Moskvanı narahat etdi. Buna cavab olaraq Rusiya Belarusla sərhədə nəzarəti bərpa etdi. Fevralın 5-də isə A.Lukaşenko "qardaş Ukrayna”nın öz müstəqilliyi uğrunda vuruşduğunu söylədi. Elə həmin günlərdə mətbuat Belarus ordusunun müharibəyə hazırlığı yoxlamaqdan ötrü təlimlər keçirdiyini yazıb.

Rusiyanın "TV Rain” ("Dojd”) telekanalı Belarusla münasibətlərdə yeni tarixin ən böhranlı dövrünün yaşandığını bildirib. "The Week” bu böhranın səbəblərinin mürəkkəb olduğunu yazıb: "Belarusun iqtisadiyyatı Rusiyadan çox asılıdır. Qərbin Rusiyaya sanksiyaları, digər tərəfdən Rusiyanın Belarusa satdığı enerjinin qiymətini qaldırması ölkənin iqtisadiyyatına ciddi ziyan vurub. Bu isə Belarusda stabilliyə təhlükə yaradıb”.

Jurnal prezident A.Lukaşenkonun eksperimentə başladığını vurğulayır: "Ölkə rəsmiləri indi Qərb diplomatlarıyla görüşlər keçirirlər. Rusiya mətbuatı da durumun yaxşı olmadığını, Qərbin yaranmış vəziyyətdən faydalanaraq Belarusda hakimiyyəti dəyişməyə, təxribatlara hazırlaşdığını yazır. Millətçilər hətta lazımdırsa, hərbi qüvvələri işə salaraq Belarusu Qərbdən qorumağı təklif edirlər.

Minskdəki Xarici Siyasət və Strateji Araşdırmalar Mərkəzinin direktoru Arseni Sivitski Rusiyanın Ukrayna kimi, Belarusa da müdaxilə edəcəyini gözləməsə də, bunun mümkün olduğunu deyir. A.Sivitski bu yöndə siyasət aparıldığını müşahidə etdiyini hələ keçən ilin sonunda yazırdı. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin hərbi yüklərin daşınmasıyla bağlı məlumat bazasında 2017-ci ildə Belarusa göndəriləcək vaqonların sayının 4 mindən çox olduğu göstərilib. A.Sivitskinin dediyinə görə, bu vaqonlar hansısa təlimlər üçün ola bilməz, bütöv bir ordunu təchiz etməyə qadirdir. O, Moskvanın bu cür rəqəmlərlə Minskə psixoloji təzyiq göstərməyə, onu öz yanında tutmağa çalışdığını da istisna etmir. Mətbuatla görüşündə A.Lukaşenko "müharibə olmayacaq. Heç kim bizim ölkəmizi işğal etməyəcək, bura kimsə ordu göndərməyəcək. Biz özümüzü, öz müstəqilliyimizi qoruyacağıq”, – demişdi. Amma "The Week” Rusiyayla Belarus arasında gərginliyin ara-sıra yaşandığını da qeyd edir və Belarusun, hər şeyə rəğmən, Qərbdən çox Rusiyaya yaxın olduğunu, ancaq A.Lukaşenkonun da tez qərar verən diktatorlardan olmadığını vurğulayır.

"Nezavisimaya qazeta” isə bu qənaətə gəlir ki, Moskva ilə Minsk arasında münasibətlər elə bir həddədir ki, onu artıq əvvəlki dövrə qaytarmaq qeyri-mümkündür. "Belarus prezidenti də hesab edir ki, Belarus məhsullarının Rusiya bazarlarına daxil olmasının qarşısını almaqla Moskva onlara yürütdükləri aktiv Qərb siyasətinə görə dərs vermək istəyir. O, hesab edir ki, Belarusdan Rusiyaya ixraca qoyulan məhdudiyyət bunun təsdiqidir. Minskdə səfərdə olan Rusiyanın Kostroma vilayətinin rəhbəri Sergey Sitnikovla görüşdə Lukaşenko açıq şəkildə Rusiyanın ali rəhbərliyini günahlandırıb. Biz məhv olmayacağıq. Dünya qloballaşır. Rusiya bazarını itirmək ağır olsa da, qərar bizi o qədər də çətin duruma salmayacaq”, – qəzet Belarus prezidentinin sözlərini sitat kimi göstərib. Rusiya tərəfi öz addımını Belarusun Ukrayna və Avropa istehsalı olan mal ətinin qaçaqmalçılığı ilə məşğul olması ilə əlaqələndirir. Müayinə zamanı bəlli olub ki, həmin ətlər Belarus tərəfində təkrar işarələnib. Maraqlıdır ki, Belarus tərəfi bunu təkzib də etmir və bildirir ki, hər hansı bir qanun pozuntusuna yol vermir. "Axı biz nə qanunsuz iş tuturuq? Heç bir. Malı alıb təkrar emaldan sonra məhsula çeviririk”, – deyə Belarus prezidenti bəyan edib.

A.Lukaşenko bundan əlavə, Rusiyanın himayəsində olan Avrasiya İqtisadi İttifaqını da kəskin tənqid edib, onu yerində addımlayan qurum adlandırıb: "Belə bir sual meydana çıxır – Biz niyə vahid iqtisadi məkan yaratmışıq?” O, əlavə edib ki, Vahid Gömrük İttifaqı Məcəlləsinə imza atmaq niyyətində deyillər: "Şərtlər bərabər deyil və bu səbəbdən biz artıq 15 mlrd. dollar itirmişik”. Belarus rəhbəri onu da deyib ki, Avrasiya İqtisadi İttifaqının Ali Şurasının fevralın 9-da Moskvada keçiriləcək iclasına qatılmayacaq. O bildirib ki, əgər Moskva müəyyən güzəştlərə getməsə, qurumun iclasında iştirak etməyəcək.

Belarus prezidentinin öz mövqeyində qəti olduğunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiq edib. O bildirib ki, tədbirdə Lukaşenkonun iştirakı ilə bağlı razılıq əldə olunmayıb. İki ölkə arasında neft-qaz mövzusunda da razılıq əldə olunmayıb. Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç bildirib ki, bu məsələdə hər hansı bir irəliləyiş yoxdur. "İstənilən halda, Minskin keçən il üçün ödəmələr etməsini gözləyirik”, – deyə baş nazirin müavini bildirib.

Minski özündən çıxaran Moskvanın Belarusa il ərzində ixrac etdiyi 24 mln. ton neftin həcmini mütəmadi olaraq azaltmasıdır. "Əvvəlcə il ərzində 24 milyon ton neft ixrac ediləcəyi barədə razılıq əldə olunmuşdu, bu rəqəmi sonra 18-ə saldılar. Ötən il 14, indi isə 12 milyon ton neftdən söhbət gedir”- deyə Belarus prezidenti vurğulayıb.

"KASPİ"