İnna Sidorkova
Gazeta.ru, 14.02.2017
Əfqanıstan hökuməti Qərb koalisiyasının dəstəyi ilə İŞİD-ə qarşı irimiqyaslı əməliyyata başlayıb. Cihadçılar əvvəllər əsasən şərqdə cəmləşirdisə, indi bütün ölkəyə yayılıblar. “Газетa.ru”nun həmsöhbətlərinin qeyd etdiyi kimi, onlar getdikcə Türkmənistan və Özbəkistanla sərhədə doğru hərəkətlənirlər. Bu haqda “Khaama Press” dövlət informasiya agentliyi məlumat verib. Məlumata görə, əməliyyat nə vaxtsa taliblərin, sonra isə Üsamə bin Laden başda olmaqla “Əl-Qaidə” liderlərinin gizləndiyi Tora-Bora mağaraları ilə məşhurlaşmış Nanйarhar əyalətinin Kot və Dih-Bala qəzalarında gedir.
NATO-nun qəti dəstəyi
Təhlükəsizlik xidmətlərinin hesabatına əsasən, Əfqanlıstan güc qurumları təkcə fevralın 11-də 33 İŞİD yaraqlısını məhv etməyə və daha 11-i əsir götürməyə nail olub. “Khaama Press” dəqiqləşdirir ki, yaraqlıların həm də silah, sursat və partladıcı maddələr saxlanan anbarları ələ keçirilib.
Əfqanıstanda durum son aylarda hiss olunası dərəcədə kəskinləşib. Ölkənin praktik olaraq bütün kənd rayonlarına nəzarət edən radikal “Taliban” hərəkatı iri şəhərlərə hücum başlayıb. Yerli KİV-lər iddia edir ki, Əfqanıstan ərazisində keçən illə müqayisədə İŞİD-in nüfuzu xeyli yüksəlib.
Çağdaş Əfqanıstanı Araşdırma Mərkəzinin eksperti Andrey Serenko danışır ki, hökumət ordusunun durumu hələ 2015-ci ildə amerikalılar ölkədə iştirakını azaldarkən güclü şəkildə ağırlaşmışdı. 2015-ci ilin yanvarından Əfqanıstanda NATO-nun yeni, “qeyri-hərbi” misssiyası – “Qəti dəstək” gerçəkləşdirilir. Alyansın Əfqanıstanla ikitərəfli sazişinə əsasən, ölkədə Əfqanıstanın güc strukturlarına təlim və konsultasiya öhdəliyi olan 12 minə yaxın hərbçi var. Bu missiya amerikalıların 2001-ci il 11 sentyabr teraktına cavab kimi başladığı və formal olaraq 2014-cü ildə başa çatmış “Sarsılmaz azadlıq” əməliyyatını rəsmən əvəz edib. Döyüş əməliyyatları faktiki davam edib, lakin indi aparıcı rolu əfqan hərbçilər tutub. Alyans qüvvələri yalnız havadan dəstək verir.
Serenkonun qeyd etdiyi kimi, bununla belə taliblər hələ ilyarım əvvəl bildiriblər ki, böyük şəhərləri özlərinə tabe etmək niyyətindədirlər, amma yaraqlılar bunları tam ələ keçirmək və saxlamağa nail olmayıblar.
Talibanın heroin büdcəsi
İndi Əfqanıstanda praktik olaraq elə bir rayon yoxdur ki, taliblər orada qətiyyən olmasınlar: şiə xəzərlərin sıx şəkildə yaşadığı bir neçə əyalət istisna olmaqla. “Taliban”n ən ciddi qüvvələri cənubdakı Gelmənd əyalətində Pakistanla sərhəddə toplaşıb. Onlar orada əyalət ərazisinin, təxminən, 40%-ə, yaxud 12 qəzadan 5-ə nəzarət edirlər. Hazırda orada fəal döyüşlər gedir.
Qonşu Uruzqan əyaləti Tarinkot şəhəri istisna olmaqla tamamilə yaraqlıların əlindədir. Uruzqanla həmsərhəd Qəndəhar əyalətində böyük narahatlıq var.
BMT məlumatına görə, təkcə 2015-ci ildə Əfqanıstanda 6,4 min ton narkotik istehsal olunub. Rəsmi hökmət iddia edir ki, bunun üçün xammalın 60%-i məhz Gelmənd və Qəndəharda hazırlanır. “Taliban”ın iqtisadiyyatı da tiryəkin satışı hesabına duruş gətirir.
“Taliban” Əfqanıstanda vətəndaş müharibəsinin qızğın çağında 1994-cü ildə yaranıb. Hərəkatın əsasını radikal islam vaizləri və 1980-ci illərdə sovet qoşunlarına müqavimətin birinci növbədə ölkənin cənubunda məskunlaşmış puştun veteranları olub. Taliblər NATO əməliyyatları başlanana qədər 1996-2001-ci illərdə ölkədə “Əfqanıstan İslam Əmirliyi” (ƏİƏ) elan edərək Əfqanıstanı idarə ediblər.
