Bakıda tarixi görüş baş tutub. Nəticələr müsbət olarsa, ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Bakı görüşü öz mahiyyətinə görə Reykyavik görüşünə bərabər olacaq. “Buzlar ölkəsi”nin paytaxtında keçirilən görüş Vaşinqtonla Moskva arasında buzları dağıtmışdı, “Odlar yurdu”nda keçirilən görüş isə Vaşinqtonla Moskva arasında soyuq münasibətləri ən azı isitmiş olacaq.
Danford-Gerasimov görüşü ABŞ-Rusiya münasibətlərinin yenidən qurulmasında ən azı tramplin rolunu oynayacaq. Bəs görüş üçün niyə məkan olaraq Azərbaycan paytaxtı seçilib? Bu tarixi görüşə Bakının ev sahibliyi etməsini bir neçə kontekstdən dəyərləndirmək lazımdır:
Bu dəyərləndirmələr ehtimallar üzərində qurulsa da, qlobal məkanda və regionda gedən proseslərin təhlilinə əsaslanır. İstənilən halda ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşünə məkan olaraq Bakının seçilməsində dəyişməyən, konkret obyektiv amil var. Bu amil, Azərbaycanın xarici siyasətdə yürütdüyü tarazlaşdırılmış siyasətdir. Nəzərə almaq lazımdır ki, rəsmi Bakının balanslaşdırılmış siyasəti dünyanın, eləcə də regionun təhlükəsizlik sisteminə ilk dəfə töhfə vermir. Təyyarə insidentindən sonra Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycanın (Qazaxıstanla birgə) oynadığı rol hər iki dövlətin rəhbərləri səviyyəsində etiraf olunub.
Bakı seçimi həm də hər iki supergücün Azərbaycan prezidentinə, onun yürütdüyü siyasətə münasibətinin nəticəsi sayılır. Tolerantlığı, multikulturalizmə ən yüksək səviyyədə dəyər verilməsini ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərinə çevirən prezident İlham Əliyev bununla beynəlxalq ictimaiyyətin etimadını qazanmış olub. Bu cür mühüm görüşlərin keçirilməsində ölkənin imici ilə yanaşı, ölkə rəhbərinin keyfiyyətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, bir çox münaqişələrin nizamlanmasında vasitəçilik rolunu məhz dövlət başçıları edirlər və münaqişə tərəfləri məhz etimad göstərdikləri, dəyər verdikləri rəhbərin vasitəçilik təklifinə müsbət cavab verirlər. Maraqları daban-dabana zidd olan iki gücün – ABŞ və Rusiyanın dialoq masası kimi Azərbaycanı seçməsində bu amil sözsüz ki mühüm rol oynayıb.
Digər tərəfdən generalların Bakı görüşü ölkənin xarici siyasət kursu ilə bağlı yanlış ictimai rəy formalaşdırmağa qüvvələrin əsas arqumentini darmadağın etmiş olur. ABŞ və Rusiyanın hərbi rəhbərliyinin ilk görüşünün Bakıda keçirilməsi onu göstərir ki, hər iki tərəf Azərbaycanın qarşı tərəfə münasibətini normal qəbul edir. Bu münasibətlər prezident İlham Əliyevin ölkənin xarici siyasətini çoxvektorlu formatda deyil, ikitərəfli qaydada qurmaq xəttinin bəhrəsi olaraq meydana çıxıb.
APA Analitik Mərkəzi