Taliblərin rejimi vətəndaş və şəxsi azadlıqların əsaslı şəkildə məhdudlaşdırılmasını nəzərdə tuturdu: televiziya, kino və musiqi qadağan olunur, qadınların hüquqları xeyli pozulur, ictimai edam praлtikadan keçirilirdi.
Buna baxmayaraq, ƏİƏ üç dövlət – Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Səudiyyə Ərəbistanı tərəfindən diplomatik səviyyədə tanınmışdı.
Taliblər Kabulda devrildikdən sonra dağlara çəkilib partizan müharibəsinə başlayıblar. Çoxları qonşu Pakistana keçib. "Taliban" hərəkatı 2003-cü ildə dirçəlib. Onlar artıq 2005-ci ildə Pakistanın şimali-qərbində öz dövlətlərini yenidən yaratmağa nail olublar. Taliban 2007-ci ildə Əfqanıstan ərazisinin bu və ya digər dərəcədə 54%-i “Taliban”ınkı kimi göstərilmişdi. BMT TŞ yalnız 2003-cü ildə “Taliban”ı terrorçu hərəkat kimi tanıyıb.
Cihad cavanların işidir
2014-cü ildə İraqda “Əl-Qaidə”dən müstəqil elan edilmiş İŞİD artıq 2015-ci ildə Əfqanıstanın şərqində dünənki taliblər arasında fəal şəkildə yayılmağa başlayıb. Söhbət İŞİD-in ehtilam olunan ərazisi Əfqanıstan, Pakistan və Mərkəzi Asiyanın bütün respublikalarını ehtiva edən əyalətindən gedir.
Qruplaşmanın qurucusu Pakistan “Taliban”ının nüfuzlu komandirlərindən biri Hafiz Səid Xan olub. Amerikalılar 2010-cu illərdə hərəkatın bir neçə liderini öldürdükdən dərhal sonra yaraqlılar arasında kadr mübahisələri başlanıb. Хan rəhbərliyə daxil idi və liderliyə iddia edirdi, lakin Pakistan “Taliban”ının digər üzvləri ona dəstək verməyib. Səhra komandiri bundan sonra 2015-ci ildə İŞİD-in populyarlıq toplamış komandiri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içib.
HHQ 2016-cı ildə Pentaqondakı qaynağa isnadən xəbər verib ki, Hafiz Səid Xan dron hücumu nəticəsində öldürülüb, lakin hərəkat qüvvə toplamağı davam etdirib. Hazırda “Vilayəti-Xorasan”ın 2 mindən 6 minədək döyüşçüsü var. Onun əsas sütunu keçmiş puştun taliblər, həmçinin MDB ölkələrindən əcnəbilərdir.
Cihadçıların yeni strukturunun dayaq nöqtəsi Kunar və Nanqarhar əyalətləri olub. Bu əyalətlər coğrafi yerləşmə üzündən də əlverişlidir. Vahan dəhlizi – Tacikistan, Çin və Pakistan arasındakı yüksək, sərt dağlıq ərazili dar zolaq yaxınlıqda yerləşir. Qiyamçılar hələ Kabuldakı sovetyönlü hökumətlə müharibə zamanı silah və könüllü dəstəyini buradan alıblar. Serenko qeyd edir ki, İŞİD-in iştahı son zamanlar artıb: cihadçılar ölkənin bütün ərazisinə “sürüşməyə” başlayıblar. İŞİD-lə “Taliban” arasında toqquşmalar çoxalıb. Tərəflər bir-birinə dəfələrlə cihad elan edib. Bu haqda son dəfə Gelmənd əyaləti polis idarəsinin başçısı Nəbi Can Mollaheylaya isnadən Paksitanın “Məşəl” radiosu yanvarın 11-də məlumat verib.
Serenko inad edir ki, yaraqlılar birinci növbədə xaş-xaş plantasiyasını öz aralarında bölməyə cəhd edirlər. Qruplaşmalar arasında ziddiyyət doğuran ikinci səbəb insan resursudur.
Ekspert deyir: “Əfqanıstan gənclər ölkəsidir; əhalinin 80%-i 30 yaşadək gənclərdir. Buna görə də təbliğat İŞİD üçün mühüm şeydir. Cihadçılar bu vasitə ilə gəncliyi özlərinə cəlb edirlər”.
İŞİD-dənsə hələlik taliblər daha böyük əraziyə nəzarət edirlər, lakin cihadçıların yeni nəslinin əsas vəzifəsi yerli cəmiyyətə maksimal dərəcədə daxil olmaq və nüfuzu möhkəmləndirməkdir.
Serenko qeyd edir: “Onlar lüzumsuz yerə taliblərlə münaqişəyə girmir, hətta ehtiyac olmasa, əfqan hərbçilərə də hücum etmirlər”.
Ekspert, həmçinin danışır ki, son zamanlar İŞİD-in məhz şimala – Türkmənistan və Özbəkistan sərhədlərinə doğru genişləndiyi qeydə alınıb.
Tərcümə: Strateq.az